Qafqazda erməni dövlətinin yaranması ( Son )
28-09-2017, 16:04
İlk dövlətlərarası müqaviləni imzalamaq Cümhuriyyətin birinci hökumətinin fəaliyyəti dövrünə təsadüf edir. Zaqafqaziya Seyminin nümayəndələri ilə Osmanlı dövləti arasında Batumda gedən danışıqlar iyunun 4-də Osmanlı dövləti ilə yenicə müstəqilliyini bəyan etmiş üç Cənubi Qafqaz respublikaları arasında «sülh və dostluq» haqqında müqavilələrin imzalanması ilə nəticələndi. Erməni nümayəndələri tərəfindən imzalanmış müqavilə ilə keçmiş İrəvan quberniyasının 2 qəzası (Eçmiədzin aə Aleksandropol) Osmanlı dövlətinə keçdi. İrəvanın erməni idarəçiliyinə keçməsi isə sırf siyasi mərkəzə ehtiyac səbəbindən əsaslandırılırdı. Yəni, Azərbaycan Cümhuriyyəti xadimləri – Azərbaycan Milli Şurasının üzvləri İrəvan qüberniyasını, o cümlədən İrəvan şəhərini Azərbaycan dövlətinin ərazisi hesab edirdilər. Təbii ki, Azərbaycan xanlıqları olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmış İrəvan quberniyası Rusiya imperiyası devrildikdən sonra öz müqəddəratını təyin edən xalqların iradəsinə uyğun həllini tapmalı idi. Belə ki, bu xanlıqların yerli və əzəli əhalisi olan azərbaycanlılar mütləqiyyət rejiminin kütləvi köçürərək yerləşdirdiyi erməniləri öz ərazilərində vətəndaş kimi görürdülər və imperiyanın tətbiq etmiş olduğu inzibati ərazi bölgüsünü mütləq saymaq məcburiyyətində də deyildilər. Yalnız Cənubi Qafqazda kompakt yerləşdirilmiş və muxtariyyət əldə etmək israrı ilə yerlə əhalini kütləvi qırğına məruz qoyan ermənilərin zorakı siyasətinin qarşısını almaq üçün hərbi gücə malik olmadığı mövcud zaman və şəraitdə diplomatik manevr yolunu seçdilər. Faktiki olaraq erməni hərbi hissələrinin azğın əməllərinin cəngində olan İrəvanı (bax. Seymin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. 10 aprel 1918-ci il) «qaçılmaz bəla» kimi ermənilərə güzəştə getməklə digər Azərbaycan ərazilərini, o cümlədən Qarabağı əldə saxlamaq qərarına gəldilər. Erməni federasiyası kimi nəzərdə tutulan dövlətin – Ararat respublikasının hökuməti 1918-ci il iyunun 20-də Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında yerli əhaliyə qarşı qırğınların miqyası artdı.
Ermənilərin özləri üçün siyasi mərkəz kimi İrəvan şəhərini nəzərdə tutmadıqları 1918-ci il 21 iyun tarixli sənəddən ehtimal oluna bilər. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi M.-Y.Cəfərov xarici işlər naziri M.-H.Hacinskiyə göndərdiyi məxfi məlumatında bildirirdi ki, Gürcüstan Respublikasının hökumət başçısı keçmiş ZFDR-nın (Zaqafqaziya Federativ Demokratik Respublikası) əmlakının bölüşdürülməsi məsələsinin Azərbaycanla separat həll edilməli olduğunu söyləmişdir. Mövqeyini belə əsaslandırmışdır ki, «ermənilər artıq öz hissələrini alıblar və elə yerlərdə cəmləşdiriblər ki, sonradan Türkiyənin əlinə keçmişdir və bu məsələdə Gürcüstanın Azərbaycana və Ermənistana münasibəti fərqlidir». ZFDR buraxılan kimi əmlak hissəsini əldə etməklə yerləşdirmək çevikliyi ilə erməni hökumətinin təşkili və İrəvana köçməsi prosesi arasında zaman uyğunsuzluğu təəssüratı yaranır. İyunun 22-də M.-H.Hacinski M.-Y.Cəfərova, təcili teleqram göndərib ərazi sərhədlərini təyin etmək üçün birgə komissiya təşkil etmək təklifini erməni hökumətinə, əgər hələ yaradılmayıbsa, erməni Milli Şurasına bildirməyi tapşırmışdı. Artıq 2 gün əvvəl erməni hökuməti İrəvana köçmüşdü. Nəzərdə tutulmuş İstanbul konfransında iştirak etmək üçün gürcü və erməni nümayəndələri azərbaycanlılardan bir həftə əvvəl İstanbula gəlmişdilər. M.-Ə.Rəsulzadə İstanbuldan M.-H.Hacınskiyə göndərdiyi məktubda yazırdı ki, ermənilər orada qızğın türkpərəst təbliğat aparırlar, Ənvər paşanın fikrincə almanlar da ermənilərin hakimiyyət sürmələri haqqında mənfi fikirdədirlər.
Xarici ölkələrdə özləri haqqında rəğbətli rəy yaratmaqla məşğul olan ermənilər Cənubi Qafqazda sahib olduqları ərazilərlə kifayətlənməyib müsəlman kəndlərini məhv edirdilər. Andranik qoşunlarını İrəvan və Yelizavetvol quberniyası sərhədlərinə cəmləşdirir və Zəngəzur qəzası tərəfdən Gorusa yaxınlaşırdı. Belə bir şəraitdə, iyulun 31-də Azərbaycan hökumətinin başçısı F.x.Xoyski İstanbuldakı Azərbaycan nümayəndə heyətinin sədri M.-Ə.Rəsulzadəyə yazırdı: «Bütünlüklə Bakı məsələsi ilə məşğul olduğumuzdan hələlik qətiyyətli hərəkət edə bilmirik, amma elə ki, Allah qoysa, bu əməliyyat başa çatdı, onda, əminik ki, bu fitnəkar erməni hərəkatını da ləğv edərik». Azərbaycanın sərhədləri göstərilmiş xəritəni hər vasitə ilə müdafiə etməyi tapşıran F.x.Xoyski M.-Ə.Rəsulzadəyə yazırdı ki, «əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvanı və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina edin». Bəlli olur ki, belə bir şərtlə edilmiş güzəşt şifahi razılaşma əsasında baş vermişdir. Amma real vəziyyət ondan ibarət idi ki, Batum müqaviləsindən düz iki ay sonra, avqustun 4-də M.-Ə.Rəsulzadə İstanbuldan bildirirdi ki, ermənilər tələb etdikləri sərhədlər üzrə layihə və xəritəni Ənvər paşaya təqdim etmişlər. Türkiyədən Sürməli, Naxçıvan, Axalkələki, Eçmiədzin və İrəvan, gürcülərdən Borçalı, Azərbaycandan Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzalarını tələb edirdilər.
Cənubi Qafqazın müstəqilliyini bəyan etmiş hər üç respublikasının nümayəndələri öz ərazi layihələri ilə Osmanlı dövlətinin rəsmiləri ilə danışıqlar aparırdı. Bu məsələlər ilə xüsusi olaraq Ənvər paşa məşğul olurdu. Arxiv sənədlərindən bəlli olur ki, Osmanlı dövlətinin maraqları təmin olunmaqla və Qafqazdakı müsəlman əhalinin mənafeyini nəzərə almaq şərtilə sərhəd ərazilərinin mübadilələri güzəşti əsasında Cənubi Qafqazda dinc, stabil siyasi şərait yaratmaq Ənvər paşanın aparıcı mövqeyi olubdur. Bu məqsədlə erməni və gürcülərlə sərhədlər məsələsini qaldırmayıb, onlarla mübahisə etməməyi azərbaycanlılara tövsiyə edən paşa Borçalı vasitəsilə Türkiyə üçün dəhliz açılmasını nəzərdə tutaraq Borçalı və Tiflis sancaqlarının mühüm hissəsini gürcülərə verib onlarla ittifaq bağlamağı daha sərfəli hesab edirdi. Qazax qəzasının bir hissəsinin ermənilərə keçməsini məqbul bilmirdi. Ermənilərə bir qədər yer verməyin onların iştahasını qızışdırmaq imkanını vermək olduğunu söyləyən Ənvər paşa Borçalının cənub hissəsindən keçməklə erməni dövlətinin sərhədi ilə keçmiş İrəvan quberniyası sərhədinin uyğun gələcəyini qeyd edirdi. Ənvər paşa və digər Osmanlı rəsmiləri ermənilərin saxta iddialarını qəbul etdirmək yönündə qızğın fəaliyyətləri qarşısında aciz olduqları üçün deyil, daha mühüm strateji məsələlər baxımından çıxış edirdilər. Bu mənada Cənubi Qafqazda erməni dövlətinin yaranmasına imkan vermək Osmanlı dövlətinin taktiki manevrlərindən sayıla bilər. 1918-ci il sentyabrın ortalarında M.Ə.Rəsulzadə M.H.Hacinskiyə göndərdiyi məlumatında bildirirdi ki, «əgər Ənvər paşanın fikri qəbul olunarsa, onda Ermənistan haqqında tamamilə danışa bilməyəcəyik. Mümkündür ki, ermənilər müstəqillikdən imtina edərək Azərbaycanda qalmaq və başqa bir formanı qəbul etmək istəyəcəklər». M.-Ə.Rəsulzadənin fikrincə, müsəlmanlardan ibarət Borçalını tərk edib, əvəzində ermənilərdən ibarət ərazi əldə etmək Azərbaycanda erməni elementini artırmaq, müsəlmanları isə azaltmaq demək olardı. Böyük hissəsi müsəlmanlardan ibarət olduğu üçün Dərələyəzi tərk etməyin qətiyyən mümkün olmadığını Ənvər paşanın diqqətinə çatdırmış, cavabında paşa «əgər belədirsə, onda Dərələyəzi də güzəştə getmək lazım deyildir» söyləmişdir. «Türkləri verib erməniləri almağı müvəffəqiyyət» saymayan M.-Ə.Rəsulzadə Azərbaycan hökumətinə öz nöqteyi-nəzərində israr etməyi tövsiyə edirdi.
Paradoksal görünsə də, gerçəkləşən erməni dövləti bolşeviklərin deyil, Osmanlı hökumətinin həyata keçirdiyi, həm də Türkiyədə deyil, Cənubi Qafqazda baş tutan layihə oldu. Cənubi Qafqazın siyasi müqəddəratı ilə bağlı hələ I Dünya müharibəsi illərində müxtəlif layihələr hazırlanmış, təkliflər irəli sürülmüşdü. Gürcülərin təqdim etdiyi layihədə bir sıra ərazilər müqabilində İrəvanın bir hissəsinin də Osmanlı dövlətinə keçməsi nəzərdə tutulurdu. 1918-ci ilin yazında Osmanlı hökuməti həmin İrəvanın erməni dövlətinin paytaxtı olmasını və Qafqazda erməni dövlətinin yaranmasını reallığa çevirdi. Beləliklə, uzun əsrlər itirilmiş dövlətçiliyini, həm də Qafqazda olmayan dövlətçiliyini ermənilər tarixi düşmən adlandırdıqları türklərin, özü də Osmanlı türklərinin əli ilə əldə etdi. Hələ I Dünya savaşında Rusiya mütləqiyyətinə xidmətləri müqabilində Qafqazda «nəsə» əldə etməyə əmin olmayan ermənilər Osmanlı dövlətinin razılığı ilə 1918-ci ilin mayında arzularına çatdılar. «Türkiyə Ermənistanı» uğrunda canfəşanlıq edən mərkəzi sovet hakimiyyəti bu layihəni Qafqaz üçün heç də məqbul bilməmişdi. Hətta Moskva Erməni Milli Komitəsi bu xəbəri böyük təşvişlə qarşılamışdı. «Kiçik xalqın müstəqilliyini elan edərək Rusiyadan könüllü ayrılmasını quraşdırmağın yolverilməz olduğu» bildirilirdi. (13, f.71, s.33, iş.60, v.5-7) Bu hərəkət ümumrusiya işinə xəyanət kimi qiymətləndirilirdi. Mətbuatın verdiyi məlumata görə, Moskva Erməni Milli Komitəsi digər dövlətlərin iradəsini nəzərə almadan erməni dövlətinin yaradılması cəhdinə qarşı etirazını bildirmişdir (13, f.71, s.33, iş.60, v.5-7). Mətndən bəlli olduğu kimi, «Fəhlə-kəndli Rusiya hökuməti» nəzərdə tutulurdu. Məlumatda diqqəti cəlb edən məsələ erməni dövlətinin ərazisi ilə bağlıdır: Zaqafqaziyanın dağlıq hissəsindəki ərazilər Ermənistan adlandırılaraq, Erməni Milli Şurasının Türkiyə ilə, Ermənistanın müstəqilliyini tanıyan sülh müqaviləsi bağladığı bildirilirdi (13, f.71, s.33, iş.60, v.5-7).
Cənubi Qafqazın bir hissəsinə «Ermənistan» adı verilərək qurulan bu dövlətin ilkin rəsmi sənədlərdə adı «Ararat Respublikası» kimi göstərilmişdir. «Erməni Federasiyası» ifadəsi də ilkin sənədlərdə yer almışdır (4, f.970, s.1, iş.1, v.51). Məsələnin belə formada həlli Rusiya erməniləri tərəfindən də birmənalı qarşılanmamışdı. Mətbuatın yazdığına görə, Almaniya diplomatiyasının yetirməsi sayılan «Müstəqil Ermənistan» və onun müvəqqəti hökuməti ermənilər arasında çox tanınmış deyildi.
Ayrılıqda Ermənistanın heç cür yaşamaq qabiliyyətinin olmayacağına əmin olduqlarını söyləyən Erməni Milli Komitəsinin görkəmli üzvlərindən biri bildirmişdi ki, «geniş erməni kütlələri ayrılmaq tərəfdarı deyildir. Əksinə, onlarda istənilən rus hakimiyyəti tərəfə çox möhkəm meyl vardır». (13, f.71, s.33, iş.1724, v.63)
Rus mətbuatının yazdığına görə, bütün iri rus şəhərlərində ermənilərin yığıncağı keçirilir və «hər yerdə erməni məsələsinin nəzərdə tutulan və Türkiyənin həyata keçirdiyi formada həllinə ermənilərin kəskin mənfi münasibətini ifadə edən qətnamələr çıxarılırdı». Böyük dövlətlərin dəstəyi ilə Türkiyədə «erməni məsələsi»nin belə həllini erməni xalqının böyük faciəsi sayaraq «Daşnaksutyun» partiyasını dönə-dönə lənətləyirdilər. Dağ massivlərindən, sərt iqlimə malik, olduqca yoxsul ərazidən ibarət Ermənistan dövlətinin fiksiya olduğunu deyir, «12.400 kvadratverst»lik yeri «dövlət ərazisi» hesab etmirdilər. «Müstəqil Ermənistanın yaradılması» «erməni məsələsini beynəlxalq masştabdan məhrum etmək» sayılırdi. (13, f.71, s.33, iş.1724, v.33) «Ararat Respublikası»na ermənilər tərəfindən belə münasibət məntiqi suallar doğurur və bir daha Qafqazın ermənilərin qədim vətəni olmadığını təsdiqləyir. Dövlət üçün verilmiş ərazinin əlverişsizliyi, qeyri-münbitliyi və s. vətən torpağını müəyyənləşdirə bilməz. Bütün halları, vəziyyəti ilə vətənində yaranmış milli dövlətinə münasibət seçim məzmunu daşımamalıdır. Qafqazda erməni muxtariyyətinə nail olmaq ümidi ilə və digər məqsədləri naminə dünya müharibəsində Rusiya hökumətinin xidmətində olan ermənilər artıq «Türkiyə Ermənistanı»ndan əlavə, Qafqazda da dövlətə malik olub, sonralar əraziləri birləşdirmək niyyətində idilər. Türkiyənin əli ilə alınmış «Ararat Respublikası» isə onların strateji planları ilə ziddiyyət təşkil edirdi. Sonralar Qafqazda özlərinə saxta tarix düzəldən ermənilər gürcülərlə ərazi davasında «real yerləşmə» prinsipini irəli sürdü. Gürcülər isə «tarixilik prinsipi»ndən çıxış edirdilər. Çarizmin köçürmə siyasəti nəticəsində Cənubi Qafqazın əksər strateji bölgələrinə yerləşdirilmiş ermənilər üçün «real yerləşmə» prinsipi sərfəli idi. Bu prinsipi qəbul edəcəkləri halda gürcü qəzeti «Ertoba»nın yazdığına görə, paytaxtları Tiflis Gürcüstanın dövlət sərhədlərinin yaxınlığında qala bilərdi (13, f.71, s.33, iş.1724, v.50).
XX yüzilliyin əvvəllərində ərazi iddiasında «tarixilik» prinsipini məqbul bilməyən ermənilər elmi-ideoloji sahədə bir əsrlik hazırlıq işi apararaq saxtalaşdırılmış tarixi beynəlxalq ictimaiyyətə qəbul etdirmək yönündə «bütün cəbhə boyu» hücuma keçdilər.
«Türkiyə Ermənistanı» dekreti əvvəlcə Brest-Litovsk müqaviləsi, XX yüzilliyin 20-ci illərində Mustafa Kamalın başçılıq etdiyi milli-azadlıq mücadiləsinin qələbəsi və Sovet Rusiyası ilə yaratdığı əməkdaşlıq sayəsində tətbiqi məzmun ala bilmədi. Onu gerçəkləşdirmək tapşırılmış S.Şaumyan nəinki «Türkiyə Ermənistanı» muxtariyyətini, nəinki Qafqazda, heç Bakıda belə sovet hakimiyyətini təmin edə bilmədi. Bununla belə, xarici siyasətində, Türkiyəyə münasibətdə erməni xalqının müqəddəratına «biganə qalmayan» sovet dövləti ərazi iddiasını uzun müddət qüvvədə saxladı. Ermənilərin isə bu gün də dövlət səviyyəsində Türkiyə ərazilərinə iddiaları öz qüvvəsini açıq şəkildə atributiv məzmun kimi saxlamaqdа davam edir.
Firdovsiyyə Əhmədova,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
«Tarix» kafedrasının müdiri,
əməkdar müəllim
İstifadə olunmuş ədəbiyyat:
1. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, iki cilddə, Bakı, 2004-2005
2. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabat), iki cilddə, Bakı, 1998
3. Azərbaycan Respublikası Prezidentinin işlər idarəsinin siyasi sənədlər arxivi
4. Azərbaycan Respublikasının Dövlət Arxivi
5. Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-1918-ci illər, Bakı, 1960
6. «Bakinskiy raboçiy» qəzeti
7. Bolşevistskoe rukovodstvo. Perepiska. 1912-1927. Sənədlər toplusu, Moskva, 1996
8. Dekretı Sovetskoy vlasti, Moskva, 1957, c.I
9. Dokumentı vneşney politiki SSSR, c.I, Moskva, 1957
10. Əhmədova F. Qafqazda “Azərbaycan” istilahına dair. Azərbaycan tarixi Muzeyi-2006, Bakı, s.72
11. Qafarov V.V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922), Bakı, Azərnəşr, 2011, 474 s.
12. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər), Bakı, 1996
13. Rusiya dövlət sosial-siyasi tarix arxivi (RDSSTA).
14. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il, Bakı, 2006, 216s.