“26-lar”ı ziyarət edənlərin kimliyi bilindi
22-09-2017, 12:11
Bir neçə gün öncə kommunistlərin “26-lar”ın Suraxanı rayonunda yerləşən məzarlarını ziyarət etməsi sosial şəbəkələrdə, ictimaiyyətdə kəskin etirazlarla qarşılanıb. Həmin şəxslərin Kommunist Partiyasının üzvləri olduğu bilinsə də, Azərbaycanda bu adlı bir neçə partiya var.
Ziyarət fotolarında diqqətçəkən Ədalət Abdinov “Qafqazinfo”ya bildirib ki, onlar Hacı Hacıyevin rəhbərlik etdiyi Kommunist Partiyasının rüzvləri olublar: “Ədliyyə nazirliyin rəsmi sənədlərində 1920-ci ildəki Azərbaycan Kommunist Partiyasının varirisi Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsidir. Hazırda MİK-in sədri Hacı Hacıyevdir. AKP-nin digər qruplarının heç birinin dövlət qeydiyyatı yoxdur”.
Ziyarət fotoları ilə bərabər həmin fotoları müşayət edən açıqlama da ciddi müzakirələrə səbəb olub. Kommunistlər həmin açıqlamada “26-lar”ı xalq qəhrəmanı adlandırıblar. “Qafqazinfo” həmin bəyanata heş bir şərh vermədən təqdim edir:
“26-lar Azərbaycan xalqının yox, Azərbaycanın talançı, qarətkar, soyğunçu burjuaziyasının, kələkbaz, hiyləbaz, bic, yaramaz, tülüngü varlıların, yoxsulları, muzdurları istismar edən, fağırları əzən, incidən, onlara zülm edən qolçomaqların düşməni olublar. Daşnak - musavat ideoloqların böhtanlarının tam əksinə olaraq 26 Bakı komissarlarının, ümumiyyətlə, Bakı kommunasının meydana gəlməsi, özlüyündə Azərbaycan xalqının milli mənafeyinə tamamilə uyğun idi. Burjuaziyaya xidmət edən muzdlu tarixçilərin, politoloqların, publisistlərin yazdıqları cəfəngiyyatın əksinə olaraq, bütün varlığı ilə beynəlmiləlçi olan qəhrəman 26-ların fəaliyyətində ədavətli milli məsələ axtarılması gülüncdür, absurddur.
Burjua muzdlu tarixçilərin uydurmalarından biri də odur ki, guya hər vasitə ilə Azərbaycanın müstəqilliyinin əleyhinə çıxan "26-lar"ın başlıca məqsədi Azərbaycanı Rusiyanın əsas quberniyalarından birinə çevirmək olub. Əksinə, "26-lar" sosializm quruculuğu yolu ilə gedən sovet Azərbaycanın müstəqiliyinin tərəfdarı idilər. Onlar heç vaxt Azərbaycana müxtariyyətin verilməsinə qarşı çıxmayıblar.
Daşnak-müsavat törtöküntüləri anlayırdılar ki, öz çirkin məqsədlərinə nail omaq üçün əsas vasitələrdən biri də milli ədavəti qızışdırmaqdır. Onların bilavasitə təşkilatçılığı ilə 1918-ci ilin mart ayının 30-dan aprel ayının 2-nə qədər Bakı şəhərində, həmçinin Bakının quberniyalarında, bir tərəfdən Quba, Xaçmaz, digər tərəfdən Şamaxı, Ağsu, Göyçay, Lənkəran, Qarabağ və Naxçıvan ərazilərində törədilmiş qətliamlarda "26 - lar"ın heç bir suçu yoxdur, əksinə onlar qardaş qırğınının qarşısını almağa çalışıblar. Hakimiyyəti ələ keçirmək məqsədi ilə musavatçılar erməni daşnakları ilə birləşərək Azərbaycan xalqına qarşı dəhşətli soyqırım siyasəti həyata keçirmişlər.
Daşnak-müsavat təbliğatçıların uydurmalarından biri də odur ki, 1918-ci ilin sentyabr ayında Azərbaycan Burjua Hökuməti Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakını yadelli işğalçılardan azad edəndən sonra Bakı Xalq Komissarları Sovetinin üzvləri "Türkmən" gəmisinə minərək ingilislərin və eserlərin rəhbərliyi ilə Bakıdan qaçmalı olublar. Tamamilə cəfəngiyyatdır!
Avqustun 4-də ingilis hərbi müdaxiləçiləri Bakıya daxil oldu. Komissarlar həbs edildi. Sentyabrın 14-də Türkiyə qoşunlarının hücumu ilə ingilis müdaxiləçiləri Bakını tərk etdi. Sentyabrın 15-də türk ordusu şəhərə daxil oldu. Həmin gün Bakı komissarları bir qrup bolşevikin köməyi ilə həbsdən azad edilib “Türkmən” gəmisi ilə Sovet Həştərxanına yola salındı. Lakin gəmi heyətinin əksinqilabi əhval – ruhiyyəli hissəsi Bakı komissarlarını ingilis müdaxiləçiləri və eserlərin ağalıq etdiyi Krasnovodska apardı. Sentyabrın 17-də Bakı komissarları Krasnovodski həbsxanasına salındı. Bakı komissarlarının Krasnovdskda həbs edilməsində, axtarış zamanı, Bayıl həbsxanasında olarkən onlara gətirilən azuqəni bölüşdürmək üçün tutulmuş siyahının tapılması rol oynadı. Siyahıda komissarlarla birlikdə 25 nəfərin tam adı var idi. Əksinqilabçılar siyahıya A.M.Amiryanın qardaşı T.M.Amirovu da əlavə etdilər.
1918-ci il sentyabrın 20-nə kecən gecə ingilis və eser qatilləri 26-nəfəri Pereval ilə Ağcaqum stansiyaları arasında, Zakaspi dəmir yolunun 207 kilometrliyində istintaqsız və məhkəməsiz güllələdilər”.