ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO
26-09-2017, 23:47
Rusiya ordusu və güc idarələrinin silahlanmasına tezliklə pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün qurğu daxil edilə bilər. Bu, avqustun ikinci yarısında keçirilən “Ordu-2017” forumunda təqdim edilən və “Kalaşnikov” konserninin istehsalı olan REX-1 tüfəngidir.
Publika.az “Russia Today” telekanalının saytına istinadən xəbər verir ki, silah dronları və müxtəlif radio elektron aparatları sıradan çıxarmaq gücünə malikdir.
Taktiki-texniki xarakteristikaları
REX-1 radio elektron tüfənginin dövlət sınaqları 2018-ci ildə həyata keçirilib. “Kalaşnikov” konsernindən verilən məlumata görə, pilotsuz təyyarələrin məhvi üçün nəzərdə tutulmuş silaha Rusiyanın güc strukturları yüksək maraq göstərib. Bununla əlaqədar olaraq, istehsalçı qurum silahın seriya istehsalının sürətli startına ümid edir.
REX-1 zahirən fantastik filmlərdəki blasteri xatırladır. Ancaq REX-1 atıcı silah kateqoriyasına aid deyil. Şərti atəşi burada mikrodalğalı impuls (super yüksək tezlikli şüa) əvəz edir. Silah Amerikanın GPS, Rusiyanın GLONASS, Çinin “BeiDou” və Avropanın “Galileo” peyk naviqasiya sistemlərinin siqnallarını, həmçinin mobil rabitəni, 3G və LTE siqnallarını kəsir. Bundan başqa, qurğu 900 Mhz, 2,4 GHz, 5,2-5,8 GHz tezliklərinə maneələr yarada bilər.
“REX-1 dronu sıradan çıxarır, amma onu fiziki olaraq zədələmir. Uçuş aparatı pultla əlaqəni itirir və yerə endirilir”, - “Kalaşnikov”dan iddia edirlər.
REX-1 bir düymənin basılması ilə döyüş hazırlığına gətirilir. Fasiləsiz iş vaxtı 3 saatdır. Tüfəngin üstünlüklərinə istismarın sadəliyi, nisbətən kiçik kütləsi (4,2 kq) və mikroprosessor idarə sistemi daxildir. Silah istənilən iqlim şərtlərində praktik olaraq istifadə oluna bilər. Açıqlanan taktiki-texniki xarakteristikalara əsasən, qurğunun işçi temperaturunun diapazonu mənfi 40 dərəcədən müsbət 50 dərəcəyə qədərdir.
Tətbiq sferası
“Kalaşnikov”da hesab edirlər ki, REX-1 ordunun xüsusi təyinatlı dəstələrinə, kütləvi tədbirlər zamanı müxtəlif güc strukturlarının xüsusi bölmələrinə və şəxsi mühafizə müəssisələrinə lazım olacaq.
Tüfəngin tətbiqi sferası pilotsuz təyyarələrlə məhdudlaşmayacaq, çünki REX-1 ən müxtəlif radio elektron aparatları sıradan çıxarmağa qadirdir. Güman edilir ki, tüfəng istehkamçı xidmətlərin işini təhlükəsizləşdirəcək və terror aktlarının qarşısının alınmasına töhfə verəcək. Məsələn, əgər sahibsiz çanta və ya paket aşkarlanarsa, REX-1 tüfənginin şüası terrorçulara bombanı partlatması üçün radio kanaldan istifadə etməyə imkan verməyəcək.
Pilotsuz təyyarələrin qatili
“Russia Today”la söhbətdə “Vətən Arsenalı” jurnalının kommersiya direktoru Aleksey Leonkov qeyd edib ki, Rusiyada hərbi qulluqçuların istifadə edə biləcəyi yığcam radio elektron silahının yaranmasına ehtiyac yetişmişdi.
“Daha əvvəl belə tüfəngi amerikalılar və çinlilər təqdim etdilər. Ancaq mən onların döyüş tətbiqi haqqında xəbərləri eşitməmişəm. Yığcam radio elektron qurğusu tamamilə perspektivli məhsul kimi görünür, amma yalnız səlahiyyətli idarələr onun praktik xeyrini aydın müəyyən edə bilərlər”, - Leonkov izah edib.
Ekspertin sözlərinə görə, adətən 300-400 metr hündürlükdən uçan kəşfiyyat dronları sıradan çıxarılarsa, REX-1-in döyüş şərtlərində tətbiqi əhəmiyyətli addım olacaq. Bundan başqa, o qeyd edir ki, “Kalaşnikov”un yeniliyi əfsanəvi avtomat kimi səhra şərtlərində etibarlı olmalıdır.
“Konstruktorlar əhəmiyyətli bir detalı fikirləşməli olacaqlar. Şərti atəş zamanı döyüşçü rəqib tərəfindən ifşa edilə, yəni öz mövqeyini bildirmiş ola bilər”, - Leonkov bildirib.
Ekspert əmindir ki, REX-1-dən istifadə pilotsuz təyyarələrin məhvi prosesini əhəmiyyətli dərəcədə ucuzlaşdıra və sadələşdirə bilər.
“Görüntü zonasında olan pilotsuz təyyarələr, bir qayda olaraq, atıcı silahın tətbiqi ilə məhv edilirlər. Dronu vurmaq həmişə müvəffəqiyyətlə alınmır. Pilotsuz təyyarələr tez-tez raketlərin köməyi ilə vurulur. Bu, baha başa gəlir və radio elektron tüfəngi bu problemi həll etməyə kömək edəcək”, - Leonkov yekunlaşdırıb.