Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 12:41
Bu ayın əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 180 olub.
Yeniavaz.com açıqlnan rəsmi məlumatlara istinadən xəbər verir ki, oktyabr ayında bank sektorunda çalışanların sayı 1,5% və ya 370 nəfər artaraq 25 min 66 nəfər təşkil edib. Bu ilin əvvəlindən isə bank işçilərinin sayı 6,4% və ya 1 497 nəfər artıb.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 697,8 milyon manat, cəmi öhdəlikləri isə 43 milyard 254,6 milyon manat olub.
Oktyabr ayında bankların kredit portfeli 1,4% və ya 374,6 milyon manat artaraq 27 milyard 80,5 milyon manata çatıb və kredit portfelinin strukturu aşağıdakı kimi olub:
- Biznes kreditləri – 54% (14 milyard 628,1 milyon manat);
- İstehlak kreditləri – 30,6% (8 milyard 277,8 milyon manat);
- İpoteka kreditləri – 15,4% (4 milyard 174,6 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,2 faiz bəndi azalaraq 1,7% təşkil edib.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79,5%-i və ya 34 milyard 373,9 milyon manat. Depozit portfelinin 59,4%-i (20 milyard 404.3 milyon manat) hüquqi şəxslərin, 40,6%-i (13 milyard 969,5 milyon manat) fiziki şəxslərin depozitlərindən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 66%-i (9 milyard 216,4 milyon manat) milli valyutada, 34%-i (4 milyard 753,1 milyon manat) xarici valyutadadır.
2024-cü ilin yanvar – oktyabr aylarında banklar tərəfindən 913,7 milyon manat xalis mənfəət əldə olunub.