Putinin köməkçisi Qutseriyevin oğlunun toyuna əsəbi reaksiya verdi
31-03-2016, 21:44
Azərbaycanda da neft aktivləri olan inquş milyarder Mixail Qutseriyevin oğlunun olduqca dəbdəbəli toy mərasimi hələ də mətbuatın diqqətindədir. Virtualaz.org xəbər verir ki, bu gün prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskova həmin toy haqda sual veriblər. “28 yalı Səid Qutseriyevin toyunun o cür dəbdəbəli keçməsini nəzərə alaraq hesab etmək olarmı ki, biznesin vəziyyəti heç də pis deyil?” - jurnalistlərdən biri Peskovdan soruşub.
Putinin köməkçisi bu suala bir qədər əsəbi cavab verib: “Bu, qətiyyən Kremlə dəxli olan məsələ deyil. Biznes qanunvericiliklə qadağan olunmayan hər şeylə məşğul ola bilər. Hesab edirəm ki, ümumiyyətlə məsələnin bu müstəvidə qoyulması mümkün deyil. Biz işdə toyla məşğul olmuruq”.
“Əsrin toyu” martın 26-da Moskvada Telman İsmayılovun “Safisa” şadlıq sarayında olub. Qutseriyev toya Cenifer Lopes, İnrike İqlesias və digər ulduzları dəvət edib, onlara milyonlarla dollar qonorar ödəyib. “The Daily Mail” qəzeti isə toyun ümumi xərci barədə fantastik rəqəm səsləndirib-1 milyard dollar!
Putinin köməkçisi milyarderin oğlunun toyunu şərh etməkdən imtina etsə də Kremlə bağlı KİV-lərdə Qutseriyevin bu dəbədəbə nümayişi yaxşı qarşılanmır. Məsələn, “Rossia 24” telekanalı onun keçmişdə topdansatış meyvə-tərəvəz bazasında hambalçılıq etdiyini yada salıb. Habelə Telman İsmayılovun da vaxtilə Antalyada “Mardan Palace” otelinin açılışına Cenifer Lopes kimi ulduzları dəvət etdiyi xatırladılır...