Ekoloq, arıçı və hüquqşünas: "Blue Origin" 13-cü kosmik turizm uçuşunun iştirakçılarını tanıtdı
17-06-2025, 17:58

Amerikalı sahibkar Ceff Bezosun rəhbəri olduğu "Blue Origin" şirkəti yaxın vaxtlarda "NS-33" adlı yeni kosmik turizm missiyasını həyata keçirməyə hazırlaşır. Uçuşun hələlik rəsmi tarixi olmasa da, altı nəfərlik heyətin adı artıq məlumdur.
Bu barədə focus.ua xəbər verib.
Kosmosa göndəriləcək turistlər arasında ekoloq, hüquqşünas, bağban, arıçı, maliyyəçi və biznes sahibləri yer alır. Onlar "New Shepard" adlı təkrar istifadə olunan kosmik gəmi ilə təxminən 10-12 dəqiqəlik uçuş zamanı qısa müddətlik çəkisizlik hissi yaşayacaq və Yer kürəsini seyr edəcəklər.
"NS-33" missiyası sayca 33-cü, insanların iştirakı ilə isə 13-cü uçuş olacaq. "Blue Origin"in ilk turistik uçuşu 2021-ci ildə Ceff Bezosun öz iştirakı ilə baş tutub. 2025-ci ildə bu, şirkətin dördüncü kosmik turizm uçuşu olacaq.
Blue Origin şirkətinin NS-33 missiyasının ekipajı:

Elli Küner - ekoloq, tədqiqatçı, "Nature is Nonpartisan" qeyri-kommersiya təşkilatının Direktorlar Şurasının üzvüdür.
Karl Küner - Ellinin həyat yoldaşı. O, "Building and Land Technology" daşınmaz əmlak şirkətinin sədri vəzifəsini tutur.
Leland Larson - xeyriyyəçi, bağban və arıçı. Əvvəllər Oreqon ştatında ailə müəssisələri olan "School Bus Services, Inc". və "Larson Transportation Services" şirkətlərinə rəhbərlik edib.
Freddi Resinyo - "Commodity Cables" şirkətinin təsisçisi, prezidenti və baş direktoru. O, həmçinin peşəkar qolf oyunçusudur.
Ovolabi Salis - maliyyə məsləhətçisi və hüquqşünas.
Cim Sitkin - keçmiş vəkil, hazırda Mərkəzi Avropa və Afrika ölkələrində dövlət və ictimai liderlərlə işləyən qeyri-hökumət təşkilatında könüllü olaraq çalışır.