Ərəbistan Yəmənə qoşun yeridir
4-05-2015, 10:23
Səudiyyə Ərəbistanı Yəməndə husi üsyançılarına qarşı mübarizəyə dəstək olmaq məqsədilə bu ölkəyə qoşun yeridib. Səudiyyə Ərəbistanı hərbi qüvvələrinin Ədən şəhərində hava limanına eniş etdikləri bildirilir. Bu barədə husi-yönümlü Cənub Xalq Müqaviməti hərəkatı məlumat yayıb.
Səudiyyə Ərəbistanı iddiları rədd edir. Bəzi mənbələr isə, sözügedən qüvvələrin kəşfiyyatçılar olduğunu xəbər kimi yayıb. Hava limanı ətrafında koalisiya qüvvələri ilə husilər arasında döyüşlərin də getdiyi qeyd olunur.
Səudiyyə Ərəbistanı hərbi qüvvələri indiyə qədər husilərə qarşı aviazərbələr endirməklə kifayətlənirdi.
Beynəlxalq hüquq müdafiəçiləri - Hyuman Rayts Uoç isə, koalisiya qüvvələrini hərbi hava əməliyyatları zamanı üsyançılara qarşı kasset tipli silahlardan istifadə etməkdə günahlandırıb.
2008-ci ildən bu cür silahların istifadəsi beynəlxalq konvensiya əsasında qadağan olunub.
Yəməndə husilər yanvar ayında paytaxt Sənanı ələ keçiriblər. Prezident Əbd Rəbbo Mənsur Hadi zorakılıqlar səbəbilə ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınıb.
İndiyə qədər döyüşlərdə 1000-dən çox insan öldürülüb.