Ukraynada həlak olan amerikalı veteran vətəninə gətirildi
12-07-2024, 15:58
Amerikalı əsgər Yerixo Maqallon Ukraynaya döyüşməyə 2022-ci ilin martında gedib. O, sentyabr ayında Baxmut yaxınlığında öldürülüb. İyunun sonunda onun cəsədi nəhayət dəfn edilmək üçün vətəni Kaliforniyaya gətirilib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə etdikdən bir ay sonra Amerika əsgəri Yerixo Maqallon Ukrayna tərəfdə döyüşmək üçün imza atıb.
O, sentyabr ayında Baxmut yaxınlığında, ehtimal ki, dron hücumunda öldürülüb və cəsədi Ukraynada qalıb.
Maqallonun cəsədi nəhayət Los-Ancelesə onun 29 yaşı tamam olan gün, iyunun 30-da gətirilib. Oradan isə doğulduğu Kaliforniya ştatının Ojay şəhərinə aparılıb. Anası Alison Maqallon onun sadəcə olaraq Ukraynaya getmək istədiyini deyir. "O, mənə belə izah etdi, bu, kimlərinsə uşaq meydançasında bir uşağı döyülməsinə bənzəyir və hamı ətrafda dayanıb buna tamaşa edir, lakin heç kim heç nə etmir. O an mən "Yox" dedim. Lakin nə olursa olsun, o gedəcəkdi".
Onun bacısı Rebekka Maqallon onun qərarının ailənin bəzi üzvlərini çaşdırdığını deyir. "Mən heç vaxt etiraz etmədim, amma bir çoxları, ailə üzvləri, atam, ailənin digər üzvləri… Bilirsiniz, onların çoxu sual verirdi "Nəyə görə?" Bu onun müharibəsi deyil.""
Maqallon Ukraynada 10 ay qaldıqdan sonra ABŞ-a qayıdıb. Onun qardaşı, Gideon Yendell geri dönməyin onun üçün çətin olduğunu deyir. "On aydan sonra sağ qaldığı üçün o özünü bir az günahkar hiss edirdi. Daha çox borcu olduğunu hiss edirdi, yardım etmək istəyirdi. On ayın kifayət etmədiyini hiss edir və geri dönə biləcəyini, yenə daha çox yardım təklif edə biləcəyini hiss edirdi."
Sentyabr ayında Maqallon Ukraynada hərbçilərə təlim keçməyə hazırlaşırdı. Rebekka Maqallon deyir ki, öldürüləndə evdəki sevgilisi beş aylıq hamilə idi. "O, ata olacaqdı. O, ata olmaq üçün həqiqətən həyəcanlı idi. Onunla sonuncu dəfə telefonla danışanda o, "Mən bu təlimləri keçirəcəyəm, təhlükəsizdir. Sonra qayıdacağam və mən ata olacağam."
Mamallonun cəsədi öldürüldükdən 9 ay sonra tapıldı. Onun cəsədinin ABŞ-a qaytarılmasını Qeyri-kommersiya təşkilatı "R.T. Weatherman" fondu təşkil etdi.
Maqallon kremasiya edildi və Ojaydə dəfn edildi. O, ailəsini, sevgilisini və heç vaxt görüşə bilmədiyi kiçik oğlunu geridə qoydu.