Sünnət edilən rus çarı - Alman qızını 34 il çariça edəcək PLAN

24-09-2017, 22:04           
Sünnət edilən rus çarı - Alman qızını 34 il çariça edəcək PLAN
Türklərin "dəli", rusların isə "böyük" dedikləri çar I Pyotr Rusiyanı inkişaf etdirərək, müasir mədəniyyətə sahib olmaq üçün mühüm addımlar atmışdı. Əslində I Pyotra "dəli" demək doğru deyildi. Çünki rusiya xalqı ona böyük Pyotr deyirdi. Açığı, elə bu ad da ona yaraşırdı. Hər şeydən öncə o, iki metr qırx santı hündürlüyündə yekə bir adam idi. Onun təkcə boyu yox, idealları da böyük idi. O, ölkəsini gücləndirərək dünyada güclü dövlətlər sırasına daxil etmək istəyirdi. Bu məqsədlə də bir çox struktur islahatları apararaq, ölkəsinin gələcəkdəki xarici siyasət hədəflərini də müəyyən edir.
Pyotrdan sonra sıra ilə taxta arvadı I Yekaterina, nəvəsi II Pyotr, qızları Anna və Yelizavetta çıxırlar. I Yelizavetta iyirmi il çar Rusiyasını idarə edir. I Pyotrun oğlu olmadığından Yelizavetta özündən sonra taxta I Pyotrun soyundan olan birinin çıxmasını istəyirdi. Bunun üçün də tək namizəd bacısı Annanın oğlu Karl idi. Karl Annanın Holsteyn Düküdən olan oğlu idi. Qərar qəbul edildikdən sonra bir alman və protestant kimi yetişdirilən Karl Rusiyaya gətirilir. Ancaq onun çar ola bilməsi üçün ortodoks məzhəbini qəbul etməsi lazım gəlir. Bu məqsədlə də kilsədə məzhəb dəyişikliyi edilərək ona III Pyotr adı verilir. 17 yaşına qədəm qoyan III Pyotr 1742-ci ildə alman şahzadələrindən olan Anqalt-Serbin qızı Sofiya Avqust ilə evləndirilir. Sofiya da evlənmək üçün öncə kilsədə II Yekaterina adını alaraq ortodoks məzhəbini qəbul edir.
Gözəgəlimli, sarışın və gözəl bir alman qızı olan II Yekaterina yüksək idealları olan güclü bir xanım idi. Hər zaman planlı və səbrli olan Yekaterina insanlardan necə istifadə etməyi yaxşı bacarırdı. Ancaq ərindən o qədər də xoşu gəlmirdi. Çünki III Pyotr tez-tez gözlərini qırpardı. Üzündə olan ləkələr onun nə vaxtsa çiçək xəstəliyi keçirdiyindən xəbər verirdi. Həmçinin ətrafı ilə də normal ünsiyyət qura bilmirdi. Yəni ki, danışmalı olan yerdə susan, susmalı olan yerdə danışan, tez-tez də söyüşlər söyən kobud bir adam idi. Cavan, qoca demədən rastlaşdığı qadınlara sataşar, yemək vaxtı yediyi yeməyin artığını və meyvələri qonaqların üstünə atar və sonra da gülərdi. Fiziki və ruhən kifayət qədər yetkinləşməmişdi.
...Evləndikləri günün ilk gecəsi Yekaterina yataq otağında ərini gözləyir. Əynindəki şəffaf geyim vücudunun bütün gözəlliklərini əsk etdirirdi. Çox keçmir ki, Pyotr əlində bir qutu içəri daxil olur. Yekaterina qutunun içində evlilikləri ilə bağlı hədiyyənin olacağını düşünürdü. Ancaq bəy bir kəlmə də olsun danışmadan gəlib sakitcə arvadının uzandığı divanın bir tərəfində bardaş quraraq oturur və qutunu ehtiyatla açmağa başlayır. Yekaterina maraqla qutudan nə çıxacağını gözləyir. Elə ki, qutunun lenti açılıb qurtardı, Yekaterina gördüklərindən heyrətə gəlir. Qutudan orta əsrlərə aid bir qala və oyuncaq əsgərlər çıxır. Pyotrun başı oyuncaqlarına elə qarışmışdı ki, Yekaterinanı belə unutmuşdu. Bir müddət oyuncaqları ilə oynadıqdan sonra arxasını arvadına tərəf çevirərək yuxuya gedir.
Bu hərəkətdən sonra Yekaterina Pyotrun psixoloji və romantik hisslər baxımından inkişaf etmədiyinin də fərqinə varır. Fəqət ciddi cinsi problemlərinin olduğunu isə bir az gec anlayır. Sarayda hər kəs Pyotrun qadınla bir yerdə ola bilməyəcəyini, olsa belə uşaqlarının olmayacağını bilirdi. Pyotr isə davranışları ilə Yekaterinanı hər gün heyrətləndirməyə davam edirdi. Düşdüyü durum içərisində yaşamına davam edən Yekaterina günlərin bir günü otağına girəndə gördüyü mənzərədən yerindəcə donub qalır. Belə ki, Pyotr otaqda quraşdırdığı idman qurğusundan bir siçanı asmışdı. Hirslənərək bunu niyə etdiyini soruşanda, aldığı cavab onu daha da heyrətə salır: Pyotr deyir ki, siçan onun kartondan olan qalasına girərək qurğuşundan olan əsgərlərin birini yıxıb. Buna görə də siçanın tutulub və oyuncaq əsgərlərdən ibarət olan əsgəri məhkəmədə mühakimə edilərək, edamına qərar verilib...
Yekaterina bir gün çar olacağına inanmasaydı, bir saniyə olsun belə Pyotrun bu anormal hərəkətlərinə dözməzdi. Onun məqsədi zamanı gəldiyində təkbaşına rus taxtına sahiblənmək idi. Buna görə də bir müddət Pyotrdan istifadə etməli və həmçinin də olayları böyük bir soyuqqanlılıqla səbr edərək, dəyərləndirməli idi.
Otağında gələcək planları barədə xəyala dalan Yekaterina qapı döyüldüyündə fikirdən ayılır. Gələn baş vəzir idi. Qonağına yer göstərdikdən sonra bir müddət gündəlik işlər barəsində söhbət etdikləri zaman baş vəzir sözarası Yekaterinanın Rusiya taxtına layiq bir çariça olacağına inandığını söyləyir. Fəqət, mövqeyini möhkəmləndirmək üçün Yekaterinaya taxt üçün bir varis dünyaya gətirməsini də xatırladır. Ərinin vəziyyətini bildiyindən başqa birindən uşaq dünyaya gətirməyini deyincə, Yekaterina hirslə yerindən qalxıb pəncərəyə yaxınlaşır və bayıra baxaraq düşünməyə başlayır. Baş vəzirin cürətinə əsəbləşsə də, ürəyində ona haqq verirdi. Çünki hər şey ola bilərdi, yəni gözlənilmədən ortaya çıxa biləcək varis bütün planları alt-üst edə bilərdi. Avropada rus xanədanı ilə qohumluqlarının olduğunu söyləyənləri eşitmişdi. Bu məsələ onu narahat edirdi. Uşaq dünyaya gətirmək üçün bir "ər" tapmalıydı. Pyotrun ətrafında olan yüzbaşı Soltikov son dərəcə yaraşıqlı və kübar bir gənc idi. Yekaterina qərarını vermişdi. Baş vəzirə yaxınlaşıb amiranə tərzdə: "yüzbaşı Soltikovu bu axşam yanıma göndərərsinizmi?" deyir.
Beləliklə Yekaterinanın gizli eşqi başlayır. Hər şey yolunda idi. Onu ən çox üzən də dünyaya gətirəcəyi uşağın söz-söhbətə səbəb ola bilərcəyi düşüncəsi idi. Fəqət, sevgilisi Soltikovun məsləhəti ilə tapdığı çarə az da olsa, onun narahatçılığına son qoyur. Deyilənə görə, Pyotr da hansısa xəstəlikdən əziyyət çəkirmiş... Bir neçə gün sonra sarayda hər kəs Pyotrun xəstəliyinin ciddi olmadığını və əgər sünnət olunarsa sağalacağını danışırdı. Plan işə yaramışdı. Çox keçmədi ki, Soltikovun və baş vəzirin səyi nəticəsində Pyotr sünnət olundu və beləliklə də Rusiya taxtının sünnət olan ilk çarı olaraq, tarixə düşdü.
Aylar çox tez keçdi və Yekaterina bir oğlan uşağı dünyaya gətirdi. Bir çoxları uşağın Pyotrdan olmağına inanmamışdı. Fəqət, sonda xanədan bir varisə qovuşduğundan məsələ bir o qədər də böyümədi.
III Pyotr özünü hələ də Karl Peter Ulric sanırdı. Yeni kimliyinə hələ də alışa bilməmişdi. Rusları və Rusiyanı sevimirdi. Bu fikrini də hər fürsət düşdükcə söyləməkdən çəkinmirdi. Rus əsgərlərini və zabitlərini aşağılayaraq, onları bacarıqsızlıqla ittiham edirdi.
Pyotrun Rusiyanın düşməni olan Prusya kralı II Fridrixi tərifləməsi ordunun ondan nifrət etməsinə gətirib çıxarmışdı. Əslində Pyotr bu cür davranışı ilə fərqində olmadan Yekaterinanın məqsədinə çatmasını asanlaşdırırdı. Ərindən fərqli olaraq Yekaterina xalis rus kimi davranır, hər yerdə böyük rus idealının rus əsgərlərinin qəhrəmanlıqları sayəsində qazanıldığına inandığını söyləyirdi. Əsgər və nüfuzlu insanlar arasında Pyotra qarşı nifrət böyüdükcə Yekaterina bundan məharətlə istifadə etməyə başlayır. O, əsgərlər arasında çox sevilən və ordunun nəbzini tuta bilən Qriqori Orlovla münasibət quraraq, onu özünə aşiq etdikdən sonra ilk sevgilisi Soltikovla münasibətlərini kəsir. Mənbələrin qeyd etdiyinə görə, Yekaterina heç bir kişiyə tam olaraq bağlanmayıb. O kişilərdən məqsədinə çatana kimi istifadə edir, sonra da heç bir şey olmamış kimi əlaqəni kəsirdi. Ancaq sevgililərinə çox böyük maddi və siyasi imkanlar yaratdığından heç biri ona düşmən münasibəti bəsləmirdi. Yeni sevgilisi Orlov isə onu dəlicəsinə sevdiyindən onun üçün nə desə, etməyə hazır idi. Sevgililər gələcək planları barəsində müzakirə etdikləri gecə çariça I Yelizavettanın ölüm xəbəri gəlir... Bir neçə gün sonra isə III Pyotr kilsədə tac qoyaraq Rusiya taxtına çıxır. Yekaterina isə, ərinin ondan nifrət etdiyini və boşanmaq istədiyini bilirdi. Buna görə də tez bir zamanda prosesi öz xeyriə çevirməli idi. Əks təqdirdə isə planını həyata keçirə bilməyəcəkdi. Ancaq bu planı həyata keçirmək üçün tək güvənə biləcəyi adam isə yeni sevgilisi Orlov idi...
III Pyortun səltənəti bir neçə ay sürür. Orlovun və yaxın çevrəsinin hərbi çevrilişi sayəsində III Pyotr taxtından salındıqdan bir müddət sonra öldürülür. II Yekaterina isə tac qoyaraq Rusiyanın yeni çarı olur.
Yekaterina düz 34 il Rusiyanı idarə edir. Hakimiyyətdə olduğu bu müddət ərzində bir çox sevgilisi olsa da, heç biri ilə siyasi hakimiyyəti paylaşmır. Qeyd edirlər ki, bir gün Marşal Potemkin Yekaterinanı qucaqlayaraq, bütün Rusiyanı qolları arasına aldığını deyir. Yekaterina həmin dəqiqə etiraz edərək: "Xeyr Potemkin, sadəcə Yekaterinanı..." – deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.