Erməni atalar övladlarının Qarabağa göndərilməsinə etiraz edir - VİDEO

13-06-2016, 14:21           
Erməni atalar övladlarının Qarabağa göndərilməsinə etiraz edir - VİDEO
"Bizim övladlarımızı ehtiyac olmadan Qarabağa aparırlar. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə iddia edir ki, Qarabağ “müstəqildir”. Bizim onların işlərinə qarışmaq hüququmuz yoxdur. Bəs niyə bu halda bizim uşaqlarımızı aparırlar?”

ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahının qarşısında etiraz aksiyası keçirənlərdən biri - Ovsep Muradyan deyib. Ovsep Muradyanla bərabər 2010-cu ildə həlak olmuş Artur Qazaryan və Valeri Muradyanın valideynləri də Ermənistan prezidentinə etiraz etmək üçün onun iqamətgahı qarşısına toplaşıblar.

Erməni atanın sözlərinə görə, oğlu Arman Muradyan 2013-cü ildə Dağlıq Qarabağda öldürülüb. Onlar həmçinin oğlanlarının ölüm faktının araşdırılmadığından şikayətləniblər. 2 saat davam edən aksiya ərzində Baqramyan prospekti polis nəzarətinə götürülüb.

Etirazçılar prezidentlə görüşmək istəsələr də onların tələbləri yerinə yetirilməyib. Polislər qadağanın səbəbini Çexiya prezidenti Miloş Zemanın Ermənistana səfəri ilə izah ediblər.

Bu, Ermənistan prezidentinin iqamətgahının qarşısında təşkil edilən ilk aksiya deyil. Bir neçə dəfə Ermənistan ordusunda xidmət edən əsgərlərin Dağlıq Qarabağda öldürüldüyünə görə prezidentlə şikayət ediblər. Amma etirazların heç bir nəticəsi olmayıb.

Ermənistan rəhbərliyi isə iddia edir ki, Dağlıq Qarabağın “müstəqil ordusu” var. Rəsmi Bakı isə Dağlıq Qarabağda öldürülən əsgərlərin əksəriyyətinin Ermənistan vətəndaşları olduğunu söyləyib.

Bunu bir neçə gün öncə Sarkisyanın yalanlarının üstünü açan Azərbaycanın dövlət başçısı İlham Əliyev də deyib. O qeyd edib ki, Dağlıq Qarabağ ordusu yoxdur. Bu, bir mifdir. "Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşıdır".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.