Beynəlxalq Bank barədə iddialara aydınlıq gətirən - TƏHLİL

5-06-2017, 13:38           

Azərbaycan Beynəlxalq Bankının “müalicəsinin” ikinci mərhələsinə başlandığı barədə xəbər gündəmə bomba kimi düşdü. Bankın təxminən 10 milyard manatlıq “pis” aktivlərinin dövlət tərəfindən alınmasından sonra, 3,3 milyard dollarlıq xarici borcunun da dövlətə ötürülməsi Bank ətrafında geniş ictimai müzakirələrə səbəb oldu.

Beynəlxalq Bankın xarici borclarının Azərbaycan dövləti tərəfindən ödənilməsi müxtəlif səpkilərdə şərh edildi. Kimlərəsə görə, bu hadisə “misli görünməmiş maxinasiya”, kimlərəsə görə yanlış idarəetmənin nəticəsidir.

Tez-tez səsləndirilən fikirlərdən biri də budur ki, manatın iki dəfə devalvasiyasından sonra dollarda banklara borcu olan əhalinin artan kredit yükünü ödəməyə kömək etməyən dövlət, indi imkanlı şəxslərin mənimsədiyi pulları ödəməyi öhdəsinə götürür.

Düzdür, sadə şəkildə ifadə etsək, vaxtilə Beynəlxalq Bankı “yeyib-dağıdıblar”, üstəlik devalvasiyalar nəticəsində bankın rekord məbləğdə zərər açıqlayacağı gözlənilir. Mənimsənilmiş və batırılmış pulların dövlət tərəfindən ödənilməsi də yaxşı hal deyil. Lakin başqa qanuni yol da yoxdur. Xəstələnmiş Beynəlxalq Bankı qısa bir müddətdə “müalicə” etmək lazımdır. Beynəlxalq Bank Azərbaycanın ən böyük bankıdır. Bu bankın yıxılması maliyyə sistemimizdə “zəlzələ”yə səbəb ola bilər, bir-birinin ardınca şirkət iflasları yaşanar və s. Ötən il Azərbaycanda məlum kiçik bankların ləğv edilməsindən sonra, bir neçə sığorta şirkətinin fəaliyyətini dayandırması, bəzi şirkətlərin milyonlarla pulundan ümidsiz vəziyyətə düşmələri də göstərir ki, Beynəlxalq Bankın “ölməsi” ölkə iqtisadiyyatı üçün daha pis vəziyyət yarada bilər.

İndi günahkar axtarmağı təxirə salıb, maliyyə sisteminin başı üzərini almış “qara buludları” dağıtmaq vaxtıdır.

DÖVLƏT BEYNƏLXALQ BANKIN ARXASINDA DURMASAYDI, NƏLƏR BAŞ VERƏRDİ?

İndiyədək baş verənlərə göz yumsaq, Beynəlxalq Bankın xarici borclarının dövlətə ötürülməsi çıxış yolları içərisində ən düzgün olanıdır. Beynəlxalq Bankın xarici borcunun dövlətə ötürülməsi bir neçə istiqamətdə müsbət xarakterizə oluna bilər.

1.Xarici kredit təşkilatlarının, əmanətçilərin və bankda hesabı olan şirkətlərin narahatlığı azalır. Çünki dövlət Beynəlxalq Bankdan daha etibarlıdır. Əgər dövlət Beynəlxalq Banka kömək etməkdən imtina edərdisə, digər banklar və maliyyə təşkilatları da xəstəliyə yoluxar, milyardlarla manat “buxarlanar”, minlərlə insan işsiz qalar, Azərbaycanın kredit reytinqi daha da aşağı düşər, xarici investorlar Azərbaycandan uzaq durarlar və s. Qısaca olaraq qeyd edək ki, 2008-ci ilin sentyabr ayında ABŞ hökuməti “Lehman Brothers”i xilas etməkdən imtina etdiyi üçün Bank batmış və dünyada əsrdə bir dəfə rast gəlinən böyüklükdə böhran baş vermişdi.

2. Manatın məzənnəsi üçün potensial təzyiq aradan qalxır. Əgər dövlət xarici borcları üçün Beynəlxalq Banka manatla yardım edərsə, Bank xarici valyutada olan borcunu ödəmək üçün mütəmadi olaraq hərraclarda böyük məbləğdə Dollar almağa çalışacaq. Tələbin də təklifi üstələməsi manatın daha da ucuzlaşması ilə nəticələnə bilər.

3. Sağalan Beynəlxalq Bankın özəlləşdirmədən əvvəl dəyəri artacaq. “Pis” aktivlərin “Azərkredit”ə ötürülməsi və bankın borc bataqlığından çıxarılması, güclü müştəri bazası olan Beynəlxalq Bankın bazar dəyərini artıracaq.

BORCUN DÖVLƏTƏ ÖTÜRÜLMƏSİ DÜNYA TƏCRÜBƏSİNƏ UYĞUNDUR

Beynəlxalq Bankın təxminən 3,3 milyard dollar borcu dövlətə ötürüləcək. Bu borcun 1 milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun Beynəlxalq Banka yatırdığı depozitdir. Digər xarici kredit təşkilatlarına ödəniləcək məbləğ 2,3 milyard dollardır.

Dövlətin xəzinəsindən 2,3 milyard dolların Beynəlxalq Bankın əvəzinə xarici kreditorlara ödənilməsi dünya təcrübəsinə uyğundur. Bir neçə ölkənin təcrübəsini diqqətinizə çatdırırıq.

İspaniyada 90-cı illərin sonu və 2000-ci illərin əvvəlində əmlak qiymətləri aldadıcı bir şəkildə yüksəlmişdi. Bu mərhələdə verilən mənzil kreditləri, tələbin sürətlə azalması, qiymətlərin düşməsi və iqtisadi böhranın yayılmasından sonra banklara geri qayıtmadı. Bankların evləri geri alması da problemi həll etmədi. Əmlak böhranından ən çox əziyyət çəkən qurumlardan biri "Bankia" oldu. 2012-ci ildə İspaniyanın 4-cü böyük bankı “Bankia”, dövlətin təxminən 20 milyard avro maliyyə yardımı ilə xilas edildi. Dövlət, Bankın səhmlərinin 68%-ni aldı. İspaniya dövlətinin 20 milyard Avro verərək səhmlərini aldığı “Bankia”, 2014-cü ildən gəlirlərini artırmış və mənfəət əldə etməyə başlamışdır. Bankın səhmləri də bahalaşıb. Müsbət rəqəmlər, İspaniya hökumətinə əlində olan səhmləri satmaq və Bankı xilas etmək üçün ayırdığı pulu geri götürmək imkanı verir.

2014-cü ildə Portuqaliyanın ən böyük üçüncü bankı “Banco Espirito Santo” 3,6 milyard avro zərər açıqlamışdı. Bank borclarını və əmanətçilərin pullarını geri ödəmək qabiliyyətini itirmişdi. Həmin il Portuqaliya hökuməti Bankın restrukturizasiyası üçün 4.9 milyard avroluq plan hazırladı. “Banco Espirito Santo” "yaxşı bank” və "pis bank” olaraq iki banka bölündü. "Banco Espirito Santo"nun sağlam aktivləri, əmanətlər, hesablar və işçiləri "Nova Banco" adında yeni yaradılan banka köçürüldü. Beləliklə, küçələrdə nümayişlər keçirən əmanətçilərin və kreditorların təşvişinə son qoyuldu. “Pis Bank”ın isə dövlətin ayrdığı yardım ilə sağlamlaşdırılmasına başlandı.

İngiltərə hökuməti, 2008 böhranı zamanı iflasın astanasına gələn "Lloyds Bank"ın 40 faizini, "Royal Bank of Scotland (RBS)"ın isə 82%-ni 82 milyard avroya satın almışdı.

2008-ci ildə başlamış maliyyə böhranından sonra Avropa Birliyi ərazisində çoxlu sayda şirkət iflas etdi. Banklar iflas edən şirkətlərdən verdikləri kreditləri geri ala bilmədilər. Nəticədə banklarda problemli kreditlər kəskin artdı. Üstəlik, Avropadakı neqativ faizlər bankların gəlirlərinin azalması ilə nəticələndi, daha sərt tələblərin tətbiqinə başlandı və bir sıra banklar qanunu pozduğu üçün böyük məbləğlərdə cərimələndi. “Deustche Bank” (Almaniya), “Commerzbank” (Almaniya), UniCredit (İtaliya), “Credit Suisse” (İsveçrə), ING (Hollandiya), “Monte dei Paschi di Siena” (İtaliya) kimi nəhəng banklar çətin duruma düşdü. Bu bankların çoxu qənaət planları ilə vəziyyətlərini normallaşdırdılar. İtaliya bankları isə Avropanın yeni baş ağrısına çevrildi. İtaliyanın ən böyük üçüncü və dünyanın ən qocaman bankı olan "Banca Montaj dei Paschi" 2016-cı ilin sonunda “JP Morgan”, “Goldman Sachs” və “Deutsche Bank”ın daxil olduğu konsorsium və İtaliya hökumətinin 6,3 milyard avro sərmayə yardımı ilə iflasdan xilas edildi.

İrlandiya banklarının, "Celtic Tiger" "köpüyü" zamanı tikinti şirkətlərinə verdikləri kreditlərin böyük bir qismini geri ala bilməmələri, maliyyə sektorunda böyük çətinliklərə səbəb olmuşdu. İrlandiya, böhranı həll etmək üçün bankları milliləşdirdi. Plan çərçivəsində, İrlandiya "Milli Aktivləri İdarəetmə Qurumu" bankların kreditlərini qəbul etdi. 2010-cu ildə ölkənin iri bankları - “Allied Irish Banks”ın və “Anglo Irish Bank” daxil 5 bankın səhmlərinin böyük hissəsi dövlət tərəfindən alınaraq təxminən 90 milyard avroluq dəstək verilmişdir.

2013-cü ildə baş verən Krım hadisələrindən sonra pul vahidi qrivna dollar qarşısında dəyərdən düşməyə başladı və nəticədə Ukraynanın ən böyük bankı "PrivatBank" ifas etdi. 5,65 milyard dollar kapital kəsirini təmin edə bilməyən banka dövlət əl qoydu. Həmin vaxt Ukrayna Mərkəzi Bankı açıqlamasında, "PrivatBank”ın dövlətin mülkiyyətinə keçirmək, əmanətçilərin pulunu qorumağın və maliyyə sistemini xilas etməyin yeganə yoludur" – qeyd edilmişdi. “PrivatBank”n sağlamlaşdırıldıqdan sonra satılacağı bildirilmişdi.

Siyahını daha da uzatmaq olar. Bankların xilas edilməsi planlarına nəzər yetirdikdə məlum olur ki, əksər planlar dövlətin dəstəyi ilə reallaşdırılır. Çünki iri bankların iflası riski milli maliyyə sisteminin sabitliyini mühakimə edir və dövlət müdaxilə etməsə, yoluxucu bir böhrana çevrilə bilər.

BEYNƏLXALQ BANKIN NYU-YORK MƏHKƏMƏSİNƏ MÜRACİƏTİ

Maliyyə böhranı içində olan şirkətlər borclarını geri ödəməkdə vaxt istəmək üçün məhkəmələrə müraciət edirlər. Məhkəməyə bəzi məlumatları təqdim edən şirkət və ya bank pozulan maliyyə strukturunun yenidən düzəldilməsi üçün möhlət istəyir. Qısası, iflas təxirə salınır. Azərbaycan Beynəlxalq Bankı da Nyu-York məhkəməsinə müraciət edərək özünü sığortaladı. Əks halda, ödəmə vaxtı çatdıqda kreditorlar pulunu istəyəcək, Beynəlxalq Bank da borcunu qaytara bilmədiyindən kreditorlar tərəfindən məhkəmələr vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılacaqdı. Belə iddialar vəziyyəti daha da mürəkkəbləşdirə bilərdi.

BORCUN AZALDILMASI TƏLƏBİ ƏDALƏTLİDİR

Azərbaycan dövləti Beynəlxalq Bankın arxasında dayanaraq xarici alacaqlılara vəsaitləri geri qaytaracağını bildirir. İndi qalan məsələ, vəsaitlərin hansı zamanda və şərtlərlə geri qaytarılmasıdır. Mayın 23-də Londonda xarici kreditorlarla görüş keçirilib və plan təqdim edilib. Məlumata görə, Azərbaycan rəsmiləri kreditorlardan borcun 15-20% azaldılmasını istəyib. Bu tələb də ədalətlidir. Çünki, Beynəlxalq Bank, inkişaf etməkdə olan ölkənin bankı olduğundan xarici banklar ona krediti daha yüksək faizlə ayırmışdılar. İndiyədək xarici kreditorlar Beynəlxalq Bankın götürdüyü kreditlərə görə ödədiyi faizlərdən xeyli qazanıblar. Xarici maliyyə təşkilatları krediti ayıran zaman riskləri də özləri qiymətləndiriblər. İndi yaranmış vəziyyət ilə razılaşmalıdırlar və borcun azaldılmasını qəbul etməlidirlər. 2016-cı ilin əvvəlindən etibarən Avropa Birliyində qüvvəyə minmiş "Bankların xilas edilməsi" qaydaları, dövlət büdcəsinin vəsaitlərinin banklara köçürülməsindən və ya əvəzinə ödənilməsindən əvvəl, sözügedən bankların kreditorlarının borclarının bir hissəsindən imtina etməsini nəzərdə tutur. Qaydaların məqsədi, böyük maliyyə qurumlarının, əsasən vətəndaşların və şirkətlərin ödədiyi vergilər hesabına formalaşmış büdcə vəsaitlərilə deyil, kreditorların müəyyən miqdarda zərəri qəbul etməsi yolu ilə xilas edilməsidir. Azərbaycan hökumətinin də təklif etdiyi plan Avropanın qanunlarına uyğundur. Borcun azaldılması ilə, Azərbaycan vətəndaşlarının ödədiyi vergilərlə formalaşmış büdcədən daha az vəsait sərf olunacaqdır.

REYTİNQİN AZALDILMASI

Beynəlxalq Bankın sağlamlaşdırılmasının ikinci mərhələsinə başlandığı elan edildikdən sonra beynəlxalq kredit reytinqi agentlikləri Beynəlxalq Bankın reytinqlərini aşağı saldılar. Bu, beynəlxalq təcrübədə də belədir. Məsələn, 2012-ci ildə İspaniya bankları böhran içində olduğu zamanı beynəlxalq kredit reytinqi agentlikləri (Fitch Ratings, S&P, Moody’s) dövlətin əl qoyduğu "Bankia" daxil olmaqla, bir sıra bankının reytinqini "zibil" səviyyəsinə endirmişdi. İrlandiya, İngiltərə, İtaliya daxil digər qərb ölkələrində bank böhranları zamanı eyni şəkildə bankların reytinqləri aşağı salınmışdı.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədovun mətbuata verdiyi müsahibədə qeyd etdiyi kimi, adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur: “Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır. Restrukturizasiya prosesi başa çatdıqdan sonra Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yenidən yüksəldiyini görəcəyik. Reytinq agentlikləri özləri də hesabatlarında bunu qeyd ediblər”.

DÖVLƏTİN MALİYYƏ VƏZİYYƏTİNİN PİSLƏŞƏCƏYİ İDDİASI

Beynəlxalq kredit reytinqi agentliyi Moody’s hesab edir ki, Azərbaycan Beynəlxalq Bankının borcunun dövlətə ötürülməsi dövlətin maliyyə vəziyyətini pisləşdirə və Azərbaycanın iqtisadi inkişafının ləngiməsinə səbəb ola bilər. Əgər digər banklarda da vəziyyət çətinləşərsə maliyyə vəsaitinin çatışmaması səbəbindən onların xilası çətinləşəcəkdir. Bu proqnoz ilə razılaşmaq olmaz. Çünki, dövlətə ötürülən 2,3 milyard dollar borc, razılaşmadan asılı olaraq 7-15 ilə qaytarılacaq və hər il büdcəyə böyük yük düşməyəcək. Digər tərəfdən, Beynəlxalq Banközəlləşdiriləcək. Dövlət bankı satan zaman müəyyən gəlir əldə edəcək, ola bilsin ki satışdan əldə ediləcək gəlir borcun qaytarılmasına artıqlaması ilə çatacaq.

Sonda qeyd edək ki, “müalicədən” sonra Beynəlxalq Bankın güclənməsi, inkişafa, digər strateji məqsədlərə fokuslanması gözlənilir.

Müəllif: Seymur Yunusov
/marja.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.