“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - ŞOK TARİXİ FAKTLAR
26-09-2017, 10:02
İnsanlıq tarixində ən böyük nəqliyyat qəzalarının önündə gələn, üzərindən 100 il keçsə belə, hekayəsi dillərdən düşməyən, dövrünün ən müasir texnologiyalarına sahib olan nəhəng “Titanik” gəmisinin batmasına həqiqətənmi kiçik bir buz kütləsi səbəb olub?
Publika.az 1912-ci ildə faciəvi şəkildə sulara qərq olan “Titanik” gəmisinin keçirdiyi qəzanın yeni faktlarını təqdim edir.
İngilis jurnalist Sənan Moloni “Titanik” gəmisinin tarixi ilə bağlı 30 illik araşdırmalarının nəticələrini ortaya qoyub. Bu araşdırmalar nəticəsində məlum olub ki, gəmi hələ limandan ayrılmadan öncə yanacaq tankında yanğın baş verib. Ancaq gəmi sahibləri bu hadisəni sərnişinlərdən gizlədib və səfəri təxirə salmaq istəməyib.
Yanacaq tankında baş verən yanğın səbəbi ilə həmin bölgədəki dəmir örtük 1000 dərəcədən də yuxarı temperaturda qızıb və nazikləşib. Gəminin buz dağı ilə toqquşma anında isə nazik bir kağız parçası kimi iki yerə ayrılıb.
Mütəxəssislərin bildirdiyinə görə, dəmir maddəsi kəskin isti temperatura məruz qaldıqda, keyfiyyətinin 75%-ni itirir.
Gəminin sahibi olan “White Star Line” idarəçiləri səfərdən bir neçə saat öncə təcili qərar verib. Onlar gəminin ikinci kapitanı olan Devid Bleyrin yerinə Henri Vayldı təyin ediblər. Lakin D.Bleyr postu təhvil verərkən binokl qutusunun açarlarını D.Bleyrə verməyi unudub. Təbii ki, “Titanik” kimi nəhəng gəminin bir çox gözətçisi olub, ancaq bədbəxtlikdən, onların heç birində binokl olmayıb. Buna görə də gecənin qaranlığında, okeanın ortasında görmə bucaqları çox dar olub. Bu səbəbdən buz dağını son anda görüblər. Lakin artıq çox gec olub...
Bütün bu faktlardan başqa, “Titanik” faciəsinə səbəb olan daha bir neçə kiçik, lakin mahiyyətcə əhəmiyyətli detal tapılıb. Belə ki, “Titanik”in səfərə çıxdığı gecə göy üzündə aysberqlərin parlamasını və daha rahat görünməsini təmin edən ay işığı olmayıb. Ulduzlar isə o qədər parlaq olub ki, dənizlə səmanı ayırd etmək mümkünsüz hala gəlib. Üfüq xətti isə lazım olduğundan çox yüksəkdə görünüb. Bu kimi detallar gözətçilərə qarşıda olan təhlükəni fərq etməyi daha da çətinləşdirib.
Üstəlik, gəminin körpü tərəfindəki gözətçi gəminin yönünün dəyişdirilməsi üçün əmr versə də, bunu gerçəkləşdirmək üçün həm gəminin sürəti çox olub, həm də kifayət qədər vaxt olmayıb.
Əgər gözətçi aysberqi gördükdən sonra 30 saniyə gözləməyib, həmin an təhlükə olduğunu qışqırsaydı, gəmi toqquşduğu an daha az zədə alacaq və bəlkə heç batmayacaqdı...