Kreml ölkəni etnik münaqişəyə sürükləyir: Millətlər ayağa qalxır
23-09-2017, 09:34
Rusiya Federasiyasında qeyri-rus millətlərin ana dili uğrunda mübarizəsi genişlənir. Buna Moskvanın şovinist siyasəti əsas yaradıb. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Baş prokurorluğa “etnik respublikalarda ruslara zorla yerli dilləri öyrənməyə məcbur edildiklərinə dair faktların araşdırılmasını” tapşırdıqdan sonra yerli valideynlər uşaqlarını yalnız rus dilində oxutmağa məcbur qalıblar. Putin iyul ayında Mari respublikasına səfəri zamanı demişdi ki, kiminsə öz ana dili olmayan dili öyrənməyə məcbur edilməsi, habelə Rusiyanın etnik regionlarında rus dili dərslərinin saatlarının ixtisarı yolverilməzdir.
Putinin bu addımından sonra qeyri-ruslarda ana dili uğrunda mübarizə başladı. İlk olaraq 16 sentyabrda Başqırdıstan Muxtar Respublikasının paytaxtı Ufa şəhərində “başqırd dilinə dövlət dili status verilsin” tələbi ilə kütləvi mitinq keçirirdi. Artıq bu istiqamətdə etirazlar daha geniş vüsat almağa başlayıb. Qeyd edək ki, Çuvaşiya və Başqırdıstan respublikalarının yazıçıları Rusiya prezidentini böyük aborigen azlığına malik regionlarda yerli dillərin icbari tədrisinə qarşı çıxmaq mövqeyindən çəkinməyə çağırıb.
Etirazlar artıqca Rusiyada vəziyyət daha da gərginləşir. Analitiklər hesab edir ki, etirazların bu tendensiyada artması Rusiyanın milli təhlükəsizliyi üçün ciddi təhdiddir. Qeyd edək ki, Rusiyada 21 muxtar respublika var. Bunlar: Adıgey, Altay, Başqırdıstan, Buryatiya, Dağıstan, İnquşetiya, Kabarda-Balkariya, Kalmıkiya, Qaraçay-Çerkesiya, Kareliya, Komi, Mari El, Mordoviya, Saxa (Yakutiya), Şimalı Osetiya-Alaniya, Tatarıstan, Tuva, Udmurtiya, Xakasiya, Çeçenistan, Çuvaşıstan respublikalarıdır. Ekspertlər hesab edir ki, Rusiya hakimiyyəti tezliklə bu məsələyə tam mənada aydınlıq gətirməsə, problem daha da dərinləşəcək. Ehtimal var ki, bu gedişlə, proses bütün federasiya ərazisini əhatə edəcək.
Muxtar respublikalar ləğv edilə bilər
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi-şərhçi Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında Rusiyanın etnik müstəqillikdən çəkindiyini deyib. M.Əsədullazadə hesab edir ki, yerli xalqların müqavimətgöstərmə statusu da ləğv oluna bilər:
“Rusiyaya qarşı Qərbin iqtisadi sanksiyaları və siyasi izolyasiyası getdikcə bu ölkədə avtoritarizmin güclənməsinə səbəb olur. Rusiya federal quruluşa malikdir, tərkibində muxtəlif xalqların respublikası mövcuddur. Görünən odur ki, Kreml müstəqil qərarlar vermək hüquna malik olan bu respublikalara müəyyən müdaxilələr etmək istəyir. Moskva Qərbin Rusiya daxilində etnik məsələni qızışdıracağından ehtiyat edir. Bir müddət bundan əvvəl Tatarıstanın daxili müstəqilliyinə qarşı Kremlin müdaxiləsi başladı.
Analoji proses başqa respublikalarda başlanıb. Başqırdıstan, Çuvaşiya və digər respublikalarda ana dilinin tədrisi icbaridir, ancaq mərkəzi hökumət diskriminasiya siyasəti yürüdür. Hesab edirəm ki, Rusiya bu cür siyasətlə milli subyektlər arasında ədavəti alovlandıracaq. Hər bir muxtar respublikada ana dilinin tədrisi icbaridir. Kreml şovinist siyasətini dəyişməsə, milli azadlıq ideyaları alovlana bilər. Etnik məsələ onsuz da iqtisadi cəhətdən zəifləmiş Rusiyada ciddi problemlərə yol açar. Rusiya hakimiyyəti çalışır ki, vahid dil və vahid mərkəz ətrafında birləşmə olsun. Əgər yerli respublikalar müqavimət göstərməsə, respublika quruluşları da zamanla ləğv ediləcək”.
Vilayət Muxtar
Cebhe.info