Rusiya KİV-ləri Qarabağda gedən döyüşlərdə birmənalı şəkildə ermənilərin tərəfini tutur

4-04-2016, 13:40           
Rusiya KİV-ləri Qarabağda gedən döyüşlərdə birmənalı şəkildə ermənilərin tərəfini tutur
Qarabağda davam edən irimiqyaslı döyüş əməliyyatları beynəlxalq medianın da əsas mövzusudur.

Virtualaz.org xəbər verir ki, o cümlədən Rusiya KİV-ləri baş verənləri geniş işıqlandırır. Lakin əksər Rusiya KİV-ləri, xüsusən də Kremlə bağlı KİV-lər-“Rossia Today”, “Sputnik”, “Lifenews” və digərləri hərbi əməliyyatların gedişinə və cəbhədə baş verənlərə dair reportajlarına birmənalı şəkildə ermənilərin mövqeyindən çıxış edir.

Hətta “Lifenews” telekanalının bazar günü yaydığı reportajlarda Tərtər sakinlərinin dedikləri kobud şəkildə təhrif edilib. Rusiya xüsusi xidmət orqanlarına bağlı olan bu telekanalın reportyorları təmas xəttinin hər iki tərəfində olublar. Ağdərədən hazırlanan reportajda “Azərbaycan ordusunun erməni kəndlərini necə dağıtmasından və mülki şəxsləri öldürməsindən”, habelə erməni silahlı qüvvələrinin “şücaətindən” bəhs olunub.

Təmas xəttinin digər tərəfindən-Tərtərdən hazırlanan reportajda isə rayon mərkəzindən kadrlar efirə verilib, təmas xəttinə yaxın kəndlərin sakinlərinin evlərini tərk edib guya gecəni maşınlarında keçirdiyi bildirilib. Daha sonra sakinlərdən birinə mikrofon uzadan rusiyalı jurnalist onun azərbaycan dilində dediklərini rus dilində diametral şəkildə fərqli çatdırıb.

Tərtər sakini deyib ki, ermənilər Azərbaycan ərazilərini işğal altında saxlayır və başlayan müharibənin də səbəbi budur. Sakin indi şəhid olan hərbçimizin dəfnindən qayıtdıqlarını, hər kəsin öz torpağı uğrunda döyüşməyə hazır olduğunu deyir. Rusiya jurnalisti isə onun dediklərini belə “tərcümə” edir ki, guya həmin sakin müharibənin heç kimə lazım olmadığını, əhalinin öz evlərini tərk etmək məcburiyyətində qaldığını və gecəni rayon mərkəzində maşınlarda keçirməli olduğunu deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.