Bölgədə “nəzarətsiz atəşlər” təkrarlana bilər
Dünən, 09:48

Rusiya müdafiə naziri Andrey Belousov Cənubi Qafqazda region xarici ölkələrin fəallığının artdığını bildirib.
“Cənubi Qafqazda regiondankənar ölkələrin fəallığının artdığı müşahidə olunur. Bu fəaliyyətin məqsədi təhlükəsizliyi gücləndirmək deyil, burada öz təsir dairəsini genişləndirməkdir”, – Rusiya hərbi idarəsinin rəhbəri Bişkekdə keçirilən KTMT Müdafiə Nazirləri Şurasının iclasında bildirib.
O, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməməsindən narahatlığını da ifadə edib.
“Sünik vilayəti ətrafında gərginlik qalmaqdadır”, – Belousov iddia edib və Moskvanın Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasında maraqlı olduğunu qeyd edib.
“Bu məsələdə hər cür dəstək verməyə hazırıq”, – deyə o vurğulayıb.
Amma maraqlıdır: görəsən, Rusiya müdafiə naziri niyə “Sünik vilayəti ətrafında gərginlik qalmaqdadır” hesab edir ki? Bu qənaətə necə gəlib? Vəziyyəti az-çox izləyən istənilən oxucusu da bilir ki, bu bölgəyə yaxın ərazidə nəinki ciddi atışma, hətta nəzarətsiz atəşlə bağlı belə uzun müddətdir heç bir məlumat verilməyib. Belousovu bu barədə danışmağa vadar edən nə olub? Burada Moskvanın məqsədi nə ola bilər?
Pressklub.az-ın suallarını Azərbaycanın Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin keçmiş əməkdaşı, tanınmış hərbi ekspert Azad İsazadə cavablandırıb.
O, öncə qeyd edib ki, hazırkı Rusiya müdafiə naziri Belousov hər nə qədər yüksək vəzifə tutsa da, indiyə qədər siyasi şərhlər və ya siyasi mövzularda çıxışlarla diqqət mərkəzində olmayıb.
“Yəni Şoyqu müdafiə naziri olarkən müəyyən hərbi-siyasi məsələləri də həll edə bilirdisə, Belousov hazırda əsasən Müdafiə Nazirliyinin iqtisadi məsələlərini həll edən texniki nazir funksiyasını yerinə yetirir. Və buna görə də, onun belə fəallığı açıq şəkildə göstərir ki, bu, onun şəxsi fikri deyil, o, Kremlin narahatlığını dilə gətirir. Kremlin narahatlığı isə ondan ibarətdir ki, yavaş da olsa, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi irəliləyir. Məsələn, o, Ermənistan-Azərbaycan münasibətlərinin hələ də nizama salınmamasından narahat olduğunu bildirib. Halbuki indi biz məhz bu münasibətlərin tənzimlənməsi üçün tərəflərin səy göstərdiyi bir dövrü yaşayırıq. Və bu səylər, bir daha qeyd edirəm, yavaş-yavaş da olsa, davam edir.
Daha sonra o, Sünik vilayəti ətrafında gərginlikdən danışır. Baxmayaraq ki, hərbi baxımdan orada hazırda heç bir gərginlik yoxdur. Bəli, bəzən müəyyən çətinliklər olur. Amma Moskvanı narahat edən əsas məsələ ondan ibarətdir ki, Sünik bölgəsində vəziyyətə Ermənistan tərəfindən daha çox Avropa İttifaqının xüsusi missiyasına aid müşahidəçilər nəzarət edir. Açığını deyim ki, bu, bizə də xoş deyil. Amma fakt odur ki, bu zonaya nə Azərbaycan, nə də Ermənistan tərəfindən Moskva nəzarət edə bilmir. Buna görə də hazırda məhz bu zona onları ən çox narahat edir. Çünki biz Ermənistanla Sünik (Zəngəzur) üzərindən nəqliyyat əlaqəsi məsələsini həll etdiyimiz anda, Moskva bu bölgədə təsir rıçaqlarını itirəcək. Bu məsələ indi Ermənistan və Azərbaycan arasında açıq şəkildə işlənir, baxmayaraq ki, bu barədə ictimaiyyətə heç nə açıqlanmır. Yəni, Zəngəzur dəhlizi böyük ehtimalla açılacaq. Ola bilər ki, başqa bir ad altında – çünki ermənilər “dəhliz” sözünü bəyənmirlər, amma bu artıq sırf filoloji məsələdir. Hesab edirəm ki, əsas Azərbaycanla Naxçıvan arasında yolun açılmasına nail olacağıq. Bu mövzuda tərəflər razılığa gələcəklər. Və bu da, təbii ki, Moskvanın vəziyyətə təsir etmək üçün əlində qalan son arqumenti aradan qaldırır”, – ekspert hesab edir.
O davam edərək vurğulayır ki, burada məqsəd birdir. “Ermənistanla Azərbaycan arasında gərginlik davam etdikcə, Rusiya onlara təsir etmək və vasitəçilik təklif etmək imkanına sahib olur. Moskvanı ən çox narahat edən isə odur ki, biz artıq vasitəçilərsiz, sakit şəkildə razılaşa bilirik. Və bu səbəbdən, Rusiyanın tərəflərin razılığa gəlməsinə mane olmağa cəhd göstərməsindən ehtiyatlanmaq lazımdır. İstisna etmirəm ki, həmin zonada yenidən təxribatlar baş verə bilər, məşhur “nəzarətsiz atəşlər” deyilən hallar təkrarlana bilər.
Hazırda bu regiona məsul şəxs kimi Kiriyenko təyin olunduqdan sonra, Moskva yenidən Ermənistanda müxalifəti fəallaşdırmağa çalışır. Yenə Robert Koçaryana ümid bağlanılır, yeni aksiyalar, etirazlar və sair hazırlanır. Beləliklə, Belousovun bu açıqlaması tamamilə Moskvanın vəziyyətə dair baxışları çərçivəsinə uyğun gəlir – yəni Cənubi Qafqazda öz təsirini bərpa etmək üçün atılan addımlardan biridir”, – İsazadə yekunlaşdırıb.
Rauf Orucov