Qarabağa qanunsuz səfər edən xainləri kim cəzalandıracaq: - Bakı, yoxsa Ankara?

30-09-2017, 10:58           
Qarabağa qanunsuz səfər edən xainləri kim cəzalandıracaq: - Bakı, yoxsa Ankara?
Azərbaycanın Baş Prokurorluğu dörd nəfər Türkiyə vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, bu ilin fevral ayında Dağlıq Qarabağa qanunsuz səfər edən yəhudi blogger Aleksandr Lapşin Azərbaycan dövlətinin istəyi ilə Belarus Respublikasında həbs edilərək Bakıya gətirilmiş və məhkəmə hökmü ilə 3 il həbs cəzasına məhkum edilmişdi. Yəni Azərbaycan dövləti onun işğal altındakı ərazilərinə qanunsuz səfər edən hər kəsə qarşı istisnasız olaraq sərt sanksiyalar tətbiq edir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, məlum Türkiyə vətəndaşlarının adları artıq XİN-in “qara siyahı”sına daxil edilib: “Onların adı arzuolunmaz şəxslər siyahısına daxil edilib. Prokurorluqda onlar barəsində zəruri olan hüquqi addımlar atılır. Qardaş Türkiyə ilə də müxtəlif səviyyələrdə bu məsələlər müzakirə olunur. Bizdə olan məlumata görə, həmin şəxslər Dağlıq Qarabağa ilk dəfə gediblərmiş”.

Hüquq müdafiəçisi, Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri Əvəz Həsənov isə bildirdi ki, Türkiyə dövləti Dağlıq Qarabağa səfər edən həmin vətəndaşlarını həbs eləyəcək və mühakiməni də böyük ehtimalla özü edəcək: “Türkiyə heç maraqlı deyil ki, onun vətəndaşları Dağlıq Qarabağ erməniləri ilə əlaqələr qursun. Bu birbaşa olaraq Azərbaycan-Türkiyə maraqlarına zərər vuracaq addım ola bilər. Türkiyə təbii ki, Ermənistan ilə mədəni və iqtisadi münasibətləri bərpa etmək yolunda addım atacaq. Bu eyni zamanda erməni iş adamlarına Türkiyədə biznes qurmaq və investisiya yatırmasına şərait yaradacaq. Lakin Türkiyə Dağlıq Qarabağda nəsə etməkdən çəkinir. Türkiyədə kifayət qədər insanlar var ki, onlar Ermənistanla məsələnin çözülməsində maraqlı görünürlər, onlara elə gəlir ki, ermənilər ilə Türkiyə arasında yaşanan gərginlik artıq tarixdir, yeganə mane Dağlıq Qarabağ problemidir. Həmin şəxslərin də səfəri Ermənilər tərəfindən planlaşdırıla bilərdi, eyni zamanda onların özləri də problemi araşdırmaq üçün bu səfərə təşəbbüs göstərə bilərdilər. Azərbaycanın Türkiyə vətəndaşlarına cinayət açmasında ciddi problem yoxdur. Ancaq Türkiyənin həmin vətəndaşları həbs edib bizim hüquq-mühafizə orqanlarına təhvil verməsi ağlasığan deyil. Türkiyə maksimum onların cinayət işi sənədini Azərbaycandan tələb edəcək. Onları terrorizmi dəstəkləmək və millətlər arası ədavətin qızışdırılması ittihamı ilə həbs və mühakimə edə bilər. Türkiyədə məhkəmə prosesi 10 illərlə çəkir, ona görə də əgər belə bir cinayət işi və məhkəmə olacaqsa bizi qarşıda uzun və maraqlı dartışma gözləyir. Onların Azərbaycana təhvil verilməsi inandırıcı deyil. Amma Azərbaycan onların tutulub təhvil verilməsini istəyir”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məsələyə münasibət bildirib. Səfir APA-ya deyib ki, Dağlıq Qarabağa edilən bu kimi qanunsuz səfərlər təbii ki, həll prosesinə zərər verir: “Bu prosesə zərər verən davranışları Türkiyə olaraq şiddətlə qınayırıq. Bu səfəri həyata keçirənlər Türkiyənin rəsmi mövqeyini ifadə etmək səlahiyyətində olan şəxslər deyil. Onlar fərdi olaraq ora gediblər. Bizim rəsmi mövqeyimiz də bəllidir. Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq əsasında müxtəlif təşkilatlar tərəfindən verilmiş qərarlara bağlı olaraq həllini istəyir”.

E.Özoral Türkiyə vətəndaşlarına Dağlıq Qarabağa qanunsuz səfərlə əlaqədar Azərbaycanda cinayət işinin açılmasını da şərh edib. O deyib ki, bu hüquqi prosesdir və hüququn tələb etdiyi addımlar atılacaq: “Biz hüquqa hörmətlə yanaşırıq”.

YAP-çı deputat Hikmət Babaoğlu isə bildirib ki, Türkiyə vətəndaşları olan bir qrup şəxsin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi buna qarşı Türkiyə dövlətinin heç bir tədbir görməməyi təəssüf doğurur. Bu, ilk növbədə Türkiyə-Azərbaycan münasibətləri, iki ölkə arasındakı strateji əməkdaşlıq ruhuna yaraşmır: “Dağlıq Qarabağ bölgəsinə səfər edən Türkiyə vətəndaşları təkcə Azərbaycanın əleyhinə deyil, həm də öz ölkələrinin əleyhinə fikirlər səsləndiriblər. Türkiyə güclü dövlətdir və bu qanunsuz səfərlə bağlı mütləq tədbirlər görülməlidir. Bu cür hərəkətlər, bu cür addımlar birinci dəfə deyil. Bilirik ki, bir neçə dəfə bəzi türkiyəli jurnalistlər Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərimizə səfər ediblər. Bu məsələnin bu şəkildə davam etməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq çox ciddi hiddət doğurub. Azərbaycan ictimaiyyəti bu səfəri şiddətlə qınayır. Ona görə də Türkiyə dövləti bu şəxslər haqqında ən ciddi tədbirləri görməlidir. Azərbaycan bu məsələdə çox həssasdır. Çünki Azərbaycanın əraziləri işğal olunub. Türkiyənin belə bir həssas, milli məsələsində azərbaycanlılar buna bənzər addımlar atsa, tutaq ki, Azərbaycanın bir qrup tanınmış şəxsi Cənubi Kipr respublikasına səfər edir və orada müxtəlif görüşlər keçirib anti - Türkiyə fikirlər səsləndirirsələr, görəsən Türkiyənin münasibəti necə olar? Türkiyə özünü Azərbaycanın yerinə qoymalıdır və buna əsasən də qərar qəbul etməlidir. Azərbaycan beynəlxalq təşkilatlarda, hər yerdə hər zaman Türkiyəni dəstəkləyib. 2016-cı ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan prezidenti cənab İlham Əliyev öz qəti mövqeyini ortaya qoydu. Azərbaycan xalqı daima Türkiyənin yanında olduğunu bildirir. Ona görə də Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı bu qətiyyəti Türkiyədən gözləyir. Türkiyə ya o şəxsləri özü cəzalandırsın, ya da beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiklərinə görə onları ölkəmizə təhvil versin”.

Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER) rəhbəri Göksel Gülbey isə bildirib ki, Dağlıq Qarabağa gedən Türkiyə vətəndaşları Azərbaycana təhvil verilməli və məhkəmə qarşısında cavab verməlidirlər. G.Gülbey bildirib ki, U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu uzun illərdir Türkiyədə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərib və qondarma “erməni soyqırımı”nın tanınması və dəstəklənməsi üçün kitablar yazıblar.

Bu arada Ufuk Arasla Xəbər365.com SAYTI əlaqə yaradıb. O, açıqlamasında hadisəni belə şərh edib: “Bu xəbəri eşidəndə çox pis oldum. Çünki Azərbaycan bizim dostumuzdur. Biz bu məsələdə tərəf deyilik. Jurnalist, yazıçı, akademik kimliyimizlə bölgədə vəziyyəti anlamağa çalışırıq. Bu qərarın ləğv edilcəyini ümid edirəm. Çünki vacib olan niyyətdir. Azərbaycana da gəlib müşahidələrimizi paylaşmaq istəyirdik. Qarabağın tarixi məkanlarını gəzdik və Xocalıya gedərək Xocalı qətliamını qınadığımızı dedik. Hüquqşünaslar mövzunu araşdırır. Məqsədimiz problem yaratmaq deyil, sülh üçün həll variantları tapmaqdır. Hətta bəzi bölgələrdən çəkilməli olduqlarını izah etdik, onlar da danışıqlara hazır olduqlarını bildirdilər. Mən prinsip olaraq hamının kökü haradadırsa, orada da sülh içində birlikdə yaşamağının tərəfdarıyam. Hər iki bölgəni də ziyarət edən Tomas de Valın ”Qarabağ" kitabını oxuyanda bu qərarı vermişdim. Sizin vasitənizlə dost Azərbaycan xalqına sevgilərimi çatdırmaq istəyirəm". \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.