Azərbaycanlı alimdən Nizamini fars çıxaran ingilis şərqşünasa tutarlı cavab:"GƏMİ SƏNİ DƏ SUYA QƏRQ EDƏR" - ARAŞDIRMA
27-09-2017, 23:15
Professor Ramazan SİRACOĞLU
Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatının nümayəndəsi olduğunu hələ də ciddi-cəhdlə inkar edənlər var. Bunların sırasına son zamanlarda qoşulanlardan biri də Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Edmund Herziqdir. Onun bu yaxınlarda keçirilən elmi konfransda söylədiklərinə görə, Nizami Gəncəvi fars şairidir. Guya, “Azərbaycandan başqa SSRİ-yə daxil olan bütün respublikaların özlərinin milli şairləri varmış. Bu boşluğu doldurmaq üçün SSRİ rəhbərliyi düşünüb- daşınmış və fars şairi Nizami Gəncəvinin Azərbaycan şairi olması barədə qərar vermişdir”.
Dərhal qeyd edək ki, Edmund Herziqin bu iddiası heç bir sağlam məntiqə uyğun deyil. Ən əvvəl ona görə ki, Azərbaycanın Nizamiyə qədər də böyük və nüfuz sahibi olan onlarca şairi mövcud olub. Məsələn, Dəvdək, Musa Şəhavat, Mücirəddin Beyləqani, Əbülüla Gəncəvi, Əbu Əli Bərdəi, Məhəsti Gəncəvi, Əfzələddin Xaqani və başqaları. ALLAHA şükürlər ki, Azərbaycan hər bir sahədə, xüsusən bədii söz ustadlarının sayı baxımından əksər ölkələrdən çox irəlidədir və onun başqa yerdən şair idxal etməyə ehtiyacı yoxdur.
Nizami Gəncəvi haqqında İ. V. Stalinin müsbət fikirlər söyləməsi və bu fikirlərin 1936-cı ilin 3 aprelində “Pravda” qəzetində dərc edilməsi nizamişünaslığın inkişafına ciddi təkan verməsi, 1941-ci ildə blokada şəraitində olan Leninqradda, 1947-ci ildə isə bütün SSRİ miqyasında Nizami Gəncəvinin yubileyinin təntənəli qeyd olunması Azərbaycanı sevməyən bədxahları çox qıcıqlandırmış, fürsət düşdükcə orda-burda öz məkrli fikirlərini müxtəlif mətbu orqanlarda yayınlamış, bəzi oxucuların beyninə şübhə və tərəddüd toxumu səpməyə çalışmışlar. Bu baxımdan cənab Edmunq Herziqin mövqeyi təəccüblü görünmür.
Nizaminin fars olmasının sübutu kimi, mister Edmund Herziq onun əsərlərinin fars dilində olmasını əsas tutur. Ədibin öz fikrini ifadə etdiyi dilə görə milli mənsubiyyətini müəyyənləşdirmək cəhdi cəfəng ideyadır. Hər ingilis dilində yazan ingilisdirmi? Müxtəlif millətlərdən olan minlərlə insan bu gün yazı dili kimi ingilis dilindən istifadə edir. Keçmiş SSRİ-də 1970-ci illərə qədər bütün dissertasiyalar Moskvaya rus dilində göndərilirdi.
Azərbaycandan kənarda Nizami Gəncəvinin Azərbaycan şairi olmaması fikrini zaman-zaman dilə gətirirlər. Bu yazıda Nizami Gəncəvi haqqında yazmış, onun Azərbaycan şairi olmasını tutarlı dəlillərlə əsaslandırmış Məmməd Əmin Rəsulzadə, Həmid Araslı, Mirzə İbrahimov, Azadə Rüstəmova, Nüşabə Araslı və başqalarının adlarını minnətdarlıqla xatırladaraq, Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bir daha isbatlamaq üçün məqbul bildiyimiz dəlilləri qeyd etməyi özümüzə borc bilirik.
N. Gəncəvinin fars olduğunu sübut etmək istəyənlər, hər şeydən öncə, onun “Leyli və Məcnun” poemasında 4-cü yarımbaşlıqdakı – “Kitabın yazılma səbəbi haqqında” olan hissədəki – 34-cü beyti istinad göstərirlər:
ترکی صفت وفای مانیست
ترکانه سخن سزای ما نیست
( Torki sefət vəfaye ma nist
Torkane soxən səzaye ma nist)
Yeri gəlmişkən, bu beyti bizim dilimizə tamamilə yanlış çevirmişlər:
Türk dili yaraşmır şah nəslimizə,
Türk dili əskiklik gətirir bizə…
Ən birincisi, bu misralar, Nizami Gəncəvinin təqdimatına görə, öz sözləri deyil, Şirvanşah Axsitanın dilindən qələmə alınmışdır. İkincisi, beytdəki “torki sefət” və “torkane soxən” ifadələri tamamilə fərqli mənalarda işlənilmişdir. İlk misradakı “torki sefət” birləşməsi divan ədəbiyyatında mövcud olan “hikəmi tərzdə yazılmış” əsəri ifadə edir. Şirvanşah Axsitan öz məktubunda Firdövsinin qələmə aldığı “Şahnamə” tərzində olan hikmətli misralar məcmuəsi istəmədiyini bildirir.
“Torki – تركی” – sözünün lüğətlərdə müxtəlif mənaları var: “gözəl, bəyaz, insafsız, güclü, xoş, böyük, dəbilqə”. Axsitan “müdriklik haqqında” əsərlə maraqlanmadığını, eşq-məhəbbət, əyləncə tərzində olan əsərə rəğbəti olduğuna işarə edir. İkinci misradakı “torkanə soxən” ifadəsində isə Şirvanşah Axsitan yenə də Firdövsini və ona verdiyi sözü tutmayan Sultan Mahmud Qəznəliyə eyham vurur: yəni, sən əsəri yaz, bizə insafız söz (Sultan Mahmud insafsız şəkildə Firdövsinin yazdığı əsərin dəyərsiz olduğunu bildirmişdi) söyləmək yaraşmaz, əməyin boşa getməz.
Başqa sözlə desək, Nizami Gəncəvi qeyd olunan beytdə Şərq ədəbiyyatında “təlmih تلمیح ” və “tövriyyə – توریه "– adlanan bədii ifadə və bədii təsvir vasitəsindən məharətlə istifadə etmişdir. Bu üsulla şair öz nüqtədanlığını göstərmək üçün fars dilində müxtəlif mənaları bildirən “tork”- ترك – sözündən bacarıqla yararlanmışdır.
Nizami Gəncəvinin Azərbaycan şairi olmadığını sübut etmək istəyənlərin əsas “sübut”larından digəri yenə də “Leyli və Məcnun” poemasında 10-cu yarımbaşlıqdakı – “Dünyadan köçənlərimin bəziləri haqqında” olan hissədəki— 15-ci beytdir:
گر مادر من رئیسهی کرد مادر صفتانه پیش من مُرد
( Gər madəre- mən rəisəye gord, Madər sefətane pişe mən mord )
Qeyd etməliyik ki, bu beytin birinci misrasındakı “ گرد“ sözünü yanlış oxumuşlar. Bu yanlışlığın səbəbi orta əsrin ilk mərhələlərində “k” və “g” səslərinin eyni cür – ك “ kaf” hərfi ilə yazılmasıdır. Başqa sözlə, “گرد”- “gord” sözünü yanlışlıqla “كرد” – kord” oxumuşlar. Beytdəki “ رئیسهی کرد “ –“rəisəye- gord” ifadəsi də yanlış başa düşülmüşdür. “Rəisə” sözünün mənalarından biri də “ana”dır. “ گرد “ – gord” sözü isə “pəhləvan, qəhrəman, cəsur, qorxmaz” mənaları ifadə edir.
Beytdə dilçilikdə qarşılıq-güzəşt budaq cümləsi adlanan nümunə var: bir fikir digər fikrə qarşı qoyulur. Beytin mənası isə belədir: "Anam cəsur qadın olsa da yanımda ana kimi (şəfqət və nəvazişkar sifəti ilə) öldü". Təəssüf ki, bu beyti də dilimizə yanlış çevirmişlər:
Kürd qızı anam da bizi tərk etdi
Bir ana qəlbiylə dünyadan getdi…
Nizami Gəncəvinin Azərbaycan şairi olmadığını israr edənlər Aya Sofya nüsxəsindəki
پدر بر پدر مر مرا ترک بود
به فرزانگی هر یکی گرگ بود
(Pedər bər pedərəmrə məra tork bud
Be fərzanegi hər yeki gorg bud
Ata-babamız türk olubdur, aqillikdə hər biri güclü ( qurd) olubdur.)
beytinin səhihliyinə inanmırlar. Əsasları da budur ki, Həmin beytdəki “ مر مرا “ birləşməsi Xorasan tərzinə ( səbke-Xorasan ) məxsusdur, Nizami Gəncəvinin zamanında bu tərz işlənmirmiş və Nizami İraq tərzində (səbkə – Ərağ) yazırmış. Guya, bu beytdəki “tork” – ترك – gorg- گرگ – “ sözləri də naqis qafiyədir və Nizami bu cür sözlərdən qafiyə yaratmazdı.
Bizcə, bu fikirlər çox tutarsız “dəlillər”ə dayanmışdır. Hər şeydən öncə, mister Edmund Herziq bilməlidir ki, öz əsərlərini əruz vəznində yazmış Nizami Gəncəvi bu beyti mütəqarib bəhrinin ölçülərinə uyğunlaşdırmaq üçün (dörd dəfə təkrarlanan “müsəmməne – salim” ölçüsü— فعولن فعولن فعولن فعولن ) divan ədəbiyyatında mövcud olan “imalə” və “zihaf” üsullarından yararlanmışdır. Heç kim səbke-Xorasan və səbke-Ərağ arasına Çin səddi çəkməmişdi və Nizami Gəncəvi də yalnız və yalnız səbke-Ərağı işlətməyə məhkum deyildi.
Daha sonra, hörmətli tədqiqatçı unutmamalıdır ki, divan ədəbiyyatında “qafiyeye-müqəyyede” adlanan qafiyə növü var. Bu növ qafiyələrdə “rəvi” (qafiyəni yaradan söz kökünün sonuncu samit səsi) hərf ilə “qeyd” ( söz kökündəki sondan əvvəlki samit) arasında “hərəkə” (qısa sait ) olmur. Məsələn: mərd-dərd, məst-süst, kürk-ürk və s. Bu baxımdan, tərkibində iki səsi həmqafiyə olan “tork” və “gorg/ gork” (öncəki səhifədə qeyd etdiyimiz kimi, “k və g” səsləri ortaq “ ك “ hərfi ilə yazılmışdı) sözləri hansı məntiqlə qafiyə sayılmamalıdır? Axı, kim də olmasa, mister Edmund Herziq şərqşünas olduğu üçün bilməyə borcludur ki, divan ədəbiyyatında tək səsi həmqafiyəyə (qafiyeye- mocərrəd ) saysız miqdarda örnəklər mövcuddur.
Milli mənsubiyətindən qürur duyan Nizami Gəncəvi bütün əsərlərində türk olması ilə öyünür, onların geniş əraziyə yayılmasından məmnuniyyət hissi duyur, qüvvətli olmalarından riqqətə gəlir və öz hisslərini bariz şəkildə misralarında əks etdirirdi. Məsələn, “İsgəndərnamə”də şair belə yazmışdır:
ز کوهِ خزر تا به دریای چین همه تُرک بر تُرک بینم زمین
( Ze Kuhe- Xəzər ta dəryaye- Çin Həme tork bər tork binəm zəmin
Xəzər dağından (Qafqazdan) Çin dənizinə qədər hər yerin büsbütün türklər olduğunu görürəm.)
به پیکان تُرکانِ این مرحله توان ریخت بر پای روس آبله
(Be peykane- torkan in mərhəle Təvan rixt bərpaye- rus abəle
Bu mərhələdə türklərin ox və nizələri rusları məğlub edə bildi )
“Yeddi gözəl” əsərində (“Yeddi gümbəz” başlığında ) Nizami Gəncəvi öz milli mənşəyini sayqı ilə xatırladır:
تُرکیام را در این حبش نخرند لاجرم دوغبای خوش نخورند
(Torkiyəm ra dər in həbəşe- nəxerənd Lacərəm duğbaye- xoş nəxorənd
Mən xoş dovğanı yeməyən bu nadanlar (həbəşlər) arasında əlacsızlıqdan qalmış bir türkəm (zəka sahibiyəm)).
Nizami Gəncəvi çox yerdə “torke-nazənin” və “tork taz” ifadələrini işlətmişdir. Məsələn:
گفت: من تُرک نازنین اندام از پدر تُرکتاز دارم نام
گفتم :از همدمی و هم کیشی نامها را بهم بود خویشی
تُرکتاز است نامت، این عجب است تُرکتازی مرا همین لقب است
(Qoft: Mən torke- nazənin əndam Əz pedəre- torktaz darəm nam
Qoftəm: Əz həmdəmiyo həmkişi Namhara be həm bud xişi.
Torktaz əst namət, in əcəb əst Torktazi məra həmin ləğəb əst.
Dedi: Mən bir gözəl əndamlı türkəm, Aqil türk atamdan adım var mənim.
Dedim: Həmdəmim və məsləkdaşım özləri də belə adlanırdılar.
Ad-sanının “aqil türk” olması əcəbdir, mənim də digər adım “aqil türk”dür.)
Yazının başlanğıcında adları qeyd edilən alimlərimiz Nizami Gəncəvi haqqında müfəssəl və mötəbər bilgi verdiklərindən, onların da fikirlərini burada xatırlatmaq istəmədim. Buna nə vaxt, nə də yer çatar. Sadəcə olaraq, mister Edmund Herziqin elmin, obyektivliyin ziddinə gedərək, şərtlər nə olursa-olsun, kiminsə dəyirmanına su tökmək cəhdinə təəssüflənir və ona böyük Azərbaycan şairi Nizami Gəncəvinin bir kəlamını xatırlatmaqla yazımı bitirirəm:
مکن کشتی چینیان را خراب
که افتد ترا نیز کشتی در آب
(Məkon kəştiye- Çiniyanra xərab
Ke oftad tora niz kəşti dər ab).
"Türküstanlıların (çinli uyğurların) gəmisini xarab etmə ki, gəmi səni də suya qərq edər"…
Strateq.az