“Quran”da Azərbaycan haqqında: Araz çayı, Xınalıq kəndi…
6-09-2017, 20:11
Müqəddəs “Quran”da Azərbaycan haqqında nə deyilir? Bu suala cavab tapmaq üçün bir qədər geniş elmi-dini tədqiqata lüzum vardır. Bu yöndən yola çıxaraq bir neçə faktı nəzərinizə çatdırmaq istərdik. “Kəhf” və “Qaf” surələrində bu barədə deyilir. “Ğaşiyə” surəsində ki "zərabi" kəliməsinin isə qətiyyən Azərbaycana dəxli yoxdur və bu çox primitiv əsaslandırmadır.
Əvvəla qeyd edim ki, “Quran”da “Kəhf”, yəni “Mağara” surəsində İsgəndərdən bəhs olunur. Bu şəxs Zülqərneyn adlanır, yəni iki qütbün sahibi, fatehi. Bəzi alimlər bu şəxsin Makedoniyalı İsgəndər olmasını inkar etməyə cəhd edirlər. Bu qərəzlidir, həmin Zülqərneyn sırf Makedoniyalı İsgəndərdir. İran tarixçiləri İsgəndərin hücum edərək İranı viran edib Daranı öldürməsini, “Avesta”nı yandırmasını, ikitanrılığa qarşı çıxmasını həzm edə bilməyiblər, nəinki hələ onun adının Quranda çəkilməsini qəbul etsinlər. Ona görə də tarixdə hələ bircə səhifədə belə məlum olmayıb, haqqında danışılmayan ikinci bir naməlum Zülqərneyn uydurublar ki, guya Quranda danışılan Zülqərneyn İsgəndər yox, məhz həmin şəxsdir. Halbuki elm əhlinə məlumdur ki, bu absurd bir iddiadır. İsgəndərin Azərbaycanda olması mümkündür və İranla Azərbaycanın arası çox da uzaq deyil. İsgəndərin fəth etdiyi ölkənin yan-yörəsinə nəzər salmaması da absurddur. Nizami Gəncəvi şairliklə yanaşı böyük alimdir. Məhz o da “İsgəndərnamə”sində İsgəndərin Azərbaycanda olmasını, Bərdə şəhərində Nüşabə ilə qarşılaşmasını qeyd edir. Fars tarixçiləri fikri yayındırmaq və İsgəndərin Qurandakı Zülqərneyn olmasını danmaq cəhdləri əbəsdir, çünki tarixi faktlar və ikinci İsgəndərin yoxluğu ən azı ilikin mərhələdə buna dəlildir. İslam tarixçisi Seyyid bin Tavus Aristotel və Platonun peyğəmbər olduğunu yazır. Belə idealist filosofların təsiri altında olan təkallahlı bir fatehin haqqında Quranda danışılması labüddür.
İsgəndərin Azərbaycanda olmasını təsdiq edən amillərdən bir də, onunla bağlı bu sikkələrin (qızıl) tapılmasıdır. (Qəbələdə). Təbii ki, ilkin baxışda bu sikkələr ticarətlə əlaqələnəcək və bu ideya önə çəkiləcək. Saymaq olar ki, o dövrün natural təsərrüfatla bağlılığı, ticarət əlaqələrinin geniş olmaması, yeddi dövlətin və yetmiş iki xalqın olması heç də bu fikrə dərin rəvac vermir. Belə olan halda 2-ci məsələ ortaya çıxır ki, bu sikkələr onların buraya ziyarətə gəlməsi ilə bağlı ola bilər. Bu sikkələrin Şirvanda tapılması da bunlara sanki təsdiq gətirir. Qəbələdə bazar düzü, lahıc toponimin mahiyyəti, orada ilkin (dünyada) kanalizasiyanın yapılması dediklərimizə təsdiqedici təkan verir. İsgəndər haqqında çoxlu rəvayətlər də bunlara təsdiq gətirir. Olmayan bir şey zamanında xalqın yaddaşına hakim kəsilə bilməz. Mərəzədə Çalav kəndində Yuli Sezarın pulunun tapılması (qədim kərvansarada) da, xüsusən, Gərdman (Girdman) dövlətinə, Baba dağına gedən yolda olması da, təsdiqedici amil kimi ortaya çıxır. Bəli, onlar, Qobustan qayalarına, üç odu (od məkanı)ziyarət etdikdən sonra İbrahim xanəgahları boyunca hərəkət etmişlər. Hacıqabuldan, Mərəzə Qobustan yolu ilə Qəbələyə doğru hərəkət etmiş, nəhayət son qərargah Nuha (Şəki) olmuşdur ki, Şəkidə də Yunan yazısı olan daş vardır. Bütün bunlar uydurma deyil, real həqiqətlərdir. İsgəndər Nizami Gəncəviyə görə, İbrahim dininə görə Kəyana hücum edibsə, onun ilkin məkanı Gərdmana (Alban dövlətinə) gəlməyə bilməzdi. Bundan əlavə Şirvanda və başqa bölgələrdə onun xəzinəsinin qalması ideyası da, heç də təsadüfi xarakter daşımır. Onun və qoşununun getdiyi yollarda XII legionun və yunanların nişanlıları, burada olmasını təsdiq edən maddi sübutlar (qəbirlər) vardır, əlbəttə, onlara məxsus işarələrlə vəhdətdə.
Quranda isə bu haqda nə deyilir? Keçək ikinci mərhələyə.
Quranda əslində Azərbaycan haqda kifayət qədər məlumat vardır. Qubadakı Xınalıq kəndi və əhalisi haqda, onların əziyyət çəkdiyi yəcuc və məcuc tayfaları haqda, İsgəndərin də bu cin tayfasının onlara əziyyət verməməsi üçün aralarına mis-dəmir qarışığlı bir sədd çəkməsindən geniş bəhs edilir.
Quranda Kəhf surəsində İsgəndərin səfərlərindən bəhs edilərkən belə deyilir: (tərcümə Z.Bünyadov və V.Məmmədəliyevə məxsusdur)
92. Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan şimala) üz tutub getdi.
93. Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda yəcud-məcüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.
94. Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yəcuc-məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək, olarmı?"
95. O (Zülqərneyn) dedi: "Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin, öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!
96. Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: "Mənə ərimiş mis gətirin, onun üstünə tökün!" dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi).
97. (Yəcuc-məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.
98. O (Zülqərneyn) dedi: "Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin tə’yin etdiyi vaxt (qiyamətə yaxın yəcuc-məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin və’di haqdır!" (Allahın buyurduğu hər bir şey, o cümlədən, İsgəndərin səddinin dağılması, yəcuc-məcuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət, bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir).
92-ci ayədə "Cənubdan Şimala" deyərkən, İran istiqamətindən Naxçıvan-Dərələyəz-Bərdə marşrutu ilə Quba-Dərbənd nahiyəsi nəzərdə tutulur.
93-cü ayədə deyilən "iki dağ arasında, ön tərəfdə" çətin dildə fərqli danışan bir tayfa Baba dağı yaxınlığında mövcud olan Xınalıq kəndidir. Bu əhalinin dili faktiki heç bir dil qrupuna aid deyildir. Sovet vaxtı ləzgi və ya fars dilləri qrupuna aid etmək cəhdləri edilib. Hazırda da tat-fars dillərinə aid etmək cəhdləri vardır, lakin bu dil nadir dünya dilidir və o heç bir dil qrupuna aid deyil. Özü ayrıca bir dildir.
Digər ayələrdə deyilən yəcuc - məcuc məsələsi isə həmin yerlərdə ağsaqqalların nəqlinə əsasən mövcud olub tarixən. Uzun boylu, əcaib görünüşlü simaların qədimdə bu xalqa əziyyət verməsi və o səbəbdən də yüksəklikdə, çətin şəraiti olan dağ başında köçüb yaşamaları haqda məlumatlar vardır.
Sözü gedən mis və dəmir səddin qalıqları Babadağ ərazisində mövcuddur. Hələ təxminən 10 il əvvəl Universitetdə müəllim işləyərkən bir tələbəm tərəfindən həmin Səddin qırıntılarından bir hissə mənə təqdim edilmişdi. Həqiqətən də mis və dəmirin natamam ərimiş, bir-birinə sarılmış, lakin qatışmamış hissələri mövcud idi. Həmin şəxs əslən xınalıqlı idi və bu hissələrin həmin dağlar ərazısındə mövcud olduğunu bildirirdi...
Məhz “Quran”da deyilən həmin sədd heç də daş-divar olmayıbdır. Yəcuc-məcuc insan tayfası deyildi ki, onlara Çin səddi çəkiləydi. Cinlərin bir növü olan bu varlıqların zərər verməməsi üçün ancaq metal hissələr olmalıdır. Necə ki, rəvayətlərdə cinləri dəmir sancaqla ram etməkdən bəhs olunur. Bir çox ekstrasens və cindarlar cinlərin insan bədəninə daxil olmaması üçün mis lövhələrə dua və iksir yazaraq onları dəf edirlər... Yəni, misin, dəmirin, metalın mənəvi varlıqların həyatında xüsusi rolu vardır.
Bu baxımdan İsgəndər Xınalıq camaatını yəcuc-məcuc tayfasından mis-dəmir vasitəsi ilə sədd çəkərək qorudu. Ayələrdə hətta onların İsgəndərə bu işin qarşılığında məbləğ də vermək istəmələri vardır. Tarixi məlumatlara görə, Xınalıq əhalisi qoyunçuluqla məşğul olmuş və zəngin yaşamışlar.
“Kəhf” surəsinin 98-ci ayəsində bu səddin Qiyamət gününə yaxın gəlinəcəyindən bəhs edilir. Həmin səddin artıq bölünmüş hissələri mövcuddur. Bu sədd həmin tayfaları öz reaktiv və ya xüsusi elektromaqnit şüaları ilə həmin ərazidən uzaqlaşdırmaq üçün idi. Yoxsa daş sədd olsa idi, üstdən aşardılar. Bu gün bu səddin daş divar halında axtarılması ağılsızlıqdır. Necə ki, bəziləri guya bu səddin Çin səddi və ya Dərbənd səddi olması haqda müddəalar irəli sürürlər. Bu doğru deyil. Çünki həmin sədlərdə mis və dəmir işlənməyib. Ancaq Xınalıq səddində mis və dəmir ərintisindən söhbət gedir. Körükdən söhbət gedir. Deyir, İsgəndər dedi ki, körükləri üfürün. Məhz Xınalıq əhalisinin dəmirçiliklə məşğul olması da burada fakt rolunu oynayır. Həmin yerlərdə misin və dəmirin mövcud olması və sair faktlar İsgəndərin buradan keçməsi zamanı səddin gərəkliyini reallaşdırmışdır.
Keçək dəlillərə: Bu haqda demək olar ki, bütün “Quran” təfsirçiləri, şərhçiləri, tərcüməçiləri həmin iki dağ arası, şimal dedikdə, Azərbaycanın və ya Türküstanın olduğunu yazırlar.
Bu barədə daha geniş məlumatı Mövlanə Məhəmməd Əli öz təfsirində vermişdir. Bu təfsirçi "iki dağ" ın Azərbaycan və indiki Ermənistan ərazisindəki tarixi Azərbaycan ərazisində olduğunu, həmin tayfanın da nəinki fars dillər qrupuna aid olmadıqlarını, hətta İsgəndərin fars tərcüməçilərini də anlamadıqlarını deyir. Ancaq bu şərhçi yəcuc-məcucun Homerin yazdığı Maday və midiyalılar olduğunu vurğulayır. Bu haqda ətraflı məlumat verərək skif tayfalarından bəhs edən müfəssir İsgəndərin məhz Azərbaycanda olmasını təsdiqləyir və Zülqərneynlə bu şəxsin eyni şəxs olduğunu deyir, Xəzər və Qara dəniz sahillərinə qədər gəlib çıxdığını qeyd edir. Bəzi müfəssirlər qeyd edir ki, İsgəndər Şərqdə işini bitirdikdən sonra Qərbə üz tutdu. Ən sonda Asiyanın doğusuna, Hind okeanına, yaxud Xəzər dənizinə üz tutdu. Burada qarşılaşdığı insanlar rəvayətə görə Günəşin işığına və istisinə qarşı qorunmaq üçün vasitələrdən istifadəni bilmirdilər və ya inanc baxımından doğru saymırdılar, bu da həmin coğrafiya əhalisinin atəşpərəst, günəşpərəst olmaları, bu yöndən də Günəş istisinin qarşısını almanın bir növ günah olması inancı ilə bağlı idi...
Bəzi mənbələr isə İsgəndərin Qara dənizə gedərək orada Günəşin üfüqdə batışını seyr etdiyi deyilir. Ancaq qoca kainat içində bu dəniz, ona bir gölməçə qədər kiçik gəldi...
Azərbaycanlı tərcüməçi-təfsirçi, Şexülislam Məhəmməd Həsən Mövlazadə Şəkəvi də öz “Kitabül Bəyan-fi təfsirül Quran” əsərində bu yerin məhz Azərbaycan olduğunu qeyd edir. Hesab edirəm ki, bu yöndə daha da dəqiqliyə yetmək üçün Xınalıq ərazisində arxeoloji tədqiqata geniş ehtiyac vardır.
Tural İrfan, İlahiyyatçı