Bir zabitin xatirələri - Özünümüdafiə dəstələrini necə silahlandırırdıq XATİRƏ
6-09-2017, 11:16
Nümunə ola bilən yaxın tarix silsiləsindən.
Назим Байрам (Nazim Bayram)
Bu gün artıq, təəsüf ki, unudulub, ancaq o zamanı xatırlayan adamların bilir ki, 91-ci ilin sonlarında, 92-ci ilin ilk yarısında azərbaycan könüllü döyüşçülərinin üç nəfərindən yalnız birində silah var idi.
Təsəvvürünüzə gətirin ki, hətta dövlətin ilk yaratdığı Milli Ordumuzun 701-ci briqadasının döyüşçülərinin yarısı döyüşə silahsız girirdi. Yanındakı döyüş yoldaşı yaralansa, ya ölsə onun silahını götürüb, döyüşü davam etdirirdi. Bu bir tərəfdən silah-sursatın kəskin çatışmamazlığını göstərirdisə, o biri tərəfdən Azərbaycan gəncinin döyüş ruhunun yüksəkliyini göstərirdi.
Bu səbəbdən, biz o zamanlar Azərbaycan ərazisində yerləşən sovet-rus hərbi hissələrinə hərbi texnika, silah-sursat və hərbi ləvazimat əldə etmək məqsədilə basqınlar, Azərbaycandan çıxarılan silah-sursat karvanlarına hücumlar edirdik.
91-ci ilin sonlarından 92-ci ilin mayına qədər, yəni silah-sursat və hərbi texnika Azərbaycana Daşkənt müqaviləsi əsasında verilənə qədər, müxtəlif vətənpərvər dəstələr tərəfindən 20-yə qədər belə basqınlar və hücumlar keçirilmişdi.
Cəbhə xəttində olan qüvvələrimizi silah-sursat, hərbi texnika və ləvazimat təchizi ilə daima məşqul olan Nürəddin İsmayılovun Bozqurd dəstələri Qaraheybət, Badamdar, Biləcər, Bakıxanov, Piriküşkül qəsəbələrində və Qusar rayonunda, Bakının “Səlyan kazarmalarında” yerləşən sovet-rus hərbi hissələrinə və rusların Azərbaycandan çıxarmağa cəhd etdikləri hərbi karvanlara basqın və hücumlar həyata keçirirdilər. Belə hücumların birində, Piriküşküldə yerləşən QRU-nun xüsusi təyyinatlı hərbi hissəsinə basqın zamanı atışmada N. İsmaylov 12 güllə yarası almış və yalnız möcüzə və həkimlərimizin peşəkarlığı sayəsində sağ qalmışdı və əlil olmasına baxmayaraq Qarabağda gedən döyüşlərdə Bozqurd batalyonunun komandiri kimi iştirakını davam etdirmişdir.
OMON tərəfindən bu basqınları kəşviyyatçı Eldar Orucov öz dəstəsilə həyata keçirirdi və onlar da xeyli sayda silah-sursat, 2 PDM, 2 BTR əldə etməyə müvəffəq olmuşlar.
Mən üç belə basqın təşkil etmişdim və əldə etdiyimiz silah və texnika ilə döyüşürdük. 5 fevral 92-ci ildə Ağdamın Muradbeyli kəndində yerləşən istehkam hərbi hissəsinə, 14 mart 92-ci ildə Bakının Qobu qəsəbəsindəki silah-sursat bazasına və 1 may 92-ci ildə Bakının Səlyanski kazarma hərbi hissəsinə.
Ermənilərin Xocalıda 366-cı alayın zirehli texnikasından tam gücü ilə istifadə etməyə başlayanda qərara gəldim ki, nəyin bahasına olursa olsun, bizə tank əldə etmək lazımdır. O zaman mən OMONda xidmət edirdim.
92-ci il martın əvvəlindən məlumat toplamağa başladım. Sürücülük və başqa təlimlər, tankların hərbi hissələrdən tankodromlara və poliqonlara çıxışı, qaçırılmalarını istisna etmək üçün, Rusiya müdafiə nazirinin əmrilə qadağan edilmişdi. Tanklar hərbi hissələrdə, daimi dislokasiya yerlərindəki texniki parklarda qaçırılmaması üçün yararsız vəziyyətə gətirilmişdi, akkumlyatorları və hava balonları çıxarılmış, yanacağı boşaldılmışdı.
Bir müddət Azərbaycanda yerləşən bütün tank və tank bölmələri olan hərbi hissələrdəki vəziyyəti öyrəndikdən sonra hətta bir zaman düşündüm ki, bəlkə bu fikrimdən daşınmalı olacam.
Bu vaxt Qobu sakini, Aydın adlı cavan oğlandan mənə xəbər gəldi ki, Qobu kəndi yaxınlığında mərmi anbarının yanında tanklar var.
Mən dostum, daha çox Rıjıy Elçin adıyla tanınan, rəhmətlik Həbib Babayevlə təcili Qobuya getdik.
Kəndin yüksəkliyindən görünürdü ki, mərmi anbarının qaravul binasının həyətində üç tank-72B dayanıb. Tanklar döyüş növbətində anbarın qaravulunu gücləndirmək məqsədilə və döyüşə tam hazır vəziyyətdə dayanmışdırlar, bu isə o deməkdi ki, onlar yanacaqla dolu və sursatla təhçiz edilmiş vəziyyətdədirlər. Bu öz növbəsində bunları qaçırda bilsək, bizim üçün haradasa dayanıb, tankları yanacaqla doldurmağa ehtiyac olmayacağı demək idi.
Biz ərazini gecə- gündüz müşahidə nəzarətinə aldıq. Ərazini və tankları qoruyan qaravulun 5 yerdə postu var idi. Qaravul hərbi hissədən kənar səyyar qaravul idi və yemək hərbi hissədən özbək milliyətli aşbaz tərəfindən gətirilirdi. Aydın dedi ki, özbəklər ərzaq almaq üçün kəndə gəlir və o, aşbazlardan birini tanıyır. Aydın bizi aşbazla görüşdürdü. Görüş zamanı özbək bizə xəbər verdi ki, qaravulun şəxsi heyətindən başqa qaravul binasının içərisində komandirləri mayor olan hava- desant qoşunlarından bir bölük yerləşir. Mən bilirdim ki, son zamanlar Azərbaycanda rus hərbi hissələrinə hücumlar müntəzəm hal aldığından, Rusiyanın mudafiə nazirinin əmri ilə hərbi hissələrə və qaravullara mühafizəni möhkəmləndirmək üçün əlavə zabit-rəis komandanlığı altında Rusiyanın hava- desant qüvvələrindən döyüşçü dəstəsi ayrılırdı. Onlar binanı tərk etmir və aşbazın sözlərinə görə bronejileti əyinlərindən çıxarmırdılar. Binada qaravuldakılardan əlavə, qaravulun rəisi, gücləndirmə dəstəsı və zirehli gücləndirmə dəstəsınin rəisi- tank tağımının komandırı də var idi. Onun özü binada, ekipajlar isə daima döyüş yerlərində- tankın içindəidilər.
Bu məlumatların əsasında biz planın hazırlanmasına başladıq. Plan iki əsas hissədən ibarət idi. Planın ilk hissəsi- aşbazı öz tərəfimizə çəkmək, onu qaravulun yeməyinə güclü yuxuverici maddə tökməyə razı salmaq, sonra aşbazın açdığı qapıdan qaravul binasına daxil olaraq, orada olanları tərkisilah edərək, nəzarətə almaq və ekipajları tankları tərk etməyə məcbur etmək idi. İkinci hissə isə tankları artıq ələ keçirdikdən sonra Ələtə qədər yolun hər iki tərəfində yerləşən rus hərbi hissələri maneəsiz keçərək, Ağdama çatmaqdan ibarət idi.
Aşbazla söhbət etdik, iş bitdikdən sonra ona pul və təhlükəsiz evinə ötürülməsini söz verdik. O, dedi ki, razı olar, amma onların “millətbaşçısı” var və onunla danışıb, məsləhətləşməlidir. Səhərisi gün biz “millətbaşçısı” ilə də görüşdük və o, bizə dedi ki, tank sürücüləri də onun yerliləridir. Söz verdi ki, “onlarla da söhbət edə bilər ki, bir şey olarsa yerlərindən tərpənməsinlər. Amma hadisədən sonra hərbi hissədəki bütün özbəkləri incidəcəklər, buna səbəb də altısını da evlərinə göndərməmizi və bir milyon yarım rubl (15 min dollar) pul istədilər. Biz razılaşdıq və aşbazdan xahiş etdik ki, qaravulun rəisinə nəzarət etsin və görsün ki, onun telefondan başqa əlavə əlaqə vasitəsi varmı.
Mən pul üçün OMONun komandiri Rövşən Cavadova müraciət etdim və planımızı anlatdım. İlk kəs, bir ay öncə tank qaçırmaq istədiyimi Rövşən müəllimə deyəndə, o demişdi ki, «nazirə özün cavab verəcəksən». Mənim, Ağdamdakı hərbi hissəyə basqına görə, nazirdən artıq bir şiddətli töhmətim var idi.
İş orasında idi ki, hər basqından sonra Rusiya Azərbaycan rəhbərliyiə öz narazılığını bildirirdi, rəhbərlik isə bizə deyirdi ki, “ruslar özləri bizə hər şey verəcəklər, bu cür basqın və hücumlar isə münasibətləri gərginləşdirir. Gözləyin yaxınlarda verəcəklər.” Ancaq məsələlər uzanırdı.
Bu dəfə Rövşən Cavadov dedi ki, “sən dəli olmusan, bu ölümdür”, lakin pulu verdi.
Vəziyyətin gözlənilməz məcraya düşəcəyi hal üçün biz daha bir ehtiyyat planı hazırlanmışdıq. Əməliyyatın keçirilməsi üçün mən OMON yoldaşlarımdan könüllü dəstə seçdim. Bu Mehman Həsənov, Taleh Nəibov, Səxavət Hümbətov, Vadim Drobotov, İlqar Quliyev, Elman Həsənov və Rıjıy Elçin idi. Elçin OMON-dan deyildi.
Biz yuxugətirici məhlul əldə etdik, sınaqdan keçirdik və aşbaza verdik. Əməliyyatın keçirilməsini martın 13-dən 14-ə keçən gecəyə təyin etdim.
13 mart biz iki UAZ-la Qobuya gəldik. Müşahidə noqtəmizdən gördük ki, qaravul yuxuya verilməyib, onlar hərəkətdədirlər. Bu arzuolunmaz hal idi, lakin bizim belə hal üçün ehtiyyat planımız var idi. Düzdür hər kəs qəlbində ümid edirdi ki, aşbaz öz işini dürüst görəcək. Biz bir daha ehtiyyat planımızı və əməliyyatın bu vəziyyətdə bütün təhlükələrini göz önündən keçirdik. Qaravulun sayı gücləndirmə bolmələri ilə birlikdə 37 nəfər idi, biz isə 8 nəfər idik.
37 nəfər qaravulun 5 nəfəri postlarda xidmətdə, 8 nəfər isə tankların içində idilər. 5 qaravul əsgəri və 1 nəfər postları dəyişən serjantı biz gözləyib, postları dəyişmək üçün binadan qaravulun həyətinə çıxan zaman zərərləşdirib tərkisilah etməyi planlaşdırırdıq. Beləliklə, qaravul binasının daxilində 18 nəfər, onlardan 3-çü zabit, 10 nəfər hava- desant bölməsinin və 5 nəfər qaravulun dincəlməyə hazırlaşan növbənin əsgərləri qalırdı. Gözlənilməz həmlə uğurun yarısıdı.
Hər birimiz qəlbimizdə bilirdik ki, buradan sadəcə elə-belə dönüb, getməyəcəyik. Bu Xocalıdan sonra idi.
Qaravulun hərəkətini müşaidə edərək, qaravulun bir növbəsini də keçirdik və gələn növbədə hərəkətə keçməyə qərar verdik.
Elmanı snayper tüfəngi ilə yüksəklikdə saxladıq ki, əməliyyat pozulsa, bizə geri çəkildikdə atəş dəstəyi versin. Qalanlar tək- tək qaravulun binasına sağ tərəfdən enməyə başladıq. Orada qaranlıq küncdə gizləndik. Biz elə dayanmışdıq ki, qaravul növbəsi deyişmək üçün çıxarıldıqda arxaları bizə tərəf dayansmış olsunlar. Elə də oldu.
Serjant silahını işlək vəziyyətə salmaq üçün qaravul həyətindəki rəfin üstünə qoyduğu an, biz qaranlıqdan çıxıb, onlara silah diriyərək, cəld və səssiz tərkisilah etdik. Dərhal, tərkisilah etdiklərimizi binanın arxasına aparıb, burada beş nəfərimiz onların şinellərini və papaqlarını geyindik. İki nəfərimiz yerdə oturtduğumuz əsgərlərə nəzarət üçün, qaldı binanın arxasında, biz isə serjantı qabağımıza salıb, getdik postları „dəyişməyə“. Gecə vaxtı gözətçi vişkada dayanır. Adəti üzrə serjant gözətçini soy adıyla çağırır, o da, uzaqdan bizi tanımadan, dəmir pilləkənlərlə enib, bizim tərəfimizdən tərkisilah olunurdu və bizim tək sıraya qoşulub, növbəti vışakaya tərəf gedirdi. Beləliklə, gözətçiləri postlardan çıxarmaqla, daha 5 əsgəri tərkisilah edib, binanın arxasında yerdən oturtduq. Bir nəfərimiz bunların üstündə qaldı. Əlbəttə onların üzərinə silah tuşlanmışdı, lakin izahedici söhbət də apardıq ki, kimsəyə zərər vermək məqsədimiz yoxdur və onları öldürməyə gəlməmişik.
Bundan sonra serjantı özümüzlə götürərək, gəlib qaravul binasının qapısının sağında və solunda divara sıxlaşaraq, binadakılar üçün gözlənilmədən içəri daxil olmağa hazır dayandıq.
Serjant qapını döydü və gözlüyə baxdıqdan sonra içəridən qapını açdılar. Bu zaman Elçin irəlidə biz içəriyə soxulduq. Hər birimiz aşbazdan öyrəndiyimiz binanın iç quruluşuna uyğun, öncədən təyin olunmuş istiqamətdə hücum etdik. Darısqallıq idi. Elçin və Səxavət cəld sağ otağa girdi və “desantnikləri” üzüüstə yerə qoyaraq, tərpənməmək əmri verdilər. Onlar eləcə bronejiletdə oturaraq və yarıuzanıqlı vəziyyətdə yuxulamışdılar və çevik hərəkət edə bilmədilər. Mehman və Vadim isə oyaq növbənin otağına daxil olmuşdu. Bu növbə postlardan qayıdanları gözləyirdi ki, dincəlmə otağına keçsinlər. Onlarda üzü üstə yerə qoyuldular. Mehman və Vadim “piramidadakı” silahları cəld sıyırdılar. Taleh, İlqar və mən sol, şüşəli otağa girərək qaravul rəisinin oturduğu taburetkanı təpiklə vurub aşırdıq və o, hərbi hissəyə xəbər vermək üçün “həyacan” təbili düyməsini basa bilmədi.
Biz bir anda hamını nəzarətə alıb, sakitliyə nail olduq və mən onlara gəlişimizin məqsədini izah etdim, hər biri olduğu yerdə məni dinlədi.
Biz öncə əsgərləri dincəlmə otağında topladıq, binanın arxasındakıları da onların yanına saldıq. Üç zabiti isə orta otaqda saxladıq və mən onlara dedim ki, bu hadisə onların xidmət və karyeralarına ağır zərbə vuracağını bilirəm və bunun üçün onlardan üzr istəyirəm, lakin tanklar bizə Vətənimizi qorumaq üçün daha lazımlıdır və xahiş etdim ki, artıq hərəkətlər etməsinlər. Tankların komandiri Xaritonov kinayə ilə dedi ki, «siz onsuz da uzağa gedə bilməyəcəksiz». Mən Xaritonova dedim ki, ardımca gəlsin və ekipajla tankları tərk etməyi əmr etsin. O, cavab verdi ki, o, qaravulun gücləndirmə dəstəsinin rəisi- mayora tabedir. O zaman biz danışmadan mayoru yanımıza alıb apardıq ki, ekipajlara tankları tərk etməyə əmr etsin. Biz mayoru hər tankın qarşısına aparır və ekipajların gözü qarşısında silahı mayorun başına sıxırdıq. O, əvvəlcə istəmədən, bizim qətiyyətimizə əmin olduqdan sonra isə, ekipajlara tankları tərk etməyi ciddi şəkildə(«pod kozıryok») əmr etdi. Ekipajlar tankları tərk edəndən sonra, zabitləri və əsgərləri, özbəklərdən başqa, içəriyə aparıb və pəncərəsiz olan dincəlmə otağına saldıq. Səxavətlə Taleh dincəlmə otağının qapısı qarşısında atəşə açmağa hazır vəziyyətdə əyləşdilər.
Tankları işə salmağa başladıq, saat 1:40 idi. İkisini işə saldıq, ancaq biri işə düşmədi. Bu tankın mexanik- sürücüsü dedi ki, xarab olduğuna görə, bir ehtiyyat hissəsini dəyışdirməli idilər.
Plana görə, Taleh, Səxavət və İlqar qalmalı və saxlanılanları 2 saat qorumalı idilər. Bu vaxt ərzndə tanklar 35-40 кm/saat sürətlə 70-80 km gedərək, yol boyu rus hərbi hissələrin o zaman sıx yerləşən, Ələtə qədər olan məsafəni keçməli idi. Sonra onlar bir UAZ-da özbəkləri götürərək, Bakıya qayıdacaqdılar.
Tankların birini mən, o birisini isə Mehman sürürdü. Mənim tankımın NSBT- zenit pulemyotu arxasında Drobotov, Mehmanın tankında isə Elman dayanmışdır.
Gecə saat 2-də tanklarla, bir başa təpələrin üstüylə biz trasa tərəf yönləndik. Trasda Elçin ikinci UAZ-la bizi müşaət edirdi, qabağa geçib və ya geri qalaraq qarşımızda və arxamızdakı yoldakı vəziyyəti araşdırıb, bizimlə bərabərləşib işarələrlə bildirirdi.
Biz dayanmadan sürətlə hərəkət edirdik. Hacıqabulu keçdikdə Elçin xəbər verdi ki, ardımızca rusların 2 əsgər dolu URALı və UAZ gəlir. Lakin təgibçilərimiz Hacıqabula çatandan sonra geri qayıtlar. Bu zaman biz artıq Kürdəmirə çatırdıq.
Kürdəmirə girişdə bizi izdiham gözləyirdi. Biz dayandıq, kürdəmirlilər bizə isti çay, pendir çorək və soyutma toyuq verdilər. Baxamayaraq ki, bazar günü idi, artıq AzTV səhər saat 7-də tankların naməlum şəxslər tərəfindən qaçırılması və Ağdama aparılması haqqında məlumat veribmiş. Bu məlumat həm də gün ərzində «Vesti» və başqa mərkəzi telekanallarda verilirdi.
Bizə Kürdəmirin milis rəisi Elxan İlyasov və Kürdəmir Xalq Cəbhəsinin sədri Telman bəy (təəssüf ki, soy adını xatırlamıram) yaxınlaşdılar və hər hansı bir yardıma ehtiyacımız olduğuyla maraqlandılar. Mən dedim ki, biizim ardımızca gələnlər geri döndülər, lakin artıq hava işıqlıdır və onlar vertolyotları qaldıra bilərlər, tankları axşama qədər bataqlıq, qamışlı yerdə gizlədərək, üstünü örtmək lazım olacaq. Telman bəy dedi ki, qəbirstanlığın yanında belə bir yer var. O, toplaşmış adamlara səslənərək dedi ki, kimin maşını varsa, hamı qəbirstanlıq tərəfə gəlsin. Biz şəhəri keçdik, sağa döndük, qəbirstanlığı keçərək, bataqlığa tərəf çox getmədən dayandıq. Adamlar yığışıb el birliyilə qamışlarla tankların üzərini örtməyə başladı və az sonra tanklar görünmürdü. Vertolyotları birazdan qaldırdılar, lakin onlar bataqlığa tərəf çatmadan geri döndülər. Mənim xahişimlə, Elxan İlyasov göstəriş verdi ki, tankları aparmaq üçün bizə iki K-700 qoşquları ilə ayirilsın.
Elxan müəllimin iş otağından mən Rövşən Cavadovla əlaqə saxladım. O, bizi təbrik etdi. Şəhərə qayıdan uşaqlarımız səhər sübhdən Qobudan bir başa komandirin evinə gedib, sevinclə vəziyyəti məruzə etmişdilər. Maşında əyləşən özbəklər və onların sözlərinə əməl etməmələri haqqında da danışmışdılar. Mən pulu onlara vermişdim ki, sözlərini tutmadıqları üçün özbəklərə pulun yarısını verib, qalanını komandirə qaytarsınlar. Yol xərci kimi isə pulun üstündən 200 min rubl götürmüşdüm. Amma Rövşən Cavadov bütün qalan pulu onlara verməyi və vətənlərinə yola salmağı göstəriş vermişdi.
Bazar günü olduğuna görə rayonda yalnız bir qoşqu tapıldı. Tankın birini daymanla gecə Ağdama gətirməyi Mehmanla Elmana tapşıraraq, özüm Vadimlə və Elçinin UAZ-da müşaəti ilə ikinci tankla yola düşdüm. Ağdamda bizi OMONun 1-ci bölüyün döyüşçüləri və komandiri Tahir Quliyev qarşıladı. 360 km tankı sürəndən sonra artıq güOnlar məni tankın içindən çıxartdılar.
Gecə Kürdəmirdən Ağdama K-700-lə ikinci tank da yollandı.
Biz xoşbəxt idik.
Sonralar eşitdim ki, baş leytenant Xaritonov Qazaxda bizim tərəfimizdə vuruşaraq 92-ci ilin ortalarında həlak olub.