ABŞ-da üç yaşlı oğlan bir yaşlı bacısına tapançadan atəş açıb

17-05-2015, 12:18           
ABŞ-da nəzarətsiz olan üç yaşlı oğlan avtomobildə bir yaşlı bacısına tapançadan atəş açıb.

APA-nın “RİA Novosti” istinadən verdiyi xəbərə görə, insident ötən axşam Florida ştatının Venis şəhərində baş verib.

“Uşaqların nəzarətsiz olması faciə ilə nəticələnib. Üç yaşlı uşaq avtomobildə tapança aşkarlayaraq atəş açıb, nəticədə bir yaşlı uşaq yaralanıb”, deyə şəhər polis idarəsinin nümayəndəsi Vins Mayer bildirib. Başından yaralanan uşaq təcili xəstəxanaya çatdırılıb, həkimlər onun həyatını xilas edə bilib.

Hadisə baş verən an uşaqların anası avtomobildə olmayıb. Baş vermiş hadisəyə görə, qadın hələlik cinayət məsuliyyətinə cəlb olunmayıb.

Qeyd edək ki, ABŞ-da mütəmadi oxşar hadisələr baş verir. Yanvarın sonlarında ABŞ-ın Missuri ştatında 5 yaşlı uşaq təsadüfən tapança ilə 9 aylıq qardaşını güllələyib.

Faciə bazar ertəsi Kanzas Siti şəhərində baş verib.

Yerli mətbuatın məlumatına görə, mənzildə tapança aşkarlayan uşaq silahı kiçik qardaşına tuşlayıb və təsadüfən atəş açıb. Körpə aldığı ağır yaradan hadisə yerində ölüb. Polis baş vermiş insidentin bədbəxt hadisə olduğunu bildirib.

Xatırladaq ki, dekabrın sonlarında ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən Walmart super marketində 2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq qətlə yetirib.

29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib.

Məlumata görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına atəş açıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.