“İNQİLAB KEŞİKÇİLƏRİ” ABŞ-ın HƏDƏFİNDƏ:Xameneyi ordusunu terror təşkilatı elan etmək Vaşinqtona nə verəcək? - ARAŞDIRMA
13-10-2017, 10:29
Prezident Donald Trampın ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən cıxmasını elan edəcəyinin gözləndiyi bir vaxtda, təhlilçilər başqa bir narahat məsələyə də toxunurlar.
Əgər birdən Vaşinqton İran üzərinə təzyiqləri bir az da artırmaq məqsədilə Tehranın ən qüdrətli təsisatlarından birini – İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) “terrorçu təşkilatların siyahısına” daxil etməyi qərara alarsa, iki ölkə arasındakı münasibətlərdə və bütün Yaxın Şərqdəki vəziyyətdə nə kimi böyük dəyişikliklər gözləmək olar?
Azadlıq Radiosunun müxbiri Gülnaz İsfəndiyari yazır ki, İİKK-in Amerikanın Xarici Terrorçu Təşkilatlar (XTT) siyahısına daxil etməsi, İranın nüfuzunu xaricdə yayan bu qüdrətli təşkilatın üzərinə Vaşinqtondan edilən təzyiqləri son dərəcə artırmış olardı.
"Reuters" hələ fevral ayında yazırdı ki, belə bir qərar Trampın birbaşa sərəncamı şəklində verilə bilər.
Nə üçün İİKK?
İİKK 1979-cu il inqilabından dərhal sonra İranın islami hakimiyyətini xarici və daxili təhlükələrdən qorumaq və “inqilabi idealları” müdafiə etmək məqsədilə yaradılıb. İİKK birbaşa ölkənin ali rəhbərinə tabedir və o, Əli Xameneyinin hakimiyyəti illərində xeyli qüdrətlənib.
Bu qurum ölkə daxilində şəriət qaydalarının tətbiqi və dissidentliyin qarşısının alınması ilə məşğuldur. Korpusun kəşfiyyat qolunun bir neçə amerikalı-iranlının həbsinin arxasında durduğu düşünülür.
Lakin onun Amerikanın “qara siyahısına” düşməsinə korpusun xaricdəki fəaliyyətləri səbəb ola bilər. Tramp administrasiyası Tehranın 2015-ci il sazişinin “ruhunu” pozduğunu söyləyərkən, ilk növbədə, İİKK-nin xaricdə həyata keçirdiyi məxfi əməliyyatları – silah qaçaqmalçılığını və İranın Yaxın Şərqdəki siyasi nüfuzunun yaymasını nəzərdə tutur.
İİKK-nin Suriyada qeyri-rəsmi şəkildə prezident Əsədi canlı qüvvələrlə təchiz etməsi, habelə onun İraq, Əfqanıstan, Livan və Yəməndə apardığı başqa məxfi əməliyyatlar bu korpusu Amerikanın maraqları ilə birbaşa üzbəüz qoyur.
Misli görünməmiş addım
İİKK-nin XTT siyahısına daxil edilməsi məsələsinə Konqresdə baxılması lazım gələrdi. Buna səbəb odur ki, 1997-ci ildən bəri bu siyahıya heç bir rəsmi dövlət orqanı daxil edilməyib. Siyahıda yalnız "əl-Qaidə" və İŞİD kimi təşkilatlar var.
Birləşmiş Ştatlar indiyədək İİKK ilə bağlı olan fərd və qurumlara qarşı sanksiyalar qoyub. Məsələn İİKK-nin xarici əməliyyatlarını həyata keçirən Qüds qüvvələrinin komandanı Qasım Süleymani Birləşmiş Ştatların qara siyahısına daxil edilib.
Qasim Süleymani
Amma təhlilçilər şübhə edirlər ki, İİKK-nin qara siyahıya salınması onun regiondakı davranışını dəyişə bilər.
Ölkə daxilində
Lakin İslam keşikçilərinin XTT siyahısına daxil edilməsi İİKK-nin nəhəng biznes imperiyasına daxil vahidləri təcrid etməklə İranın iqtisadiyyatına ciddi zərbə vura bilər.
İİKK-nin qara siyahıya salınmasından sonra ona bağlı şirkətlərlə biznes qurmaq xarici investorlar üçün mümkünsüz olacaq.
"Bank-SEPAH"
Demokratiyaların Müdafiəsi Fondundan Behnam Ben Taleblu İİKK-nin XTT siyahısına salınması ideyasını dəstəkləyir. O, Azadlıq Radiosuna bildirib ki, İİKK-nin sanksiyalar altına salınması ABŞ-a İranın təkcə siyasi və hərbi maraqlarını deyil, həm də biznes maraqlarını hədəfləməkldə kömək edərdi.
Lakin Obama administrasiyasının İrana qarşı sanskiayalarını xatırladan ekspertlərin fikrincə, İİKK-nin terrorçu siyahısına salınması praktikada çox az şeyi dəyişəcək.
Obamanın hakimiyyəti illərində Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə baş koordinatorunun müavini olmuş Riçard Nefey Azadlıq Radiosuna deyib ki, İİKK indiyədək onsuz da ABŞ-ın ən intensiv sanksiyalarının təzyiqi altında olub. Onun fikrincə, məhz buna görə də İİKK-nin rəsmən XTT siyahısına salınması ümumlikdə bu təşkilata qarşı heç bir yeni sanksiya irəli sürməyəcək.
Bir sıra başqa ekspertlər isə Azadlıq Radiosu müxbirinə deyiblər ki, İİKK-nin siyahıya salınmasının ən böyük ziyanı adi iranlılara dəyəcək. Lakin Vaşinqtonda mənzillənmiş başqa bir ekspert və İİKK-nin yüksəlişi barədə kitabın müəllifi Afşon Ostovar deyib ki, keşikçilərin terrorçular siyahısına daxil edilməsi tədricən Avropa investisiyalarını və ticarətini İrandan çəkindirə bilər.
Ekspertin fikrincə, belə bir vəziyyət İİKK-nin nüfuzunun ölkə daxilində tükənməsi və onun ən azı iqtisadiyyat və kommersiya sektorundan vurulub çıxarılmasında əhəmiyyətli rol oynamış olardı.
Münasibətlərin gələcəyi
Lakin bütün ekspertlər razılaşırlar ki, İİKK-nin ABŞ-ın qara siyahısına daxil edilməsi İran və Birləşmiş Ştatlar arasındakı münasibətləri gərginləşdirəcək və onların yaxın gələcəkdə yaxşılaşdırılmasını mümkünsüz edəcək.
"İnqilab keşikşiləri"nin 2016-cı ilin yanvarında əsir aldıqları ABŞ əsgərləri
Vaşinqtonda mənzillənmiş Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş direktoru Mark Fitzpatrik deyir ki, hökumətin hər hansı qolunun terrorçu təşkilat kimi rəsmiləşdirilməsi həmin hökumətlə hər hansı danışıqları texniki baxımdan qeyri-mümkün edəcək.
Üstəlik, ekspertin fikrincə, İİKK-nin ABŞ tərəfindən “terrorçu təşkilat” elan edilməsi İranın daxilində prezident Ruhaninin Qərbə yönəlik siyasətini məhdudlaşdıracaq və ABŞ-la əlaqələrə isə qətiyyən imkan verməyəcək. Uğurlu nüvə sazişinin imzalanması təntənəsi üzərində ikinci müddətə prezident seçilmiş Ruhani İİKK-nin qara siyahıya daxil edilməsini “səhvdən böyük səhv” adlandırıb. O deyib ki, bu təşkilat həm İranda, həm də regionda populyardır. Prezident bu münasibətlə öz Tvitter hesabından yazıb: “İİKK xalqın qəlbindədir. İnqilab keşikçiləri ən böyük təhlükə zamanlarında bizim milli maraqlarımızı müdafiə ediblər”.
İİKK-nin özü isə ABŞ-ın sanksiya hədələrinə daha kəskin reaksiya verib. Korpusun briqada generalı Əli Cəfəri deyib ki, Vaşinqton İİKK-ni terrorçu təşkilat kimi tanısa, onda Tehran regiondakı Amerika ordusu ilə İŞİD təşkilatının ekstremistləri ilə davrandığı kimi davranacaq.
Azadlıq Radiosu