Azərbaycanın ŞƏT üçün strateji əhəmiyyəti
Bu gün, 09:18

XXI əsrdə beynəlxalq münasibətlərin əsas tendensiyalarından biri qlobal güc mərkəzlərinin şaxələnməsi və regional təşkilatların artan roludur. Qərbin dominant mövqeyini zəiflədən bu prosesdə Avrasiya məkanında yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusi əhəmiyyət kəsb edir. 2001-ci ildə təsis olunan və hazırda 10 tamhüquqlu üzvü, bir neçə müşahidəçi dövləti, həmçinin 15 dialoq tərəfdaşı olan bu qurum artıq təkcə regional deyil, qlobal təsir gücünə malikdir.
Azərbaycan bu təşkilatla əməkdaşlıqda mühüm mərhələlərdən keçib. Xüsusilə 2015-ci ildə Ufada keçirilən sammitdə ölkəmizə dialoq tərəfdaşı statusunun verilməsi Azərbaycanın Avrasiya geosiyasətində strateji mövqeyinin beynəlxalq təşkilatlar tərəfindən də təsdiq edildiyini göstərirdi. Azərbaycanın təşkilatla rəsmi əməkdaşlığına start verən bu qərar ölkənin regional güc mərkəzləri ilə yaxınlaşmasının əsasını qoydu. 2016-cı ildə isə Azərbaycan və ŞƏT arasında imzalanan və əməkdaşlığın hüquqi bazasını möhkəmləndirən memorandum siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəni-humanitar mübadilə sahələrini əhatə edirdi. Son on ildə isə Azərbaycan təşkilatın müxtəlif sammitlərində, forumlarında, ekspert görüşlərində iştirak etməklə yanaşı, regional enerji və nəqliyyat layihələrini də ŞƏT gündəliyinə çıxarmağa nail olub.
Azərbaycan-ŞƏT əməkdaşlığının strateji əhəmiyyətindən bəhs edən məqalədə qeyd olunub ki, ölkəmiz xüsusilə Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər fonunda təhlükəsizlik məsələlərini prioritet hesab edir. ŞƏT-in əsas məqsədlərindən biri regional sabitliyin təminidir ki, bu da Azərbaycanın milli maraqları ilə üst-üstə düşür. Azərbaycan həm də dünyanın aparıcı enerji ixracatçılarından biridir. ŞƏT ölkələrinin böyük hissəsi – Çin, Hindistan və Pakistan enerji idxalçısıdır. Bu da tərəflər arasında strateji əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi layihələr ŞƏT məkanında enerji təhlükəsizliyi baxımından diqqət mərkəzində saxlanılır. Digər tərəfdən Azərbaycan Orta Dəhlizin əsas halqalarından biridir. Çinlə Avropanı birləşdirən bu nəqliyyat arteriyası ŞƏT-in üzvü olan dövlətlərin iqtisadi maraqlarına tam cavab verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi perspektivi Azərbaycanı ŞƏT ölkələri üçün mühüm tranzit tərəfdaşa çevirir. Təbii ki, mədəni-humanitar əməkdaşlıq da diqqətdən kənarda qalmır. Azərbaycan Avropa ilə Asiya arasında yerləşən sivilizasiyalararası dialoq məkanı kimi çıxış edir.
Hazırda Azərbaycan təşkilat daxilində dialoq tərəfdaşı statusuna malikdir. Lakin geosiyasi reallıqlar göstərir ki, gələcəkdə Azərbaycan üçün tam üzvlük gündəmə gələ bilər. Bu, ölkəmizə ŞƏT çərçivəsində yeni ticarət və investisiya imkanlarını reallaşdırmaq, xüsusilə qeyri-neft sektorunda yeni əməkdaşlıq imkanları yarada bilər. Qərb, Rusiya, Çin və Türkiyə ilə paralel əməkdaşlıq siyasəti yürüdən Azərbaycanın ŞƏT-lə əməkdaşlığı balanslı xarici siyasətin mühüm tərkib hissəsinə çevirməsi mümkündür.
Bununla yanaşı, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi ŞƏT ölkələrinin də marağındadır. Artıq Ermənistanla sülhü bərqərar edən Azərbaycan bu müstəvidə yeni əməkdaşlıq imkanları əldə edə və genişləndirə bilər.
Sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib və Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Öz çıxışında Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayıran ölkə başçısı qeyd edib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb: “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.
Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq”.
Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradılır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Hazırda Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
Ölkə başçısı qeyd edib ki, “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.”
Azərbaycan–ŞƏT münasibətləri artıq formallıq mərhələsini keçərək praktik əməkdaşlıq fazasına qədəm qoyub. Enerji, nəqliyyat, təhlükəsizlik və mədəniyyət sahələrində qarşılıqlı maraqlar bu əməkdaşlığı daha da gücləndirir. Azərbaycanın Avrasiya məkanında strateji mövqeyi və artan beynəlxalq nüfuzu nəzərə alındıqda, ŞƏT-lə əlaqələrin inkişafı ölkəmizin çoxvektorlu xarici siyasət kursunun mühüm istiqamətlərindən biri olaraq qalacaq.
Tufan Məmmədov – iqtisadçı ekspert