İkonalardakı müəmmalı əl işarələri nədən xəbər verir: HEÇ AĞLINIZA GƏLMƏZDİ
7-09-2017, 08:53
Dini ikonalarda və İsa Məsihin təsvirlərində xüsusi barmaq işarələrini hamımız görmüşük. Bəs bu əl hərəkətləri hansı mənanı verir?
Publika.az xəbər verir ki, ikona və təsvirlərdəki bütün əl jestlərinin öz anlamı var. Qədim yunanlar və romalılar əl və barmaq jestlərindən ibarət kifayət qədər çətin işarə sistemi yaratmışdılar. Natiqlər bu əl hərəkətlərindən senatdakı çıxışlarında və dövlət tədbirlərində istifadə edirdilər. Onların nitqlərini müşaiyət edən bu jestlər xüsusi incəsənət növü sayılırdı. Həmin dövrdə bu əl əlifbasını demək olar ki, hər kəs anlayırdı. Lakin müasir dünya insanı üçün bu yadlaşmış və arxaikləşmiş əlifbadır.
Təsadüfi deyil ki, xristianlığın rəmzi olan ikona və təsvirlərdə müqəddəslər məhz bu əlifbaya uyğun əl jestləri ilə təsvir edilirdilər. Əl əlifbası özündə natiqlik incəsənətini və ikonoqrafiya motivlərinin qaynağını ehtiva edir. İsa Məsihin çox vaxt romalı və yunan natiqlər kimi xüsusi əl hərəkətləri ilə təsvir edilməsi daha dərin və mürəkkəb anlam daşıyır. Bu əl jestindən istifadə edərək rahiblər insanlara xeyir-dua verir, günahlarını təmizləyirlər.
Yunan pravoslav ikonoqrafiyasında erkən xristian təsvirlərində olduğu kimi xeyir-dua rəmzi olaraq sağ əl sanki İC XC hərflərinin şəkilini alırdı. İC (İHCOYC) yəni İsa, XC (XPICTOC) Məsih adlarının ilk və son hərflərinin birləşməsidir.
Hərf şəkillərindən əlavə bu işarə tək olan Tanrını, ata, oğul və müqəddəs ruhu simvolizə edir. Baş barmaqla adsız barmağın toxunuşu isə yalnız C hərfini ifadə etmir, bu işarə həmçinin İsanın simasında ilahi və insani təbiəti birləşdirən vahidliyin rəmzidir.