İsmayıllıda Akademik Zərifə Əliyevanın Xatirə günü səmimiyyət və məhəbbətlə qeyd edilib
28-04-2018, 21:28
teref.az - Azərbaycan oftalmologiya elminin, ümumilikdə səhiyyəsinin inkişafında, ümummilli liderimiz Heydər Əliyevin dönməz xarakterinin formalaşmasında və dövlətin idarə olunmasına bütün qüvvəsini sərf etməsində əvəzsiz xidmətləri olan Zərifə xanım Əliyevanın xatirə günü İsmayıllıda dərin səmimiyyət və məhəbbətlə qeyd edilib.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti barədə ətraflı danışıb.
Şəhər 1 saylı tam orta məktəbin müəllimi Bahar Abdullayeva Zərifə xanımı Azərbaycan analarının, xanımlığının ümumiləşmiş simvolu kimi, dövlət xadimi yetişdirən bir valideyn, yüksək elmi nailiyyətləri olan bir alim, yüzlərlə insana həyat nuru bəxş edən bir həkim kimi xarakterizə edib.
YAP rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, İvanovka xəstəxanasının baş həkimi Mariya Prokofyeva çıxış ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zərifə xanım Əliyeva, onu yetişdirən ailə, Əliyevlər ailəsi barədə ətraflı danışıb. Qeyd edib ki, Zərifə xanım ümummilli lider Heydər Əliyevlə birgə ailələrindən Prezidentimiz cənab İlham Əliyevi milli taleyimizə bəxş etməklə Vətənimiz qarşısında tarixi, misilsiz xidmət göstəriblər. Mirdaməd Sadıqov daha sonra onu da deyib ki, ümummilli xoşbəxtliyimizdir ki, Əliyevlər ailəsinin üzvü İlham Əliyev cənabları Azərbaycana hələ uzun illər rəhbərlik edəcək, xalqımızı daha uca zirvələrə çatdıracaqdır.
Xatirə günündə Rövşən Teyyubovun ifasında “Ana” və “Alagöz” mahnıları, Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səslənib, film və slaydlar nümayiş etdirilib.
Bundan əvvəl rayon icra hakimiyyətinin təşkilatçılığı ilə İvanovka, Topçu, Tircan, Qalacıq kəndlərində, Lahıc və Basqal qəsəbələrində Rayon Mərkəzi Xəstəxanasında Zərifə xanımın doğum gününə həsr olunmuş tədbirlər keçirilib. Hər bir tədbirdə film nümayiş etdirilib, tanınmış oftalmoloqun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxılıb.