Rumıniya ABŞ-dan 2 milyard dollara qədər hərbi kredit istəmək niyyətindədir
13-07-2024, 09:24
Rumıniya hökuməti hərbi texnikanın alınması və müdafiə sənayesinin inkişafı üçün ABŞ-dan 2 milyard dollara qədər kredit istəmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “Hotnews.ro”ya hökumətdəki mənbələrdən məlumat verilib.
Qeyd olunub ki, gələn həftə Rumıniya hökuməti Vaşinqtona niyyət məktubu göndərəcək və orada 2 milyard dollara qədər kredit almaq istəyini ifadə edəcək.
Mənbələr aydınlaşdırıb ki, kreditlə bağlı danışıqlar bir neçə aydır ki, davam edir. Portal qeyd edib ki, Milli Müdafiə Nazirliyi kreditdə - hərbi texnikanın alınması üçün, İqtisadiyyat Nazirliyi isə müdafiə sənayesinin inkişafı üçün maraqlıdır.
Bundan əvvəl ABŞ administrasiyası Polşaya da analoji kreditin ayrıldığını açıqlamışdı. Belə kreditlər Amerika Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində verilir. Rumıniya tərəfi digər məsələlərlə yanaşı, aşağı faiz dərəcəsi - 3 faiz olduğu üçün kreditdə maraqlıdır.