Əl-Şəbab Keniyanın şimal-şərqində polis zabitlərini öldürüb
15-07-2023, 10:58

Keniya rəsmiləri deyir ki, Əl Şəbab militantları cümə günü səhər ölkənin şimal-şərqində Mandera Cənub bölgəsindəki Varqadud polis düşərgəsinə hücum edərək, iki polis zabitini və bir müəllimi öldürüb.
Militantlar həmçinin bir polis maşınını qaçırıb, iki rabitə qülləsini dağıdıb.
Təhlükəsizlik rəsmiləri Amerikanın Səsinin şərh istəyini rədd edib. Ancaq Mandera Cənubu təmsil edən parlament üzvü Abdul Haro insidenti təsdiq edib.
“Mən təsdiq edə bilərəm ki, ötən gecə mənim təmsil etdiyim Varqadid adlı yerə terror hücumu olub və ölənlər var. Bundan əlavə bir neçə kilometr aralıda İresuki və Elvak adlı yerlərə hücumlar olub,” Haro deyib.
İnsidentlər Keniyanın müdafiə naziri Aden Duale təhlükəsizlik rəsmiləri və sakinlərlə görüşmək üçün ölkənin şimal-şərq bölgələrinə səfər etdiyi bir vaxta təsadüf edib. Sərhəddə yerləşən Diif şəhərində sakinlərə müraciət edən Duale deyib ki, Keniya ərazisinin təhlükəsizliyini təmin etmək üçün Keniyanın daxili və xaricində militantlara qarşı mübarizə aparmağa davam edəcək.
“Biz sərhədimiz boyunca əl-Şəbabla mübarizə aparacağıq. Biz döyüşəcəyik və müharibəni onlara Somaliyə daşıyacağıq, çünki Keniyanın Afrika buynuzu ölkələrinə sülh və sabitlik gətirmək kimi mənəvi öhədliyi var” Duale deyib.
Ötən həftə Keniya təhlükəsizlik qüvvələri Keniyanın Mandera mahalında Orgene ərazisində qurduqları pusqu nəticəsində 23 şübhəli əl-Şəbab militantını öldürüblər. Həmin qarşıdurma nəticəsində həmçinin altı Keniya əsgəri ölüb, səkkizi yaralanıb.
Duale deyib ki, Keniya bölgəni terrorçular və təəssübkeşlərindən təmizləmək üçün bütün mümkün yollardan istifadə edəcək.
“Mən Əl-Şəbab liderlərinə səslənirəm: haradasınızsa, hazır olun. Biz sizi tapmaq üçün quru qüvvələrimizdən, hava qüvvələrimizdən, hərbi dəniz donanmamızdan, xüsusi qüvvələrimizdən istifadə edəcəyik,” Duale deyib.
Bu ilin əvvəlində Keniya Somali ilə on ildən çoxdur bağlı olan sərhədini yenidən açmaq planlarını elan edib, amma militant qrup tərəfindən artan hücumlar fonunda daha sonra bu planları təxirə salıb.
Militant qrup daha öncə də Keniyanı qoşunlarını Somalidə Afrika İttifaqının rəhbərlik etdiyi sülhməramlı qüvvələrindən geri çəkməyə məcbur etmək üçün Keniya şəhərlərinə bir sıra hücumlar həyata keçirib.