Qazilər ərik ağaclarıdır Vətən bağında - Bar(ıt)ları qurtardığından salam verən yoxdur

17-06-2025, 10:37           
Qazilər ərik ağaclarıdır Vətən bağında -
“Bir ceviz ağacıyam Gülhanə parkında.
Nə sən bunun fərqindəsən, nə polis fərqində” (Nazim Hikmət)

Axırı Nazirlər Kabineti Prezidentin 23.12.2024-cü il tarixli Fərmanına “ikiqat” müddətdə əməl edib, 6 aydan sonra təqaüd, müavinətlərlə bağlı təkliflərini verib. Di gəl, müddətdən fərqli olaraq, artımlar ikiqat yox, 10-20 faiz arasında , hətta sıfır olub. Ən çox danışılan, daha çox manipulyasiya predmetinə çevrilən 80 manatlıq “veteran pulu” artımlarının 0 faiz olması, elə bil, “qurbağa gölünə daş atıb”. Daha nə sosial deputatların, nə də hökumətin səsi çıxır. Belə görünür, Azərbaycanın savaş veteranları Vətən bağında ərik ağacları imiş. Nə qədər ki, barları-barıtları vardı, dövlət (başçısı) də qiymət-salam verirdi, millət (məclisi) də. Barları-barıtları qurtardığından indi salamverən, qiymətləndirən yoxdur. Eldə deyildiyi kimi, bağda ərik var idi, salamməlik var idi; bağdan ərik qurtardı, salamməlik qurtardı.
Qazilərə “salamdan imtina” elə 8 Noyabr 2020-ci ilin ZƏFƏRindən sonrakı aydan başlayır. “Sosial” hökumət başbilənləri Prezidentə 29.12.2020 -ci il tarixli fərmanla qazilərin, şəhid ailələrinin pensiyalarına əlavəni nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinin ləğvinə imza atdırdılar; 23.12.2021-ci il tarixli Prezident Fərmanı ilə hərbçilərin vəzifə maaşlarına müəyyən olunan 20 faizlik əlavə qazi və şəhid ailələrinin pensiyalarının 20 faiz artımla hesablanmasına gətirmədi ki, ŞƏHİD, ƏLİLİN “BARITI QURTARIB”, DÖVLƏTƏ SIĞORTA-“QANHAQQI” ÖDƏMİR. (?) Şəhiddən qanpulu tələbi isə 05.11.2022-ci ildə Milli Məclisdə aktlaşdırıldı, “Əmək pensiyaları haqqında” qanunun 29.2 - qazi, şəhidlərin tutmuş olduqları vəzifələr üzrə təminat xərcliyinin artmasına uyğun pensiyalarının artması maddəsi ləğv olundu. Axı ŞƏHİD DAHA DÖVLƏTƏ QANHAQQI-MƏCBURİ SIĞORTA HAQQI ÖDƏMİR!(?)
Müharibə veteranlarının 80 manatına sıfır artım ayıranlar, heç olmasa, onların işlə, torpaqla, sosial infrastrukturla sıfır vergi ilə təmin olunmalarına, işləyənlərin əmək haqqının vergiyə cəlb olunmayan məbləğini artırmağa diqqət etsinlər. Qazilərə ərik ağacları kimi baxmaq yanlışdır, onlar Vətənin qədir ağaclarıdır, qazilərin qədrini bilin!
Məğrur Bədəlsoy














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru