Rusiya Qarabağda qoşun yerləşdirmək istəyir
2-06-2015, 10:18
Üç prezidentin iyunun 12-də Bakıdakı görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və ortaq sülhməramlı qüvvələrin yaradılması mövzusu müzakirə oluna bilər
Prezident İlham Əliyevin Avropa İttifaqının Riqa sammitində iştirak etməməsi və Bakının Brüssellə assosiativ saziş imzalamaması Kremldə müsbət qarşılandı. Çünki Moskva Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramını çərçivəsində imzalanan assosiativ sazişləri Rusiya əleyhinə yönəlmiş siyasət hesab edir. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç Riqa sammitini sərt tənqid etmişdi. Bu tənqid həm Brüsselə, həm də Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq istəyən dövlətlərə xəbərdarlıq idi.
Əslində Riqa sammitində uğur qazanılmadı. Bu, Moskvanın istəyinə uyğun idi. Şərq Tərəfdaşlıq Proqramının 6 ölkəsindən 3-ü (Ermənistan, Belarus və Azərbaycan) Avropa İttifaqı ilə assosiativ saziş imzalamadı. Doğrudur, İrəvan və Minskdən fərqli olaraq Bakının Brüssellə assosiativ saziş imzalamamasının daxili səbəbləri var.
Rəsmi Bakı Avropa İttifaqının assosiativ saziş vasitəsilə Azərbaycanın daxili işlərinə qarışmasını istəmir. Ancaq Bakının bu sazişi imzalamaması Moskvaya da bir jest idi ki, Azərbaycan hakimiyyəti Kremlin regional maraqlarını nəzərə almağa hazırdır. Təsadüfi deyil ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Riqadan sonra birbaşa Moskvaya getdi. Məmmədyarovu Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov gözləyirdi.
Məmmədyarovun Lavrovla danışıqlardan sonra verdiyi açıqlamaları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
“Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb”. Məmmədyarovun bu mesajı birbaşa Rusiyaya ünvanlanıb. Yəni Moskva istəsə İrəvana təzyiq edib, Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasına nail ola bilər;
“Azərbaycan Rusiyanın Avrasiya İqtisadi Birliyinə üzv ola bilər”. Ancaq bunun başlıca şərti Dağlıq Qarabağ münaqişəsinin həllidir. Yəni əgər Kreml Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasını istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin həllini təmin etməlidir.
Beləliklə, rəsmi Bakının Kremlə ümidi yenə artıb. Bu ümid 2000-ci ildə Vladimir Putin Rusiya prezidenti olduqda da yaranmışdı. O zaman Putin ilk xarici səfərini Azərbaycana etdi və keçmiş prezident Heydər Əliyevlə görüşdü. Putin üçüncü ölkələrdən çeçenlərə Azərbaycan üzərindən silah göndərilməsinin dayandırılmasını Bakıdan xahiş etmişdi. Heydər Əliyev Putinin bu istəyini yerinə yetirdi.
Bundan başqa, Bakıda çeçenlərin nümayəndəliyi bağlandı. Ancaq bunların qarşılığında Putin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmədi.
Bakının ikinci ümidi Dmitri Medvedyevin prezidentliyi dövründə yarandı. Medvedyev Bakıya səfər edərək Azərbaycanla müxtəlif sazişlər imzaladı. Bakı Moskva ilə istənilən sahədə əməkdaşlığın genişləndirilməsinə hazır idi. Bakının Moskvadan yeganə istəyi, həmişəki kimi, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllində İrəvana təsir etməsi idi. Medvedyevin prezidentliyi dövründə Azərbaycan və Ermənistan prezidentləri 10 dəfə görüşdülər. Ancaq bu görüşlər nəticəsiz qaldı. Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq vermədi. Kreml bu məsələdə İrəvana təsir etmədi.
Bakı yenə Moskvaya ümidlidir. Çünki Bakı bu dəfə də Moskvanın istəyinə uyğun addım atıb, Avropa İttifaqının sazişinə imza atmayıb. Ancaq Moskvanın bu dəfə də Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərəcəyi problematikdir. Bunu Sergey Lavrovun Məmmədyarovla birgə mətbuat konfransında söylədiyi fikir də sübut edir. Lavrov dedi ki, münaqişənin həlli üçün birinci növbədə Azərbaycanla Ermənistan razılığa gəlməlidirlər. Ancaq bu mümkün deyil. Ermənistana kənar təsir və təzyiq olmayınca Qarabağla bağlı razılıq alınmayacaq.
Buna baxmayaraq, Bakı Moskvaya ümidini itirməyib. Rusiya prezidenti Vladimir Putin iyunun 12-də Bakıya Avropa Oyunlarının açılışına gələcək. Məmmədyarov bu səfər zamanı çox geniş müzakirələrin aparılacağını deyib.
Çünki Dağlıq Qarabağ məhz SSRİ və Rusiya qoşunlarının bölgədə olduğu dönəmdə işğal olunmuşdu. Erməni separatçılarını silahla təmin edən Dağlıq Qarabağdakı Rusiyanın hərbi bazaları idi. Rusiyalı generallar separatçılara Azərbaycan əleyhinə dəstək verirdilər. Odur ki, yenidən Dağlıq Qarabağda Rusiya silahlı qüvvələrinin yerləşdirilməsi Azərbaycana yenidən problem yarada bilər. Rusiya silahlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilərsə bir daha ordan çıxmayacaqlar. Necə ki, Abxaziya, Cənubi Osetiya və Krım işğal olunaraq Rusiyanın nəzarətinə keçdi. Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi Kremlin daima Bakının daxili və xarici siyasətinə təsir etmək imkanları qazandıracaq.
Çünki Dağlıq Qarabağ məhz SSRİ və Rusiya qoşunlarının bölgədə olduğu dönəmdə işğal olunmuşdu. Erməni separatçılarını silahla təmin edən Dağlıq Qarabağdakı Rusiyanın hərbi bazaları idi. Rusiyalı generallar separatçılara Azərbaycan əleyhinə dəstək verirdilər. Odur ki, yenidən Dağlıq Qarabağda Rusiya silahlı qüvvələrinin yerləşdirilməsi Azərbaycana yenidən problem yarada bilər. Rusiya silahlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilərsə bir daha ordan çıxmayacaqlar. Necə ki, Abxaziya, Cənubi Osetiya və Krım işğal olunaraq Rusiyanın nəzarətinə keçdi. Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi Kremlin daima Bakının daxili və xarici siyasətinə təsir etmək imkanları qazandıracaq.
Başqa bir variant Dağlıq Qarabağda həm Rusiya, həm də Türkiyə silahlı qüvvələrinin yerləşdirilməsidir. Rusiya hərbçiləri Dağlıq Qarabağın erməni əhalisini, Türkiyə hərbçiləri isə bölgəyə qayıdan azərbaycanlıların təhlükəsizliyini qoruyacaq. Ancaq bu variantın reallaşması üçün işğal altındakı bütün torpaqların boşaldılması və Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyası altına qayıtması lazımdır. Bakıda keçiriləcək Avropa Oyunlarının açılışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da gələcək. Bu mənada 3 prezidentin Bakıdakı görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və ortaq sülhməramlı qüvvələrin yaradılması mövzusu müzakirə oluna bilər.
Kreml Dağlıq Qarabağ münaqişəsini həm də ona görə həll etmək istəmir ki, Azərbaycanı enerji bazarında özünə rəqib görür. Bakı Brüssellə assosiativ saziş imzalamasa da, Avropa İttifaqı ilə geniş enerji əməkdaşlığına hazırlaşır. Moskva TAP və TANAP boru xətlərini özü üçün təhlükə kimi görür. Rəsmi Bakının “bu siyasi layihə deyil” açıqlamaları da Moskvanı sakitləşdirmir. Çünki Brüssel TAP və TANAP vasitəsilə Azərbaycanla yanaşı, Türkmənistan və İran qazını da Avropaya çatdırmaq istəyir. Bu isə Rusiyanın Avropa bazarındakı monopoliyasına son qoyacaq. Ona görə də Moskva Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməklə Bakının problemlərini azaltmaq istəmir.
“Atlas” Araşdırmalar Mərkəzi