Rusiya MN: elektron raket buraxılışları həyata keçirilib
14-06-2024, 10:58
Hərbi Dəniz Qüvvələrinin ekipajları da təyin olunmuş patrul ərazisində dənizə çıxışı həyata keçiriblər.
Qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsində elektron raket buraxılışları həyata keçirilib.
Bu barədə iyunun 13-də Rusiya Müdafiə Nazirliyi xəbər verib.
Nazirlikdən verilən məlumata görə, Leninqrad Hərbi Dairəsinin raket birləşməsinin şəxsi heyəti təyin olunmuş mövqe rayonuna gizli irəliləmək üçün təlim və döyüş tapşırıqlarını yerinə yetirib.
"Elektron raket buraxılışları düşmənin şərti hədəflərinə qarşı həyata keçirilib", nazirliyin açıqlamasında bildirilir.
Bundan əlavə, Hərbi Dəniz Qüvvələrinin ekipajlarının təlimlərində iştirak edən şəxsi heyət təyin olunmuş patrul ərazisində dənizə çıxışı həyata keçiriblər.
Xatırladaq ki qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi iyunun 11-də başlayıb. Bu yaxınlarda Leninqrad Hərbi Dairəsinin raketçiləri "İsgəndər" operativ-taktiki raket kompleksinin təyin olunmuş əraziyə gizli irəliləməsini təcrübədən keçiriblər.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiyanın qeyri-strateji qüvvələrinin Belarusla birgə təlimlərini şərh edərkən qeyd edib ki, Qərb vəziyyəti getdikcə gərginləşdirir, ona görə də Rusiyanın döyüş hazırlığını qoruyub saxlaması çox vacibdir. O söyləyib ki, təhrik hər gün baş verir və bu səbəbdən də belə təlimlərin olması son dərəcə vacibdir.