Rusiya BMT-nin məruzəçisinə 50 min dollar rüşvət verib – “Yaxşı hesabat”ın üstü açılıb
18-09-2017, 21:28
Rusiya özü haqqında "yaxşı hesabat" üçün Birləşmiş Millətlər Təşkilatının məruzəçisinə 50 min dollar ödəyib. Hesabatın müəllifi bu sənəddə Moskvanın ABŞ və BMT tərəfindən sanksiyalarla "gözümçıxdıya" salındığı iddia edilməliydi.
Bu barədə "The Independent" qəzeti bu günkü məqaləsində yazıb. BMT-dən olan insan haqları şurasının təhqiqatçısı bu hesabatda bildirirdi ki, Rusiya üzərinə Ukraynanın Krım yarımadasının ilhaqına görə qoyulmuş sanksiyalar "birtərəfli cəzalandırıcı tədbirdir". İndi isə Cenevrədə mənzillənmiş “BMT Watch” adlı QHT sözü gedən hesabatın müəllifini – əlcəzairli səfir İdris Cəzairini ötən il Rusiyadan aldığı 50 min dollara görə sorğu-suala çəkir. Əlcəzairlinin yazdığı hesabatda deyilirdi ki, "Vladimir Putinin Rusiya hökuməti insan haqları pozuntularının qurbanı olub və bunu icra edənlər ABŞ və Avropa İttifaqıdır".
Bu barədə məlumatı “BMT Watch” qrupunun icraçı direktoru Hillel Neuer verib. Rusiya bu BMT hesabatından dərhal bərk yapışmış və bildirmişdi ki, Moskva "kollektiv şəkildə cəzalandırma" və "beynəlxalq qanunları və insan haqlarını pozan birtərəfli məcburetmə tədbirlərinə" qətiyyətlə etiraz edir. Bu ilin iyununda BMT Avropa İttifaqı bizneslərinə Krıma investisiyalar yatırmağı qadağan edən, habelə Krımın turizmini hədəfləyən və buradan idxalı yasqlayan sanksiyaların müddətini uzadıb. BMT insan haqları şurasındakı Rusiya nümayəndəsi bildirmişdi ki,"Sanksiyalar qoymaq səlahiyyətinə yalnız BMT-nin Təhlükəsizlik Şurası malik olmalıdır".
Rusiya təmsilçisi bunu da demişdi ki, sanksiyalar "Krım vətəndaşlarının öz müqəddaratlarını təyin etmə hüququndan istifadə etməsinin" ardınca qoyulub. 47 üzvü olan şuranın Venesuela, Kuba və Çin də daxil, başqa üzvləri bu qurumun vasitəsilə öz rejimlərinə rəğbətli olan məruzəçilərin təyinatına nail ola bilirlər. “BMT Watch” təşkilatı BMT İnsan Haqları Şurasının palatasında keçirilməsi planlaşdırılan iclasdan narahatlıq ifadə edib. Qurum bildirib ki, Misir səfirinin sədrlik etdiyi bu iclasda Qərbin insan haqlarını pozan rejimlərə qarşı sanksiyaları müzakirə olunacaq. Cənab Cəzairi və Kubanın köməyi ilə təyin edilmiş başqa iki ekspert də bu palatanın üzvləridirlər. Onlardan başqa palataya Venesuela səfiri və rusiyayönlü Belarus alimi də daxildir.
Putin bu həftə BMT-yə Ukraynada atəşkəsə nəzarət edilməsi üçün BMT sülhməramlılarının göndərilməsini rica edəcək. Onun bu planı Almaniya kansleri Angela Merkel tərəfindən alqışlanıb. /BBC/