Oliqarx bankirlər vətəndaşları ölümə sürükləyir

13-07-2015, 11:57           
Oliqarx bankirlər vətəndaşları ölümə sürükləyir
"Təəssüf ki, insanlar istehlak kreditini rifahını yaxşılaşdırmaq üçün deyil, hansısa problemi təcili həll etmək üçün götürürlər. Əksər hallarda həmin kredit ya müalicə, ya işə qəbul, ya da kimisə polisdən xilas etmək üçün alınır". Bu barədə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin əməkdaşı, iqtisadçı Samir Əliyev söyləyib.
İqtisadçı deyir ki, Bərdədə kredit borcuna görə intihar edən şəxs kimi əksər insanlar əlimyandıda götürülmüş kreditin nə faizinə, nə də şərtlərinə diqqət yetirmir. Hər iki məqam yalnız ödəniş zamanı yada düşür: "Bank sektoru hazırda insanların ən çox şikayət etdiyi sahəyə çevrilib. Banklar kredit şərtlərinin istədikləri kimi müəyyənləşdirirlər. Müqavilələrdə daha çox öz hüquqlarını qabardırlar. Müştərilərinsə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur. Bir tərəfdən də kollektorlar əhalinin baş ağrısına çevrilir. Elə bir ailə, elə bir şəxs yoxdur ki, maliyyə sektorunun xidmətlərinə müraciət etməsin. Kimisi gəlirinin bir hissəsini banklara əmanət edir, kimisi bankdan borc götürür, üçüncülər isə maşınını və evini sığortalayır".
Problemli borcların yığılması üzrə ixtisaslaşmış AZKOLL kollektor şirkəti isə Azərbaycanın problemli kreditlər xəritəsini hazırlayıb. Xəritədən göründüyü kimi ödənilməyən kreditlər daha çox rayonların payına düşür.
S. Əliyevin fikrincə, banklar əhalinin maliyyə savadsızlığından istifadə edərək onları aldadır: "Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurum tərəfindən qorunacağını bilmir. Düzdür Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılmağa başlayıb. Ancaq şikayətlərə araşdıran müstəqil qurumun olmasına ehtiyac var".
2015-ci ilin əvvəlindən bu yana ölkədə problemli kreditlərin həcmi artmaqdadır. İlin əvvəlindən bu yana ödənilməyən 1 milyard 313,2 milyon manat kredit var. Son 6 ayda əhali tərəfindən geri qaytarılmayan kreditlərin həcmi 282 milyon manat artıb.
İqtisadçı S.Əliyev problemdən çıxış yolu barədə təkliflər irəli sürür və hesab edir ki, hökumət bu barədə ciddi düşünməlidir. Mütəxəssis hesab edir ki, problemin kökündən həlli üçün ilk növbədə maliyyə ombudsmanı yaradılmalıdır: "Bu gün ölkədə maliyyə xidmətlərdən istifadə edən müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və müstəqil institut yoxdur. Belə halların qarşısının alınması üçün bir çox ölkədərdə olduğu kimi Azərbaycanda da maliyyə ombudsmanının (müvəkkilinin) yaradılmasına ehtiyac var. Ombudsman institutunun yaradılmasında məqsəd ortaya çıxmış problemləri məhkəmədənkənar həll etməkdir. Ən əsası bu institut müştərilərə pulsuz xidmət göstərir. Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir. Vətəndaşların maliyyə hüquqlarını müdafiə edən ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb. Hazırda bir çox ölkələrdə - Fransa, Böyük Britaniya, Danimarka, İsveç, İrlandiya, Pakistan, CAR və başqa ölkələrdə fəaliyyət göstərir. MDB ölkələrində bu institut geniş yayılmayıb. Belə institut Rusiya və Ermənistanda fəaliyyət göstərir. Ukraynada siyasi böhran nəticəsində hələki təşəbbüs səviyyəsində qalıb. Qazaxıstanda 2011-ci ildə bank ombudsmanı institutu yaradılıb. Gürcüstanda isə sığorta ombudsmanı institutu yaradılması planlaşdırılır".
Samir Əliyevin digər bir təklifinə görə, Azərbaycanda “İstehlak kreditləri haqqında” qanun qəbul edilməlidir. Azərbaycanda isə mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur: "Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. Bu hüquqları qoruyan yeganə hüquqi akt, yəni ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbləri bank müştərilərinə şamil edilmir. İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. ABŞ-da bu həm federal, həm də ştatlar səviyyəsində baş verir. Avropa Birliyinə üzv ölkələr üçün milli qanunvericilikdə və istehlak krediti sahəsində direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Rusiya, Ukrayna və Özbəkistanda istehlak kreditləri ayrıca qanunla tənzimlənir".
Onu da deyək ki, Azərbaycanda əksər banklar bəzi oliqarx-məmurların nəzarətindədir. Deməli, həmin bankların ağır şərtlərinin vətəndaşları çıxılmaz vəziyyətə salması və intihara sürükləməsi dolayısı ilə həmin oliqarxların da ayağına yazılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.