KREMLİN CİDDİYƏ ALMADIĞI TERROR ANONSU – “Bu uzaqgörməzlikdir…”

15-04-2016, 00:34           

Üç nəfər kamikadzenin Stavropolun Novoselitsk qəsəbəsindəki polis bölməsinin önündə özünü partlatması Rusiyada sensasiya yaratmadı. Nə hadisə yerindən birbaşa bağlantı, nə xəbərlərin xüsusi buraxılışı, nə gurultulu bəyanatlar, nə də ki, prezidentin xüsusi müraciəti olmadı. Putinin mətbuat katibi Dmitri Peskov yalnız onu söyləyib ki, baş verənlər aydınlaşandan sonra Kreml vəziyyəti şərh edəcək.

Həm də ki, burada nə şərh olunacaq? Əhali və polislər arasında itki yoxdur və ona görə də, hər şeyin ötüşdüyünü demək olar. “Novoseltsk” sözü sosial şəbəkələrin başlıca oxunaqlı trendləri arasına daxil olmayıb, aparıcı saytlardakı materiallar arasında da Stavropoldakı terror aktı barəsində qeydlər, demək olar ki, yoxdur. Günün başlıca hadisəsi tanınmış aktyor Albert Filozovun vəfatı olub.

- Qafqaz elə Qafqazdır!

Rusiya xəbərlərində “terrorizm” kəlməsi, yada salınması baxımından öz zirvə nötəsindən çoxdan uzaqlaşıb. 2000-ci illərin əvvəlindəki İkinci Çeçen Müharibəsi zamanı terrorizm və terror aktları barəsində hamının danışmasına və anti-terrorizm şüarlarının isə Rusiya rəsmilərinin seçimliş xüsusi bəlağəti olmasına baxmayaraq, son illər Rusiyada terrorizm barəsində, demək olar ki, danışan yoxdur. Çeçenistandakı müharibə sona çatdı. Hazırda ictimaiyyəti səfərbər etmək üçün hakimiyyət çoxlu sayda yeni vasitələr icad edib. Hətta terrorizm rusiyalıların həyatına yenidən girəndə də, bu, ümummilli sarsıntıya çevrilmir. Altı il bundan öncə Moskva metrosundakı partlayışdan və iki il yarım bundan əvvəl Volqaqraddakı dəmir yol vağzalında törədilən terror aktından sonra da, bu cür olmuşdu. Bu ilin fevral ayındakı “qanlı dayə”ni də yada salmaq lazımdır. Axı həmin hadisə özünəməxsus şəkildə terror aktı idi.

Lakin televiziyanın və rəsmi nümayəndələrin təmkinli davranışları, hər dəfə ona imkan verib ki, terror aktından iki-üç gün sonra nə qəzetlər, nə də ki, sosial şəbəkələr bu barədə heç nə xatırlamasınlar. Amma digər məqamlar da var ki, onun barəsində açıq danışmaq qəbul olunmur: belə bir format təsəvvür edək ki, “terrorçu –kamikadze polis bölməsində özünü partladır”. Prinsip etibarı ilə həmin hadisə ictimaiyyəti həyacanlandıra bilər, amma bir şərtlə ki, bu Moskvada və ya hansısa sakit bir regionda baş vermiş olsun.

Əgər bu cür məlumatlar Şimali Qafqazdan gəlirsə, onda buna kimsə əhəmiyyət vermir. Dağıstan, İnquşetiya, Çeçenistan kimi regionlardan hadisələr barəsində gələn xəbərlərə rusiyalılar çoxdandır ki, adi hal kimi yanaşırlar.

Bəli, orada müharibə yoxdur, lakin orada sülh də yoxdur. Dağıstanda yenidən “terrorçuların məhv olunması” xəbərini eşitdikdən sonra, bunun Moskva üçün hansısa təhlükə torədəcəyi kiminsə ağlına belə gəlmir.

Rusiya mediası və cəmiyyətinin Stavropoldakı iri miqyaslı terror aktına qarşı soyuqqanlı münasibəti onu göstərir ki, ictimai şüurda bu region “qaranlıq” Şimalı Qafqaz federal dairəsinə daxil olub. Əgər kamikadze Kostrama və ya Ryazanda özünü partlatsaydı, hamı təəccüblənərdi. Stavropolda isə təəccüblü bir şey yoxdur. Çünki Qafqaz elə Qafqazdır.

- Potensial qaynar nöqtə!

Əgər Rusiyanın xəritəsinə potensial qaynar nöqtələr predmetindən baxsaq, onda Stavropol diyarını inkar etmək olmaz. Bəlkə də hazırda bu region bütün ölkə miqyası üzrə ən böyük potensial böhrana malikdir. Mixail Qorbaçovun sakit vətəni həmişə daha varlı Kuban və Don regionlarının, həmçinin də passionar Şimali Qafqaz respublikalarının kölgəsində yaşayıb. Ona görə də, bu diyarın problemləri kənar müşahidəçilərin gözünə dəyməyib.

Buradakı problemlərin nədən ibarət olduğunu dəyərləndirmək vacibdir. Şamil Basayevin məşhur terrorist reydi 1995-ci ildə Stavropolun Budyonovsk şəhərində baş verib. Hər iki çeçen müharibəsi zamanı cəbhəyanı bu region, qonşu ərazilərdən qaçqınları, hərbçiləri və həmçinin cinayətkarları qəbul edib. 2000-ci illərdə bu diyarın rayon mərkəzlərində və eləcədə, Stavropol şəhərinin özündə milli zəmində bir çox qarşıdurmalar yaşanıb.

Millətçi əhval-ruhiyyəli yerli gənclər, öz vəsaitləri hesabına Stavropol şəhərinin mərkəzində, nə vaxtsa Çeçenistanı fəth etmiş general Yermolovun heykəlini ucaldıblar. Qafqazın mineral sular kurortundan, turizmdən daha çox milli zəmində növbəti qarşıdurmanın yaşanması barəsində məlumatlar gəlir. Bu qarşıdurmada, nədənsə Yesentuki və Kislovodskda dincəlməyi xoşlayan Çeçenistan Daxili İşlər Nazirliyinin döyüşçüləri daha çox iştirak edirlər.

Moskvanın bu diyarda baş verən qarşıdurmaların önünü necə alacağı barəsində heç nə məlum deyil. Kremlin Stavropol diyarı ilə əlaqədar hər hansı xüsusi bir siyasəti mövcud deyil. Stavropol diyarının indiki qubernatoru Vladimir Vladimirov buraya iki il əvvəl Yamaldan gətirilib. Belə hesab olunur ki, Yamalın vitse-qubernatoru olmuş V.Vladimirovun Stavropola qubernator təyin edilməsinin səbəbi, onun prezident Putinin durnaların önündə deltaplanla məşhur üçüşunu təşkil etməsi ilə bağlıdır.

Hal-hazırda Moskva potensial təhlükəli regiona, tamamilə adi Rusiya vilayəti kimi yanaşır. Kremlin bu cür uzaqgörməzliyi əvvəl-axır öz fəsadını verəcək. Novoseltskdə baş verən partlayış nəinki terror aktı, hətta özünəməxsus şəkildə anons idi.

(Deutsche Welle)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.