GÜRCÜ HAKİMİYYƏTİ SAAKAŞVİLİNİN ƏLEYHİNƏ AKSİYALARA START VERDİ - Eks-prezidentin əleyhdarları mitinq keçirir /YENİLƏNİB
16-10-2021, 16:47

Gürcüstanın Rustavi şəhərində keçmiş Prezident Mixeil Saakaşvilinin əleyhinə kütləvi aksiya keçirilir.
Qafqaz.media xəbər verir ki, sabiq dövlət başçısının saxlanıldığı 12 saylı həbsxananın qarşısında yüzlərlə insan toplaşıb.
Mitinq iştirakçıları M.Saakaşvilini hakimiyyəti dövründə repressiyalara yol verməkdə ittiham edirlər.
Aksiyada “Zülmkar!” və “Qatil!” şüarları səsləndirilir.
Qeyd edək ki, qonşu ölkənin eks-prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 16-cı gündür aclıq aksiyası keçirir. Oktyabrın 14-də Tbilisinin Azadlıq meydanında M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası “Mişaya azadlıq!” şüarlı kütləvi mitinq təşkil edib.
***
Bu gün - 2021-ci il, 16 oktyabr tarixində Mixail Saakaşvilinin saxlanıldığı həbsxananın qarşısında etiraz aksiyası keçiriləcək. Amma bu dəfə aksiya onun lehinə yox, əleyhinə olacaq.
Qafqaz.media bildirir ki, bu barədə "Sputnik Qruziya" məlumat verib. Məlumata görə, aksiyaya Saakaşvili rejiminin qurbanı olduğunu və siyasi təqiblərə məruz qaldıqlarını bildirən insanlar toplanacaq.
Xəbər portalı onu da xatırladır ki, oktyabrın 14-də Tiflisə Saakaşvilinin azad olunması tələbi ilə keçirilən aksiyaya qatılmağa gedən müxalifətçilərin maşın dəstəsi "Vahid Milli Hərəkat"ın əleyhdarları tərəfindən süpürgə hücumuna məruz qalıb.
P.S. Görünür, "Gürcü arzusu" hökuməti Saakaşvilinin müdafiəsi üçün düzənlənən aksiyaları gözdən salmaq üçün çıxış yolunu "süpürgə şou"su tərtib etməkdə görür.
Qafqaz.media