Fazil Mustafa ilə Sabir Rüstəmxanlının davasına sabiq təhsil naziri də qoşuldu
19-09-2017, 12:30
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın günlər öncə Rusiyada keçirilən “Moskva-Bakı oxu” konfransındakı çıxışı zamanı səsləndiriyi fikirlər geniş müzakirələrə səbəb olub. Deputat çıxışı zamanı deyib ki, biz təkcə türk yox, həm də slavyan (rus) mədəniyyətinin daşıyıcısıyıq.
Onun bu fikirlərinə fərqli mövqelərin şahidi oluruq. F.Mustafanın fikirlərini müdafiə edənlər də, ona qarşı çıxanlar da var.
“Bu ölkədə yaşayan azsaylı xalqlar da daxil olmaqla, bütün vətəndaşlarımız onlara doğma olan Azərbaycan mədəniyyətinin daşıyıcısıdır”.
Bu sözləri xalq şairi, Azərbaycan Dil Qurumu İctimai Birliyinin rəhbəri, VHP sədri Sabir Rüstəmxanlı axar.az-a F.Mustafanın dediklərinə münasibət bildirərkən deyib. O bildirib ki, slavyanların, gürcülərin formalaşmasında türklərin böyük rolu olub:
“Əminliklə vurğulayıram ki, biz slavyan mədəniyyətinin daşıyıcısı deyilik. Biz türk mədəniyyətinin daşıyıcısı ola bilərik. Fazil Mustafa bu fikri niyə deyib, bilmirəm. Doğrudur, SSRİ dövründə ruslarla qaynayıb-qarışmışıq, onlar ümumi ”sovet xalqı" yaratmaq istəyirdilər. Amma bu istəkləri həyata keçmədi. Hazırda rus mədəniyyəti və bizim mədəniyyətimiz ayrıdır. Müəyyən mədəniyyətlərarası dialoq, əlaqələr var. Lakin bunu “daşıyıcı” sözü ilə eyniləşdirmək olmaz. Bu söz tamamilə ayrı bir anlayışdır. Biz heç vaxt slavyan mədəniyyətinin daşıyıcıları ola bilmərik".
Tarixçi Kərəm Məmmədovun sözlərinə görə, Yer kürəsində ayrı-ayrı millətlərin mədəniyyətləri bir-birinə inteqrasiya edə, bir-birinə qarışa bilər:
“Fazil müəllim bu sözləri çox güman ki, Azərbaycanın şimal hissəsinin müəyyən bir dövr üçün slavyan dövləti olan Rusiyanın tərkibində olmasına görə deyib. Amma həmin dövrdə də, Rusiya bizi işğal etdiyi müddətdə də Rusiyanın öz sarayında belə rus dilində danışmırdılar. Əlbəttə, slavyanlar bizim mədəniyyətin daşıyıcısı olduğu kimi, təbii ki, biz də onlardan müəyyən nüanslar götürmüş ola bilərik. Ancaq bir etnoqraf kimi deyə bilərəm ki, bizim slavyan kültürünün daşıyıcısı olmağımızla bağlı heç bir fakta rast gəlməmişəm. Əksinə, Rusiyanın özündə son zamanlar ”Türk mənşəli rus adları" adında kitab çıxıb. Rusiya tarixçilərinin özləri də Xəzər türklərinin slavyanlara həddindən çox təsir etdiyini etiraf edir. Slavyan və türk mədəniyyətlərinin qarşılaşması erkən orta əsrlərə uzanan tarixə malikdir. Fazil Mustafa bu sözü konkret faktlarla desə, daha yaxşı olardı. Çox güman ki, o, bu sözləri deyəndə bizim uzun müddət Rusiyanın tərkibində olmağımızı nəzərdə tutub, ancaq bu, slavyan mədəniyyətinin daşıyıcısı olmağımızla bağlı fikir yürütməyə əsas deyil".
Tanınmış türkoloq, qədim türk tarixinin araşdırıcısı, sabiq təhsil naziri Firudin Cəlilov “Yeni Müsavat”a açıqlamasında deputatın dediklərinə bu cür mövqe sərgilədi: “Mən qədim tarixlə məşğulam. O dövrdə slavyan məsələsi yoxdur. Fazil bəyin dediyi son 2-3 əsrin təsiridir. Hər halda, bir imperiyanın tərkibində yaşayırsansa, təbii ki, onun kültür mədəniyyət sahəsindəki təsiri altında olmalısan. Bu, mübahisə doğurmayan məsələdir. Təsiri nə dərəcədə olub? Deyək ki, bir rusdilli azərbaycanlı ilə rus dilini bilməyən, rus mədəniyyətindən xəbəri olmayan azərbaycanlının təfəkkürü arasında fərq olmalıdır. Çünki rusdilli rus məktəbinə gedib, Puşkin və digərlərini öyrənib. Amma rus dilini bilməyən onlardan xəbərsizdir. Ona görə də burada birtərəfli mövqe var. Birini günahlandırıb, digərini günahsız saymaq düzgün olmazdı. Məsələyə obyektiv yanaşmaq lazımdır. Məsələn, Güney Azərbaycanda iki yüz ilə yaxındır soydaşlarımız fars kültürünün təsiri altında yaşayırlar. Təbii ki, onlara təsirlər olacaq. Azərbaycanda tarix məsələsi çox bərbad bir vəziyyətdədir. 25 ildən çoxdur ki, müstəqil dövlətik, amma bu dövlətin tarixi konsepsiyası hələ də ortalığa qoyulmayıb. Çünki Azərbaycanın tarixinə aid üç müxtəlif baxış var. O baxışlarda da hərə öz bildiyini deyir. Halbuki bu çox ciddi məsələdir. Bu, dövlətin strateji, ideoloji məsələsidir. Azərbaycanın tarixinin konsepsiyaları öz aramızda akademiyanın divarları arasında müzakirə olunmalıdır. O fikir də, bu fikir də dinlənilməlidir. Ağlabatan fikir qəbul olunmalıdır. Yəni ortaq bir nəzəriyyə üzərində dayanmaq lazımdır ki, məsələni dərinləşdirmək mümkün olsun. Bir qrup tarixçi yazır ki, türklər Azərbaycana gəlmədir. Digər qrup da yazır ki, türklər buranın ən qədim yerli əhalisidir. Görürsünüz, bu, qlobal şəkildə bir-birinin ziddinə olan konsepsiyalardır. Bu mənada bu məsələ digərləri tərəfindən deyil, mütəxəssislər tərəfindən müzakirə olunmalıdır. Biz bu məsələlərə hələ 80-ci illərin sonlarında başlamışdıq. O zaman üç toplu buraxdıq. O zamanlar akademiyanın rəhbərliyi bu işlərə imkan yaradırdı. Əgər o toplulara baxsanız, suallarınızın çoxuna orada cavab tapa bilərsiniz. Sonralar bu məsələlərlə bağlı görülən işlər dayandı. Bu gün Azərbaycan türklərinin yalnız İslamdan sonrakı tarixi qabardılır, öyrənilir. Amma İslamdan qabaq da böyük tariximiz olub. Bütün bunların hamısı tarixi qaynaqlarda pərakəndə şəkildə qalıb. O dediyim konsepsiya işlənmədiyi üçün bu cür problemlər ortaya çıxır. Təsəvvür edin ki, adı Azərbaycan Milli Elmlər Akademiyasi olan bir akademiyanın milli tarix haqqında konsepsiyası yoxdur. Biz indi xırda məsələlər üzərində mübahisə edib, deyirik ki, buradakıların slavyan, yaxud türk etkisi var. Bunlar yüzüncü dərəcəli məsələlərdir. Əsas qlobal məsələlərdən başlamaq lazımdır”.