Hansı məlumatlar Nemtsova həyatı bahasına başa gəlib? - Yeni faktlar

16-05-2015, 08:33           

Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov 27 fevral tarixində Rusiyanın ən güclü qorunan yeri sayılan Kremlin yaxınlığında, prezident Putinin ”burnunun düz dibində” qətlə yetirildi. Bu hadisədən sonra polis dərhal həbslərə başlasa da, saxlanılalanların heç biri cinayətlə əlaqəsinin olduğunu etiraf etmir. İndi həmin məsələ ilə bağlı aparılan araşdırmlar Rusiyadakı ictimai-siyası xadimlərin bundan əvvəllər də qətlə yetirilməsinin digər təhqiqatları kimi nəticələnəcək. Yəni, müxalif siyasətçilərin və jurnalistlərin öldürülməsinin əsl təşkilatçıları yenə də azadlıqda qalacaqlar.

Siyasi tərəfdaşlarının fikirlərinə görə, bu qətlin başlıca səbəblərindən biri də Rusiya hərbçilərinin qonşu Ukraynaya müdaxiləsi və həmçinin də həmin müdaxilənin müvafiq iqtisadi məsrəfləri barəsində Nemtsovun kitab çap etdirməyə hazırlaşması olub. Elə ona görə də, Nemtsovun dostları onun başladığı təhqiqat işini yekunlaşdırıb, ”Putin-Müharibə” adlı geniş məruzəni çap etdirmək qərarına gəliblər.

Rusiya müxalifətinin liderləri belə hesab edirlər ki, Kremlin Ukraynaya qarşı yürütdüyü təcavüzkar xarici siyasət, 2012-ci ilin seçkilərində müxalifətin geniş miqyaslı küçə yürüşləri ilə qarşılaşandan sonra Putinin populyarlıq reytinqini qaldırmaq üçün öncədən planlaşdırılıb. Onlar iddia edirlər ki, hər şey öncədən düşünülüb. Beləki, yüksək çinli Ukrayna hərbçilərinin pulla ələ alınmasından tutmuş, Moskvanın mövqeyini müdafiə edəcək Krımdakı biznesmenlərə Rusiya tərfindən maliyyə yardımının göstərilməsinə qədər, hər şey incəliklərinə qədər əvvəlcədən planlaşdırılıb.

Nemtsovun gəldiyi qənaətə görə, Ukrayna prezidenti Viktor Yanukoviçin devrilməsi, Rusiyanın öz qonşusuna qarşı açıq təcavüz etməsi üçün yaxşı bir bəhanə olub. Müxalifətin tərtib etdiyi həmin məruzədə, Krımın ilhaqı ilə əlaqədar Putinin söylədiyi ziddiyyətli sözlər də yer alır. 2014-cü ilin mart ayında “Bloomberg” agentliyinə verdiyi müsahibəsində Krımdakı “yaşıl adamların” Rusiya ordusuna məxsus hərbi formalar geyindikləri barəsindəki sualı, Putin belə cavablandırıb: ”Onlar yerli özünü müdafiə dəstələridir. Siz postsovet məkanına baxın. Orada bizim hərbi formaya oxşar geyimlər var. Bax, elə bizim özümüzdəki mağazadan siz bu cür istənilən formanı ala bilərsiniz”.

Lakin buna baxmayaraq, Vladimir Putin bir ildən sonra özünün “xalqla söhbəti” zamanı hər şeyi açıq etiraf edərək bildirib: ”Bizim əsas işimizin, krımlıların öz müqəddəratlarını sərbəst şəkildə həll etmələri üçün lazımı şəraitin yaradılmasından ibarət olmasını mən heç vaxt gizlətməmişəm. Ona görə də, Krımdakı özünü müdafiə dəstlərinin arxasında, əlbəttə ki, bizim hərbçilərimiz dayanmışdı.”

Nemtsov açıq informasiya mənbələri, ayrı-ayrı şəxslərin ifadələri və hərbçilərin ailələri ilə aparılan söhbətlər əsasında yazırdı ki, ən azından 150 Rusiya əsgəri 2014-cü ilin avqustunda, 70 əsgər isə 2015-ci ilin əvvəllərində Debaltsevoda gedən döyüşlər zamanı həlak olublar. Ukraynaya qarşı açıq şəkildə günahlandırılmadan yayınmaq məqsədi ilə Rusiya hərbçiləri döyüş cəbhəsinə yollanmamışdan əvvəl məzuniyyətə göndəriliblər. Döyüşlərdə həlak olan 150 əsgər ailəsinə 2 milyon (34 min avroya yaxın) rubl məbləğındə kompensasiya verilib. Bu pul əsgərlərin harada ölməsi haqqında məlumatın heç yerə çatdırılmayacağı barəsində təminat sənədinə imza atdıqdan sonra ödənilib. Həlak olan digər 70 nəfər hərbçinin ailəsinə isə, indiyədək heç nə veriliməyib.

Rusiyanın bu istiqamətdəki xərclərinə gəlincə isə, Nemtsovun işini yekunlaşdıran ekspertlərdən biri olan Mərkəzi Bank sədrinin keçmiş müavini Sergey Aleksaşenkonun hesablamalarına görə, şərqi Ukraynadakı ruspərəst separatçılara və qaçqınlara üst-üstə 133 milyard rubl (2 milyard dollardan çox) pul sərf olunub. S.Aleksaşenkonun fikrinə görə Rusiya Krımı ilhaq etdikdən sonra bu yarımadaya 2,75 trilyon rubl (40 milyard avro) pul xərcləyib.
Şübhəsiz ki, Rusiya hakimiyyəti bu məlumatların doğruluğunu qəbul etmir. Lakin bütün bunlarla yanaşı, Kreml Boris Nemtsovun Moskvanın mərkəzində qətlə yetirilməsinin izahını da verə bilmir.

Müxalifətin digər lideri Aleksey Navalnıy həmin məruzəni öz saytında yerləşdirib və o, hesab edir ki, bu sənəd həm ciddi, həm də çox yaxşı hazırlanıb.

(Observador)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.