Hökumət “Allahın qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ - FOTOLAR

5-06-2017, 08:39           

Hindistan Ali məhkəməsi Tiruvanantapuram şəhərində yerləşən Padmanabxasvami məbədinin zirzəmisində saxlanılan böyük sərvətin taleyini həll etməyə çalışır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ən minimal hesablamalara görə, dəyəri 22 milyard dollar olan xəzinələrdən söhbət gedir.
Əsrlərlə yığılmış qızıl və qiymətli daşlara bir tərəfdən racların nəsilləri, digər tərəfdən isə dindar hindular və məbəd xadimlərinin həmkarlar ittifaqı iddia edir. Eyni zamanda, mübahisələrin miqyası daha da böyüyə bilər. Çünki, məbədin bütün anbarları hələ açılmayıb.

Xəzinənin müayinəsi üçün Hindistan Ali Məhkəməsi tərəfindən təyin edilmiş xüsusi komissiyanın üzvlərindən biri bildirib ki, indiki Kerala ştatının ərazisində yaradılan Travankor knyazlığı öz sərvətlərini əsrlərlə anbarda saxlayıb. Racların davamçılarının iştirakı ilə anbarlardan birini açıblar. Onlar knyaz ailəsinin saysız-hesabsız sərvətləri haqqında qədim əfsanələrin yalan olmadığından əmin olmaq istəyiblər.
Hazırda məbəd gecə-gündüz 200 polisin mühafizəsi altındadır. Məbədə bütün yaxınlaşanlar xarici müşahidə kameraları ilə qeydə alınır, girişdə metal axtaran çərçivələr qurulub, əsas mövqelərdə isə pulemyotçular yerləşdirilib.
ABŞ, Rusiya və Çinin ümumi hərbi büdcəsindən daha çox
Xüsusi komissiyanın üzvləri xəzinələrin tam siyahısını hesablayırlar. Ən cüzi hesablamalara görə, xəzinələrin dəyəri Xorvatiyanın büdcəsindən çoxdur. Söhbət ən azı 22 milyard dollardan gedir. Ən diqqətçəkən eksponatların arasında yüzlərlə brilliant və başqa qiymətli daşlarla örtülmüş qızıl taxt, 800 kiloqram sikkə, uzunluğu 5,5 metr olan qızıl zəncir və yarım tondan çox qızıl var.
Qalan anbarlar hələ açılmayıb. Xəzinələrin ümumi dəyəri trilyon dollar ola bilər. Bu ABŞ, Çin və Rusiyanın birlikdə götürülmüş hərbi büdcəsindən çoxdur.
Tarixə ekskursiya
Travankor knyazlığının əsası Hindistanın cənubunda 1729-cu ildə qoyulub, amma Padmanabxasvami məbədi çox qədimdir. Onun indiki binası XVI əsrdə tikilib. Qədim tamil mətnlərində onu "Qızıl məbədi" adlandırırdılar. Əfsanələrə görə, məbədin divarı təmiz qızıldan idi. İnsanlar yüzilliklərlə məbədə Vişna Allahı üçün hədiyyələr aparırdılar. Knyazlığın əsasının qoyulmasından sonra məbədə qiymətli əşyaların axını güclənib. Qorxmaz raclar qonşularının üzərində qələbələr qazanaraq onların xəzinələrini mənimsəyirdilər. Hətta holland Ost-Hind şirkətini məğlub etdilər. Dövlət çiçəklənir, ticarət möhkəmlənir, pul çay kimi axırdı.

Travankor Böyük Britaniya işğalında yerli knyazlıq oldu. Onun hökmdarları varlanmağa davam edərək çoxsaylı imtiyazlardan istifadə edirdilər. Məbədin xəzinələri isə təhlükəsiz idi.
1946-cı ildə britaniyalıların Hindistandan gedişindən sonra Travankor hökmdarları Hindistan və Pakistana qoşulmaqdan imtina edib keçmiş şöhrəti yada saldılar. “Travankor müstəqil dövlət olacaq”, - knyazlığın nümayəndəsi elan etdi. Lakin onu böyük zəhmətlə Hindistana qoşulmağa inandırmağı bacardılar. Amma əvəzində knyazın ailəsi Padmanabxasvami məbədinin mühafizəçisi titulu da daxil olmaqla, özünə çoxlu imtiyaz tələb etdi. Knyazın ailəsi bu imtiyazları aldı.
Anand Padmanabxanın müharibəsi
Hər şey 2007-ci ildə Anand Padmanabxan adlı hüquqşünasın Travankor raclarının başçısı 86 yaşlı Martxandu Varmanı məhkəməyə verməsi ilə dəyişdi. Hüquqşünas iddia etdi ki, o, məbədin mühafizəçisi rolunun öhdəsindən pis gəlir. Hüquqşünasın hesablamalarına görə, toplam olaraq məbəddə son onilliklər ərzində 15 milyon dollar dəyərində sərvət itib.
“Onlar hətta normal hesabı aparmırdılar”, - Anand Padmanabxan deyirdi.
Knyazlığın ailəsi isə iddia edirdi ki, xəzinələr heç vaxt açılmayıb. Amma araşdırmalar xəzinələrin ən azı yeddi dəfə açıldığını göstərirdi. Padmanabxan bildirirdi ki, məbədə yeni qəyyum tələb olunur.
Padmanabxanı məbəd xadimlərinin həmkarlar ittifaqı gözlənilmədən dəstəklədi. İttifaqın lideri bildirdi ki, son illər ərzində bir çox şey məbəddən yoxa çıxıb.
Hindistanın baş müfəttişi tərəfindən aparılan araşdırma Padmanabxan və həmkarlar ittifaqının üzvlərinin iddialarını təsdiq etdi. 1000 səhifəlik yekun sənəddə məbəddən itən qiymətli əşyaların adları sadalanırdı. Sənəddə deyilirdi ki, siyahı hələ natamamdır.
Keçmiş kralların nəsilləri

Araşdırma prosesi müddətində rac Martxanda Varma öldü, onun yerini bacısı oğlu - xırda sahibkar Mulam Tirunal Rama Varma tutdu. O, dayısı kimi bütün ittihamları qəti surətdə rədd edirdi. Keçmiş hökmdarların maraqlarını məhkəmədə peşəkar vəkillərin bütöv komandası müdafiə edirdi.
“Kral ailəsi məbədi və xəzinələri öz mülkiyyəti hesab edir. Amma 1972-ci ildə hökumət başqa hökmdarlar kimi onları da bütün imtiyazlar və gəlirlərdən məhrum edib. Şəxsi istisna yalnız müstəqilliyin əldə edilməsi zamanı hakimiyyətdə olan hökmdar üçün idi. Amma son əsl rac 1991-ci ildə ölüb. İndi mənim işim demək olar ki, başa çatıb. Xəzinələr uyğun şəkildə sayılıb və təsvir edilib. Bundan sonrakı məhkəmənin işidir”, - Anand Padmanabxan deyib.
Daha çox qızıl lazımdır
Bu döyüşün yanında gözəgörünmədən daha bir oyunçu yüksəlir: federal hokümət. Hindistan hər il zərgərlik sektorunun tələbatını təmin etmək üçün xeyli qızıla ehtiyac duyur. Hər il külli miqdarda pul xərclənərək minlərlə ton qızıl idxal edilir. Ölkənin Maliyyə Nazirliyinin məlumatlarına əsasən, hind məbədlərində üç min tondan çox qızıl saxlanılır. Müqayisə üçün deyək ki, Hindistanın qızıl ehtiyatı 550 ton təşkil edir.
Hindistanın Narendra Modi hökuməti qızılın iqtisadiyyata cəlb edilməsinə yönəlik xüsusi proqram hazırlayıb. Proqram zəmanətli faizlər altında məbədlərə xəzinələri banklara qoymağı təklif edir. Zərgərlərə isə qızılı əritmək və satmaq təklif olunur.
Proqram artıq bəzi təşkilatların kəskin narazılığına səbəb olub. Onların fikrincə, qızıl hökumətə deyil, allahlara aiddir. Təşkilatlar hökuməti dindarların gətirdiyi hədiyyələri almaq cəhdində ittiham edirlər.
Sonda qeyd edək ki, Padmanabxasvami ölkədə olan altı yüz min hindu məbədindən yalnız biridir.
Ömər Dağlı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.