Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu

13-06-2025, 11:46           
Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu
Azərbaycan Prezidenti cənab İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq artıq 6 ildir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla həyata keçirilir. İlk vaxtda Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verdi ki, mərhələli şəkildə paytaxtın daha 8 rayonu - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu işlərə qoşulub.
İyunun 13-dən etibarən Bakının Xəzər rayonunda da layihənin icrasına başlanılıb. Layihəyə yeni qoşulan Xəzər rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 400-dən çox konteyner meydançası yaradılıb. Bu meydançalara ilkin mərhələdə 2500 ədəd yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılıb və əraziyə cavabdeh şəxslər təyin olunub.
Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Xəzər rayonunun məhəllə və həyətlərində, qəsəbələrində görüşlər keçirilir. Bu işlərə Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.
Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 164 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib və bu prosses davam edir.
Son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib və bu layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti





















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru