Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 15:16
Dövlət büdcəsi layihəsinin analizi iqtisadiyyatla bağlı heç yaxşı təəssürat saxlamır. Gələn il Azərbaycan iqtisadiyyatı üçün asan keçməyəcək. Hərçənd, bu il də müsbət tendensiyalar çox gözə dəymir. Büdcə gəlirlərinin yarıdan çoxu Neft Fondundan edilmiş transferlərin payına düşür. Açıq-aşkar görünür ki, neft sektoru olmadan addım ata bilmərik. Neft yoxdursa, xərclərin yarıdan az hissəsinin öhdəsindən gələrik.
Bizimyol.info xəbər verir ki, neft və qaz hasilatı ilə bağlı proqnozlar açıqlanıb. Yaxın 4 il ərzində yalnız azalma olacağı bildirilir. “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində dəqiq rəqəmlər əksini tapıb. Neftlə bağlı proqnozların çox bədbin olması diqqət çəkir. Qarşıdakı 4 il ərzində hasilatın təxminən 2,5 milyon ton azalacağı düşünülür. Əmtəəlik qazla bağlı da fərqli düşüncə yoxdur. Hesab olunur ki, 2025-ci ildə temp hələ aşağı düşməyəcək. Sonrakı 3 il ərzində isə 1,8 milyard kubmetr azalma olacaq.
Azərbaycan neftinin nə günləri vardı! İki il ardıcıl hasilatın 50 milyon tonu keçdiyini görmüşdük. Üstəlik, qiymətlər çox yüksək idi. Azərbaycanın neftinin barelini 149 dollara satdığı zamanlar olub. Onda iqtisadiyyatın gələcəyi ilə bağlı çox nikbin düşünürdük. İndi özümüzü nə qədər sındırmaq istəməsək də, vəziyyət çox pisdir. Büdcə layihəsində əksini tapanlara inansaq, 2028-ci ildə cəmi 26,7 milyon ton neft hasil edəcəyik. Hərçənd, proqnoz yetərincə nikbin hazırlanıb. Böyük ehtimalla göstərici daha aşağı olacaq. Çünki 2024-cü illə bağlı proqnoz qənaətbəxş idi. Amma indi illik hasilatı 29 milyon tona çatdırmaq üçün mübarizə aparırıq.
Büdcə layihəsində əmtəəlik qaz hasilatının 2028-ci ildə 36,6 milyard kubmetrə düşəcəyi əksini tapıb. Qazla bağlı da çox nikbin idik. Deyirdik ki, neft qurtarsa da, təbii qaz bizi uzaqlara aparacaq. Amma proqnozlar nikbinliyə əsas vermir. Gəlirlər kəskin azalıb. Təbii qaz əvvəlki qədər baha satılmır.
Şair necə deyirdi? “Ax, necə kef çəkməli əyyam idi...” Getdi o günlər. Bundan sonra çox çətin olacaq.