“Mənim fikrim hər gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır" - Fransız bəstəkar
14-04-2016, 21:40
“Mənim fikrim öz doğma yurduna qayıda bilməyən, yaxınlarını itirən, əcdadlarının torpağında sərbəst gəzə bilməyən, qaçqın düşərgələrində yaşayan, torpaqlarını yalnız uzaqdan seyr edən, həyatdan həzz ala bilməyən, hər gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır".
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, bunu məşhur fransız bəstəkar Pyer Tilloy son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı deyib.
"Artıq uzun müddətdir ki, incəsənət, xüsusilə musiqi vasitəsi ilə bu münaqişə haqqında məlumatlılığı artırmağa çalışıram. Mənim bəstələdiyim “XOCALI 613” əsəri elə bir ruhdadır ki, bu, qurbanların xatirəsinə aid əbədi duadır. Xocalı qurbanları heç zaman unudulmayacaq!
Məsələyə siyasi aspektdən yanaşsaq, BMT Təhlükəsizlik Şurasının 822, 854, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi, Ermənistanın hərbi qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır", - deyə P. Tilloy bildirib.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT">BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT">BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.