AAYDA-nın 'QARA KASSASI' həbsə gedir - GÖZLƏNTİ

Dünən, 10:49           
AAYDA-nın 'QARA KASSASI' həbsə gedir - GÖZLƏNTİ
Dünən yayılan informasiyalardan aydın oldu ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun vəzifəsindən azad ediləcəyi gözlənilir.

TEREF "Qaynarinfo"ya istinadən xəbər verir ki, 67 yaşlı sədrin yaxın vaxtlarda təqaüdə göndəriləcəyi deyilir.

Artıq Saleh Məmmədovun rəhbərlik etdiyi qurumda təhfil-təslim işlərinə başlanıldığı, qurumun aparatında və tabeli müəsissələrində yoxlamalar keçirildiyi bildirilir.

Fevral ayında Agentliyin İdarə Heyətinin üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Fevralda həmçinin 1981-ci ildə Bakı şəhərində anadan olmuş Əli Sabir oğlu Hacıyev AAYDA İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. O, 2019-2024-cü illərdə İqtisadiyyat Nazirliyində Dövlət investisiyaları şöbəsinin müdiri, 2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində İnvestisiya Baş İdarəsinin rəisi vəzifələrində çalışıb. Ehtimal edilir ki, yaxın vaxtlarda Saleh Məmmədovu sözügedən vəzifədə Əli Hacıyev əvəzləyəcək.

"DİA-AZ"ın əldə etdiyi məlumatda isə deyilir ki, AAYDA-nın rəhbərliyində nəzərdə tutulan bu dəyişikliklər heç də məxməri xarakterli olmayacaq.

Bu barədə danışan mənbə bildirir:

"AAYDA bu gün ən çox korrupsiyaya uğramış dövlət qurumlarından biri yox, lap elə birincisidir. Bir zamanlar Azərbaycan MDB məkanında ən yaxşı avtomobil yollarına malik ölkə idi. Yol çəkilməsi işi Saleh Məmmədov-Əvəz Qocayev cütlüyünə həvalə olunandan sonra ölkəmiz həm bu ünvanını, həm də milyonlarla pulunu itirdi. Əvəz Qocayev Saleh Məmmədovun müavini olmaqla yanaşı həm də onun QARA KASSASIdır. Bu cütlüyün ayağında təxminən 1 milyard manata yaxın büdcə pulunun YOXA ÇIXARILMASI faktı var.
Kimsə buna görə cavab verməli olacaq. Əgər Saleh Məmmədovun asanlıqla gedişi gözlənilirsə, eyni aqibət Əvəz Qocayevə aid olmaya bilər".

Mənbə iddia edir ki, Saleh Məmmədovun işdən çıxarılmasından belə öncə Əvəz Qocayevin həbsinə şahidlik edə bilərik.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.