Həyəcan təbili: Bahalaşmanın növbəti dalğası gəlir? - BELƏ HARA GEDİRİK?..
20-09-2024, 00:05
Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə Maliyyə Nazirliyinə istinadən bildirilib.
Proqnoz İqtisadiyyat Nazirliyinin beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirləri əsas götürərək hazırlanıb.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 2,7 % olacağını gözləyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 %, avqust ayında ötən ilin eyni ayına nisbətən 3,5 %, bu ilin iyul ayına nisbətən 0,4 % artıb.
Maraqlıdır, bahalaşmanın yeni dalğası gəlir, qiymətlər artacaq?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanda inflyasiyanın yüksəlməsi gözləniləndir:
"Çünki bu yaxınlarda Tarif (qiymət) Şurasının qərar ilə Azərbaycanda benzin 10 %, dizel yanacağı isə 25 % bahalaşıb. Eyni zamanda, dövlətin göstərdiyi digər xidmətlərdə (internet, taksi və.s) də bahalaşma müşahidə edilib.
Bu, daha yüksək inflyasiya rəqəmlərinin olacağını göstərir. Nəticə etibarilə, əsasən enerji daşıyıcılarının, xüsusilə də dizel yanacağının qiyməti qalxırsa, bu kənd təsərrüfatı qiymətlərinə, logistikaya, bir sözlə, hər şeyə təsir göstərir.
Hətta Maliyyə Nazirliyi məsələyə daha konservativ yanaşıb. Hesab edirəm ki, inflyasiya daha yüksək olacaq".