VİDEO 21+ Döydülər, bədəninə cərəyan buraxdılar, sonda isə dilini kəsdilər ...(Ürəyi və əsəbi zəif olanlar baxmasın)

30-09-2017, 08:59           
VİDEO 21+ Döydülər, bədəninə cərəyan buraxdılar, sonda isə dilini kəsdilər ...(Ürəyi və əsəbi zəif olanlar baxmasın)
Dörd il bundan öncə RF Dağıstan Respublikasının Daxili İşlər Nazirliyində baş verməsi iddia edilən hadisədən şok görüntülər
2013-cü ilin sentyabrında RF-nin Dağıstan respublikasında baş vermiş hadisə bütün cənub regionunu silkələdi. Tanınmış iş adamı, milliyətcə ləzgi Nasir Pirimovun(Cavadov) qəfil ölüm xəbəri şok effekti yaratdı. Məlumatlarda deyilirdi ki, o, daxili işlər nazirliyinin baş cinayət axtarış idarəsində dindirilmə zamanı ürək çatışmazlığından dünyasını dəyişib. Buna inananlar da oldu, inanmayanlar da.
Nasir Pirimov(Cavadov) Dağıstanın cənub regionunda, eləcə də, respublikada tanınmış iş adamı idi. Onun Rusiya-Azərbaycan sərhəddinin lap yaxınlığında otelləri, avtomobil dayanacaqları və başqa obyektləri də vardı. Bir ara çirkin siyasi oyunlara da baş qoşmuşdu. 90-cı illərdə “Sadval” rəhbərliyində də təmsil olunub. Amma sonradan ciddi biznes fəaliyyətinə girişərək, Cənubi Dağıstanda öz nüfuz dairəsini yarada bilmişdi. Fiziki cəhətdən möhkəm, sözündən dönməyən şəxs kimi xarakterizə olunurdu. Onun həbsi də sıradan bir məsələ deyildi. 2009-cu ildə Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunun icra başçısı Abrek Qadjiyev paytaxt Mahaçqalada xidməti avtomobilində “Kalaşnikov” avtomatından açılan atəşlər nəticəsində qətlə yetirildi, sürücüsü Arsen Alixanov ağır yaralandı. Uzun sürən axtarışlar bir nəticə vermədi. Nəhayət, hadisədən dörd il sonra əməliyyatçılar cinayətkarların izinə düşə bildilər. Rəsmi məlumatlardan aydın oldu ki, icra başçısının ölümünü Nasir Pirimov(Cavadov) sifariş edib. O, bu cinayətin törədilməsindən ötrü 1,5 milyon rubl ödəyib. Sonrakı hadisələr zəncirvari şəkildə davam edib. Qətl sifarişini Qadjibek Qadjibekov adlı bir şəxs yerinə yetirməli idi. O, killer tapmaq üçün “Fransız” ləqəbli tanışı ilə sövdələşir. “Fransız” isə Kurban Maqomedov adlı bir vasitəçiyə çıxır. Adıçəkilən şəxs kömək üçün yaxın qohumu Alixan Dinova müraciət edir. Nəhayət, sonuncu killer “kirayələyir”. Ruslan Axmedov adlı Mahaçqala sakini sui-qəsdi həyata keçirir. Dörd il sonra bu hadisənin üstü açılır , sentyabrın 10-da killer həbs olunur və hər şeyi boynuna alır. Məhz bundan sonra Nasir Pirimov(Cavadov) da daxili işlər nazirliyinin cinayət axtarış idarəsinə aparılır, dindirilərkən qəflətən halı pisləşir və təcili yardım maşını gələnədək dünyasını dəyişir. Bu arada Nasirin evində axtarış da aparılır. Mənzilindən və həyətindən “Kalaşnikov” avtomatları və digər silah-sursat tapılır. Bütün bu qeyd etdiklərimiz Dağıstan daxili işlər nazirliyi rəsmilərinin açıqlamalarından götürülüb.
Nasirin ölümündən sonra qardaşı Niyaz araşdırmalara başlayır. Morqda qardaşının cənazəsinə keçirilən baxışda iştirakı təmin olunur. Adının çəkilməsini istəməyən mənbənin bizə verdiyi məlumata görə, bununla kifayətlənməyən Niyaz külli miqdarda pul xərcləyərək qeyri-rəsmi şəkildə bir neçə nəfərlə morqa girərək burada çəkiliş aparır. Həmin vaxt qardaşının meyidinin üzərindəki zorakılıqları lentə aldırır. Onun “Yutuba”a yerləşdirilən çıxışından aydın olur ki, Niyaz icra başçısının ölümündə qardaşını günahkar saymır. Nasirin onurğa sütununun sındırıldığını və digər işkəncələrə məruz qaldığını açıqlayır. O iddia edir ki, bütün bunlar qardaşının obyektlərini ələ keçirməkdən ötrü törədilib.
“Şimal xəbərləri” qəzeti böyük çətinliklə meyidin morqdakı gizli videogörüntülərini əldə edib. Dəhşətdir. İnsan inanmaq istəmir ki, 21-ci əsrdə daxili işlər nazirliyinin baş cinayət axtarış idarəsində bu cür qəddarlığa yol verilsin. Doğrudur, bir sıra mənbələr iddia edirlər ki, Nasir Pirimov(Cavadov) başqa yerə aparılaraq işkəncələrə məruz qalıb. Artıq onun ölmək üzrə olduğunu bilən əməliyyatçılar Nasiri yenidən dindirmə otağına qaytarıblar. Başqa versiyaya görə, bu işlə bağlı bəzi yüksək vəzifəlilər DİN-in “lazımi” adamlarına külli miqdarda rüşvət veriblər. Daha bir informasiyaya əsasən isə, qətlə yetirilmiş icra başçısının yaxınları DİN-ə yol taparaq qisas tədbiri həyata keçiriblər. Əlbəttə, bütün bunlar ehtimallardır. Görünən isə budur ki, Nasir Pirimov(Cavadov) vəhşicəsinə döyülüb, bədəninə elektrik cərəyanı verilib, axırda isə dili kəsilib. Ən maraqlısı sonuncu işkəncədir. Belə çıxır ki, Nasir dilini də dinc qoymurmuş. Nə isə. Maraqlı detallar çoxdur. Bir məsələ isə ciddi sual doğurur: Görəsən, nəyə görə morqdakı videoçəkiliş Rusiya dövlətinin yuxarı strukturlarına təqdim edilməyib? Niyaz Cavadov hansı səbəblərə görə indiyədək susur? Nə üçün qardaşının başına gətirilən belə bir faciənin səbəbkarlarının cəzalandırılmasını istəmir?
Qeyd etdiyimiz kimi, hadisədən dörd il ötür. Bu məsələ kriminallaşmış Dağıstanda unudulmaq üzrədir. Yazını burada da tamamlamaq olardı. Deyə bilərlər ki, qonşu dövlətdə baş verən hadisənin bizə nə aidiyyatı? Sadəcə jurnalist borcumuzu yerinə yetiririk. Əlimizə keçən videogörüntüləri sizlərə təqdim etməkdə tərəddüd edirdik, son anda fikrimizdən daşındıq. Hesab etdik ki, burnumuzun lap ucunda yerləşən Dağıstanda baş verən bir cinayətin xronologiyası yazılmalıdır. Həm də ona görə ki, içimizdə şimalı bizə qanun mücəssiməsi kimi təbliğ edənlərin yalanları üzə çıxsın. Sonda həqiqəti hamı bilsin. Axı biz quldarlıq quruluşunda yaşamırıq!
Müqəddəs Mehdiyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.