Mask Trampa QARŞI

Dünən, 12:28           
Mask Trampa QARŞI
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask Prezident Donald Trampın siyasətinə zidd olaraq ABŞ və Avropa İttifaqı (Aİ) arasında azad ticarət zonasının yaradılmasına çağırıb.

Modern.az "Associated Press"ə istinadən xəbər verir ki, o, bunu İtaliyada keçirilən "Liqa Konqresi"ndə videobağlantı vasitəsilə çıxışı zamanı deyib.

“Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-nin azad ticarət zonası yaradaraq, sıfır tarif vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq”, - Mask bildirib.

İş adamı, həmçinin qeyd edib ki, Aİ-də hərəkət və məşğulluq azadlığı ABŞ-yə də şamil olunmalıdır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. O, idxal mallarına minimum 10 % rüsum təyin edəcəyini bildirib. Ayrı-ayrı dövlətlər üçün o, fərdi rüsumlar müəyyən edib. Bundan başqa, Vaşinqton aprelin 3-dən ölkəyə gətirilən bütün avtomobillərə 25 % rüsum tətbiq edib.

Tədbirlər Çin (34 %), Aİ (20 %), Vyetnam (46 %), Hindistan (26 %), İndoneziya (32 %), Kamboca (49 %), Malayziya (24 %), Koreya Respublikası (25 %), Tailand (36 %), Tayvan (32 %), İsveçrə (31 %), Yaponiya (24 %) və bir sıra digər ölkələrə təsir edib.

Bununla yanaşı, Tramp Vaşinqtonun yeni gömrük rüsumlarının tətbiqi ilə əlaqədar perspektivdə Amerika fond bazarında əsas kotirovkaların artım nümayiş etdirəcəyi irəli sürüb, bu tədbirlər 6-7 trilyon dollar həcmində investisiya cəlb etməyə imkan verəcək.

“Düşünürəm ki, hər şey çox yaxşı gedir. Bazarlarda sürətli artım olacaq”, – Tramp rüsumların tətbiqinin ABŞ fond bazarına təsirindən danışarkən deyib.

Amerika liderinin iddialarının əksinə olaraq, ABŞ-də fond bazarında hərrac əsas kotirovkaların düşməsi ilə açılıb. Azalma 2,9-4,6 % təşkil edib ki, bu da təxminən 2-2,8 trilyon dollar həcmində qiymətləndirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.