Ukraynada Poroşenko siyasi manevrləri öz nəticəsini verdi
27-10-2015, 12:20
Ukraynada yeli idarəetmə orqanlarına seçkilər keçirildi və ilkin məlumatlara görə prezident Pyotr Poroşenkonun “Həmrəylik” partiyasının namizədləri paytaxt Kiyev də daxil olmaqla, bir çox regionlarda üstünlük əldə ediblər.
Səsvermədən sonra açıqlama verən prezident Poroşenko seçkilərin nəticələrinin Rusiyanın Ukraynanın daxilində ruspərəst `5-ci kolon` yaratmaq cəhdlərinin puç olduğunu göstərdidiyini dedi. Prezidentin fikrincə, qeyri-demokratik qüvvələrin revanşı və Ukraynanın parçalanması baş vermədi.
Əslində Ukraynadakı seçkilər Poroşenkonun bir ildən bir qədər artıq müddətdir davam edən prezidentliyi dövrünün siyasi nəticələrini görmək, ölkə daxilində inqilabdan sonra formalaşmış siyasi qütblərin müəyyən edilməsi və ölkənin gələcəyi ilə bağlı müəyyən proqnozların verilməsi baxımından əhəmiyyət daşıyır.
Ötən müddət onu göstərdi ki, keçmiş prezident Yanukoviçi hakimiyyətdən devirən inqilabçı Yatsenyuk-Kliçko-Tyaqnibok üçlüsünün əməyindən inqilabçılardan daha çox elə Yanukoviçin komandasında yer alan iqtisadi inkişaf naziri Pyotr Poroşenko yararlandı. Necə ki, Misirdə Mübarək devrildikdən sonra onun komandasındakı müdafiə naziri Əs-Sisi, Yəməndə prezident Salehin istefasından sonra onun komandasında yer alan vitse- prezident Əl-Hadi, Gürcüstanda Şevardnadzenin devrilməsindən sonra ədliyyə naziri Saakaşvilli dövlət başçısı kürsüsünə yiyələ bildilər.
Rusdilli və ruspərəst əhalinin üstünlük təşkil etdiyi şərqi Ukraynanın təmsilçisi kimi özünü tanıtmış keçmiş prezident Yanukoviçin devrilməsi əslində qərbi Ukraynanın şərqi Ukrayna üzərində qələbəsi kimi qəbul olunmağa başlandı. Rusiya məhz bu psixoloji amildən istifadə edərək öz təbliğatını qururdu. Buna görə prezident Poroşenkonun qarşısında duran əsas məsələ milli birliyi təmin etmək idi. O, şərq və qərb qütbünün ən radikal nümayəndələrini neytrallaşdırdı. Məsələn, inqilabı həyata keçirmiş qatı sağçılar müxtəlif ittihamlarla həbs olundular, radikal ruspərəst qüvvələr isə “separatçı” kimi damğalanaraq, siyasi arenadan uzaqlaşdırıldılar.
Hazırkı seçkilərdə millətçi Oleq Lyaşkonun partiyasının ümumiyyətlə heç bir regionda üstünlük əldə edə bilməməsi, Yanukoviçin “Regionlar” partiyasının isə tamamilə siyasi səhnədən silinməsi, onun aparıcı üzvlərinin isə ayrı-ayrı siyasi qüvvələrin tərkibində seçkiyə qatılmaları göstərir ki, Poroşenko qatı qərbli və şərqliləri neytrallaşdırmağa nail ola bildi.
Paralel olaraq Poroşenko özünün “Həmrəylik” partiyasını qura və milli birliyin tərəfdarı olan böyük bir elektoratı öz ətrafında toplaya bildi. Ukraynanın milli simvoluna çevrilmiş inqilabçı üçlünün üzvlərindən biri olan boksçu Kliçkonun Poroşenkonun komandasında yer alması bu işdə əhəmiyyətli rola malik idi. Hazırkı seçkilərdə prezidentin partiyasının nümayəndələrinin həm şərq, həm də qərbdəki bir sıra regionlarda qələbəyə imza atmaları Poroşenkonun qısa müddətdə milli dəyərləri özündə ehtiva edən siyasi qüvvəni yarada bildiyinin göstəricisidir.
Yanukoviçdən sonra “Regionlar” partiyasının dirçələ bilməməsinin əsas səbəbi ölkə miqyasında təsir gücünə malik siyasi liderin olmaması idi. Doğrudur, bəzi siyasi funksionerlər Yanukoviçdən sonra bu vəzifəni həyata keçirməyə can atsalar da, öhdəsindən gələ bilmədilər. Bundan əlavə regionlarda yerli orqanlara seçkilərin keçirilməsi əyalət liderlərinin ölkə miqyaslı ambisiyalarının aradan qalxmasına gətirib çıxardı. Prinsip etibarı ilə, regional liderlər yerlərdə mövqelərini qorumaq üçün Kiyevdə “öz adamlarının oturması”na çalışırdılar. Əyalətdə səsvermə yolu ilə bələdiyyə başçılarının seçilməsi nüfuzlu regional qüvvələrin mərkəzi hakimiyyəti ələ keçirmək üçün birləşmələri ehtiyacını ortadan qaldırır. Maraqlıdır ki, Ukraynanın bir sıra mərkəzi və şərqi əyalətlərində yerlərdə böyük nüfuza malik keçmiş rəhbərlər elə birinci turda qələbə qazana biliblər.
`İnqilabi üçlüyün` əsas nümayəndəsi hazırkı baş nazir Yatsenyuk isə çevrilişdən sonra hökumət rəhbəri olmaqla bir il ərzində siyasi çəkisini tamamilə itirdi. Ölkədə təbliğat elə bir formada quruldu ki, yeni hakimiyyətin bütün uğursuzluqlarına görə məsuliyyət baş nazir Yatsenyukun üzərinə düşdü. Əvvəllər Radanın əsas fraksiyalarından biri olan, 32-35 faiz sabit reytinqə malik Yatsenyukun “Xalq Cəbhəsi” partiyası sosial dayaqlarını itirməsi nəticəsində budəfəki seçkilərə ümumiyyətlə qatıla bilmədi.
Odessa vilayətinə qubernator təyin olunan keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvilinin baş nazirə qarşı irəli sürdüyü ittihamlar Yatsenyukun gəmisinin batışının sürətini artırır. Poroşenkonun Saakaşvilliyə göstərdiyi etimad, Odessada nümayiş etdirilən inkişaf nümunəsi Yatsenyukun istefasından sonra məhz keçmiş Gürcüstan prezidentinin Ukrayna hökumətinə rəhbərlik edəcəyini deməyə əsas verir. Bununla da, sonuncu inqilabçı - Yatsenyuk sıradan çıxarılacaq.
AzVision.az