Qarabağ üçün daha bir fürsət - prezidentlərin növbəti görüşü ən çox kimə sərf edir?

30-09-2017, 14:26           
Qarabağ üçün daha bir fürsət - prezidentlərin növbəti görüşü ən çox kimə sərf edir?
BMT baş katibi Antonio Quttereş Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında təşkilatın Baş Məclisi çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüşlə bağlı nikbinlik ifadə edib. Baş katib bu görüşün Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçüm zəmin ola biləcəyini söyləyib.

Siyasi təhlilçilərə görə, prezidentlərin daha bir görüşü ilk növbədə son vaxtlar xeyli artmış müharibə riskini qismən azaltmaq və münaqişə tərəfləri arasında azacıq da olsa, etimad ab-havası yaratmaq niyyəti güdür. Həmsədrlər də vəziyyətin kritikliyinin, sülh danışıqlarının davam etməyəcəyi təqdirdə hərbi əməliyyatların bərpası ehtimalının yüksək olduğunun fərqindədir.

Görünür elə bu səbəbdən onlar oktyabrın birinci yarısında regiona səfərə gəlməyə hazırlaşırlar. “Məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlamaqdır”. Musavat.com-un məlumatına görə, bu barədə Ermənistan XİN başçısı Edvard Nalbəndyan İrəvanda Böyük Britaniyanın Avropa və Amerika işləri üzrə dövlət naziri Alan Dunkanla keçirdiyi mətbuat konfransında söyləyib. “Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri ilə görüşün gedişində biz yaxın zamanlarda ən yüksək səviyyədə görüş və həmsədrlərin regiona səfəri ilə bağlı müzakirələr apardıq”, - deyə Nalbəndyan qeyd edib.

Lakin hələlik prezidentlərin görüşünün konkret harada və hansı tarixdə - Rusiyada, yoxsa ABŞ-da və ya Fransada reallaşacağı haqda konkret məlumat yoxdur. Görüşün sülh prosesinə təkan verib-verməyəcəyi barədə də indidən hansısa nikbin fikir söyləmək çətindir. Ən azı ona görə ki, Minsk Qrupu timsalında vasitəçilik institutunun 24 illik fəaliyyəti pozitiv heç nə ilə yadda qalmayıb. Əsas həmsədr dövlətlərin konfliktə yanaşma tərzində də kardinal dəyişiklik müşahidə edilmir.

*****

“ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Endryu Şefer öz fəaliyyətində Birləşmiş Ştatları təmsil etməyə davam edəcək”. News.am erməni saytının verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyindən bildiriblər. Səfirlikdən qeyd ediblər ki, Avropa və Avrasiya məsələləri üzrə Büro Minsk Qrupunda xüsusi nümayəndənin funksiyaları və kadrların artırılması ilə bağlı məsələlərlə məşğul olmağa davam edir: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir və tərəflərlə Minsk qrupunun həmsədri qismində fəal işləməyə davam edəcək”.

Səfirlikdən vurğulayıblar ki, ABŞ Minsk qrupu tərəfindən qəbul olunan siyasətə sadiq qalacaq. Bu isə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həll variantıdır.

*****

Xatırladaq ki, bu günlərdə ABŞ dövlət katibi Reks Tillersonun Dövlət Departamentinin yenidən təşkili çərçivəsində təxminən 30 xüsusi səfir vəzifəsinin ləğvini təklif etdiyi barədə məlumat yayılmışdı. Onların arasında Minsk Qrupunda Qarabağ münaqişəsi ilə məşğul olanların da olduğu bildirilirdi. Bu məlumat bəzi siyasi təhlilçilərdə Vaşinqtonun Dağlıq Qarabağ məsələsinə diqqətini azaldacağı ilə bağlı qənaətlər yaradıb.

“ABŞ-ın bu hərəkəti Rusiyaya Cənubi Qafqazda qol-qanad açmağa imkan yaradacaq və Ermənistanın dəyirmanına su tökəcək”. Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli ABŞ-ın Minsk Qrupundakı təmsilçiliyinin ixtisara salınacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ bu addımı atarsa, Qarabağ məsələsində üstüörtülü formada da olsa, ermənipərəst mövqe tutmuş olar.

“Həqiqətən də ABŞ-ın Minsk Qrupundakı həmsədrinin ixtisara salınması planlaşdırılır. ABŞ bunu Dövlət Departamentində ixtisar əməliyyatlarının həyata keçirməsi və maliyyə vəsaitinə qənaət etməklə əlaqələndirir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin 1 illik xərci 130 min dollardır. Güman etmirəm ki, ABŞ kimi nəhəng bir dövlətin 130 min dollara böyük ehtiyacı olsun. Burada siyasi motivlərin üstünlük təşkil etdiyi ortadadır. ABŞ-ın bu addımı ilə onun Dağlıq Qarabağ probleminə ögey münasibətini vurğulamaq məcburiyyətindəyəm. Çünki ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl öz çıxışlarında problemin həlli üçün proseslərin sürətlənməsi və tez zamanda həll edilməsinə dair görülən tədbirləri nəzarət altında saxlayacağı ilə bağlı bəyanatlar verirdi. Ağ Evin sözçüsü də bu sözləri tez-tez təkrar edirdi. Gözlənilmədən Minsk Qrupunun həmsədrinin, proseslə daim məşğul olan bir adamın missiyasının dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininə həvalə olunması bu işdə axsamaların yaranmasına səbəb olacaq. Bu axsama Amerikadan olan həmsədri əvəz edən şəxsin hər gün bu işlə məşğul olmaq imkanının olmaması ilə bağlıdır. Eyni zamanda Minsk Qrupunun amerikalı həmsədrinin ixtisara salınması ilə Dağlıq Qarabağ probleminin həllində əsas söz Rusiyanın öhdəliyinə veriləcək. Yenidən Rusiya Cənubi Qafqazda, eləcə də Dağlıq Qarabağ problemi məsələsində at oynatmaqda davam edəcək”, - deyə politoloq qeyd edib.

Politoloq onu da deyib ki, ABŞ-ın bu məsələdəki mövqeyi başadüşülən deyil: “Tramp bundan əvvəlki çıxışında Cənubi Qafqazda mövqeyini daha da genişləndirəcəyi və burada Rusiya ilə ciddi rəqabət mübarizəsinə girəcəyini bildirmişdi. Həmin rəqabətin elementlərindən biri də Dağlıq Qarabağ probleminin həlli məsələsidir. ABŞ bu problemin həllinə ciddi yanaşmır. Çünki ABŞ-ın daimi nümayəndəsini keçici nümayəndə ilə əvəzləmək istəyini başqa cür adlandırmaq olmur”.

Politoloq vurğulayıb ki, öncədən çox ciddi proqnozlar vermək istəmir: “Amma bunu əminliklə deyə bilərəm ki, ABŞ-ın bu hərəkəti Rusiyaya Cənubi Qafqazda qol-qanad açmağa imkan yaradacaq və Ermənistanın dəyirmanına su tökəcək. Bu islahatın Ermənistanı dəstəkləyən lobbiçilərin təsiri altında həyata keçirildiyi qənaətindəyəm. Özünü dünyanın bir nömrəli dövləti elan edən və dünya düzəninə cavabdeh olan dövlətin belə haqsız mövqe sərgiləməsi başadüşülən deyil”.

*****

“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Moskvanın mövqeyi dəyişməyib”. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun tərkibində mümkün dəyişiklik edilməsi məsələsinə münasibət bildirərkən deyib. Qeyd edək ki, belə bir dəyişikliyinin mümkünlüyünü ATƏT-in Cənubi Qafqaz üzrə yeni nümayəndəsi Bakıda bəyan eləmişdi.

“Dəyişikliklər barədə məlumatım yoxdur. Mütəxəssislərlə dəqiqləşdirib daha ətraflı məlumat verəcəyəm”, - M.Zaxarova qeyd edib. “Amma Rusiyanın münaqişənin həllindəki rolu və həlli məsələsindəki mövqeyi dəyişməyib”, - deyə Rusiya XİN sözçüsü əlavə edib.

*****

Məsələ də elə Minsk Qrupunun tərkibinin dəyişməsindən daha çox, işğalçı Ermənistana əsas təsir imkanı olan Moskvanın mövqeyinin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır. Moskva isə ənənəvi yanaşmasında düzəliş etməyə hazırlaşana oxşamır. Ənənəvi mövqe isə faktiki surətdə Dağlıq Qarabağ ixtilafını, status-kvonu süni surətdə uzatmaqdan ibarətdir. Rusiya Dağlıq Qarabağ probleminin kardinal həllində sadəcə olaraq, maraqlı deyil.

Belə vəziyyətin daha nə qədər sürəcəyi hələ ki bəlli deyil. Nəzərə alsaq ki, Ermənistan prezidenti Serj Sərkisyan asqıranda belə Moskvadan icazə alır, o zaman qətiyyətlə söyləmək olar ki, növbəti-Əliyev-Sərkisyan görüşünün nəticəsi də bütünlüklə Kremldən asılı olacaq.

Yaranmış durumda Azərbaycanın artan hərbi qüdrəti işğalçını sülhə və ədalətli danışıqlara məcbur eləmək üçün yeganə ciddi faktora çevrilə bilər. Azərbaycanın hərbi gücü isə xeyli dərəcədə onun qardaş Türkiyə ilə ittifaqdadır. Nə xoş ki, bu ittifaq getdikcə daha böyük bıhrələrini verməkdədir. Qardaş ölkənin milli müdafiə naziri Nurədddin Caniklinin Bakıya təzəcə başa çatan səfəri bunu bir daha nümayiş etdirdi.

Türkiyəli hərbi nazirinin xüsusilə də bu sözləri Qarabağ ixtilafı kontekstində mühüm əhəmiyyət daşıyır və haqlı olaraq, erməni KİV-lərinin də diqqətini çəkib. Nazir Bakıda bəyan elədi ki, “Azərbaycan xalqının istəyi Türkiyə üçün əmrdir”.

Bu sözlər Ermənistanda və işğal altındakı separatçı bölgədə ikinci “erməni dövləti” xülyası ilə yaşayanlar üçün soyuq duş təsiri bağışlamalıdır. O mənada ki, Qarabağ uğrunda müharibə hələ bitməyib ki, erməni tərəfi artıq öz mifik “hərbi qələbələrinin” böyük siyasi yekunundan danışsınlar. Ötən ilin aprelində erməni işğalçı ordusunun fiaskosu ilə nəticələnən “4 günlük” müharibə bu xüsusda düşmən tərəfə ciddi mesaj idi. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.