ABŞ Silahlı qüvvələrinin komitəsi hərbi büdcəyə əlavələri bəyənib. Əlavələrdə Ukraynaya separatçılardan qorunmaq üçün 200 milyon dollar həcmində ölümcül silahlar verilməsi nəzərdə tutulur. Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. ABŞ Silahlı qüvvələrinin komitəsi – Konqresin aşağı palatasının (Nümayəndələr Palatası) nəzdində daimi fəaliyyət göstərən orqandır. Təşəbbüsü komitənin 60 üzvü dəstəkləyib. Yalnız iki nəfər əleyhinə çıxıb. Yekun qərar bir aydan sonra Nümayəndələr Palatasının iclasında qəbul ediləcək. Qeyd edək ki, Konqresin hər iki palatasının dəstəyinə baxmayaraq, prezident Barak Obama hələ də belə qərar verməyə tərəddüd edir. Az öncə Birləşmiş Ştatlar Kiyevə 200 milyon dollar həcmində hərbi kömək göstərmək niyyətini bəyan eləmişdi.