Laçından yoxsul bir ailənin üzvü olan IV kurs tələbəsi niyə günahsız yerə həbs edildi?..

20-09-2024, 00:02           
Laçından yoxsul bir ailənin üzvü olan IV kurs tələbəsi niyə günahsız yerə həbs edildi?..
“Mən artıq yeddi aydır ki, evdən heç nə almıram və müstəntiq mənə qarşı repressiya tətbiq edərək 10-dan çox məktub yazmağıma baxmayaraq maliyyə hesabımda olan pulumun ailəmə köçürülməsinə icazə vermir...”

“Protokoldan aydın olur ki, BDU-nun partiya təşkilatının üzvləri və rəhbərlərinin əksəriyyəti qeyri azərbaycanlılardan, xüsusilə ermənilərdən ibarət olmuşdur...”
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir...

Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.

Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...

Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində 1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.

"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...
“Həmkarlar təşkilatının sədri: Xasay Abbasov

Bakı Dövlət Universitetinin repressiyaya məruz qalan rəhbərlərindən biri də, universitetin həmkarlar təşkilatının sədri, tarix fakültəsinin IV kurs tələbəsi, 1909-cu ildə Laçın rayonunun Müsəlmanlar sovetliyinin Əlicanlı kəndində anadan olmuş Abbasov Xasay İsmayıl oğlu olmuşdu.

Qeyd edim ki, bütövlükdə bu material ilk dəfə elmi dövriyyəyə bizim tərəfimizdən daxil edilir.

X.Abbasov Azərb. SSR XDİK DTİ-nin IV şöbəsinin VI bölməsinin rəis əvəzi, DT-nin kiçik leytenantının 29 iyun 1938-ci ildə hazırladığı, IV şöbənin rəisi Rasskazçikovun təsdiq etdiyi arayış əsasında həbs olunmuşdur. Onun əks-inqilabçı millətçi təşkilatın üzvü olması səbəbindən həbs olunması haqqındakı qərarını 30 iyun 1938-ci ildə Azərb. SSR XDİ komissarı, DT-nin mayoru Rayev təsdiq edib. Arayışda göstərilib ki, həbs olunan H. Biləndərli və Ə.Məmmədbəyovun ifadələrində göstərilib ki, A.Xasay əks-inqilabçı trotskiçi təşkilatın üzvüdür.

H.Biləndərlinin 10 iyul 1937-ci tarixində istintaqa verdiyi ifadəsində göstərilib ki, “Mənim tərəfimdən əks-inqilabçı millətçi ruhda cəlb edilənlər aşağıdakılardır:..

2. Abbasov Xasay, tarix fakültəsinin tələbəsi. Ona tarixin bəzi məsələlərinin antipartiya və trotskiçi izahını verdim. O, sovet hakimiyyətindən narazı idi. Bundan istifadə edərək mən Lenin və Stalinin milli nəzəriyyəsini təhrif edib ona izah etdim. Əsas etibarı ilə milli kadrların sıxışdırılması, milli mədəni inkişafa süni əngəl yaradılması və s. bəhs edirdim. Onların hamısı mənim əks-inqilabçı millətçi baxışlarımla razı idilər.”

Həbs olunaraq işgəncələrə məruz qalan, BDU-nun elmi katibi Əli Məmmədbəyov 10 iyul 1937-ci ildə istintaqa ifadəsində demişdir: “... Balabəy Həsənbəyovun əks-inqilabçı qrupuna aşağıdakılar daxil idilər:
...8. Abbasov Xasay. ADU-da tələbə. ADU həmkarlar təşkilatının sədri”.
29 iyun 1938-ci ildə müstəntiq yuxarıda deyilənləri nəzərə alaraq Abbasov Xasayı Azərb. SSR cm.72,73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etməyi zəruri hesab edib. Onun həbs edilməsi haqqında order 2 iyul 1938-ci ildə verilmişdir. Cinayət işində olan materialda göstərilib ki, X.Abbasov bu qərarla 5 dekabr 1938-ci ildə tanış olub və bu barədə sənədə imza atıb. İşin içərisində təqsirləndirilənin 9 iyul 1938-ci ildə tərtib edilmiş anket məlumatları vardır. Orada yazılmışdır: “Abbasov Xasay İsmayıl oğlu, 1909-cu il təvəllüdlü, Laçın rayonu, Əlican kəndi, tələbə, vətəndaşlığı azərbaycanlı, evli, həyat yoldaşı - Olqa, 28 yaş”.

Uzun müddət, təxminən yeddi ay həbsdə olsa da istintaqı aparılmayan, bu müddətdə evdən heç bir bağlama almayan Xasay Azərb. SSR XDİ Komissarına 22 yanvar 1939-cu ildə şikayət məktubu yazıb.

“Mən 1909-cu ildə Laçın rayonunda yoxsul kəndli ailəsində anadan olmuşam. 1923-cü ildən həbs edildiyim 1938-ci ilə qədər oxumuşam. Arada iki il Qızıl Orduda xidmət etmişəm. Bu dövrdə qardaşım Abbasov İbişin himayəsində yaşamışam. O, Laçın rayonunda cinayət axtarışının rəisi olub, iş başında, quldurlarla döyüşdə onlar tərəfindən qətlə yetirilib. Bundan sonra mən təqaüd hesabına yaşamışam. Mən on beş il sovet məktəbində Stalin-Lenin ruhunda tərbiyə almışam. 9 iyul 1938-ci ildə həbs edildim. Ancaq iki aydan sonra, 05 sentyabr 1938-ci ildə mənə əks-inqilabçı burjua təşkilatına üzv olmağım burjua təşkilatına üzv olmağım barədə ittiham aktı verilib. Bu ittihamı tamamilə rədd edirəm. Mənə qarşı repressiya tətbiq edilib. Ancaq ittiham doğru olmadığına görə bütün repressiyalara baxmayaraq mən ittihamı qəbul etmirəm. Hörmətli Xalq Komissarı, ona görə müraciət edirəm ki, bu işi nəzarətə götürəsiniz və onun aydınlaşdırılmasını tezləşdirəsiniz. Mən artıq yeddi aydır ki, evdən heç nə almıram və müstəntiq mənə qarşı repressiya tətbiq edərək 10-dan çox məktub yazmağıma baxmayaraq maliyyə hesabımda olan pulumun ailəmə köçürülməsinə icazə vermir”.

10 mart 1939-cu ildə XDİK II şöbəsinin VI bölməsinin əməliyyat müvəkkili, DT serjantı Dranişnikov Azərb. SSR cm. 72,73-cü maddələri ilə ittiham edilən X.Abbasovun 12493 No-li cinayət işinə baxaraq müəyyən edib. “... X.Abbasovun 12493 No-li kollektiv cinayət işinin istintaq prosesində müəyyən-ləşdirildi ki, əks-inqilabçı millətçi təşkilatın Azərbaycan Dövlət Universitetində olan filialında 1937-1938-ci ildə fəaliyyət göstərən əks-inqilabçı millətçi üzvləri ilə bərabər Abbasov Xasay İsmayıl oğlu da həbs edilib. Bu iş xüsusi araşdırma tələb etdi. Bu səbəbdən iş digər istintaq işlərindən ayrılmış və dayandırılmışdır.

Qərar: X.İ.Abbasovun işi 12493 No-li kollektiv işdən ayrılsın və xüsusi icraya yönəlsin. Bu barədə Azərb. SSR XDİK-nın I xüsusi şöbəsinə məlumat verilsin” .

16 mart 1938-ci ildə ADU-nun partiya təşkilat katibi N.F.Davudov XDİK-da 43-cü otaqda əyləşən Dranişnikova cavab məktubu göndərib.

Müstəntiqin sorğusuna cavab olaraq universitet partiya təşkilatı X.Abbasovun communist partiyası üzvlüyünə namizədlikdən çıxarılması və onun haqqında olan bütün məlumatları istintaq orqanına göndərdiyini bildirib.

Cinayət işinin materialları içərisində maraqlı sənədlərdən biri 13 oktyabr 1937-ci ildə keçirilən ADU-nun partiya təşkilatının qapalı iclasının protokoludur.

Bu protokol Sovet hakimiyyəti dövründə bütün respublikada olduğu kimi, universitetdə də böyük təsir gücünə malik olan partiya təşkilatının rəhbərlərinin etnik kimliyini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Protokoldan aydın olur ki, partiya təşkilatının üzvləri və rəhbərlərinin əksəriyyəti qeyri azərbaycanlılardan, xüsusilə ermənilərdən ibarət olmuşdur.

“Eşidildi: Deyirlər ki, mənim atam keçmişin qalığıdır. Mən bunu rədd edirəm. Heç bir vaxt nə atam, nə də qardaşım keçmişin qalığı, kulak olmayıb. Atam meşəbəyi, qardaşım milis rəisi olub və banditlərlə döyüşdə öldürülüb.

1927-ci ildə onu səsvermədən məhrum ediblər. Hesab edirəm ki, Laçın rayonu partiya komitəsindən göndərilən məktub həqiqətə uyğun deyil, böhtandır. Qardaşım həmçinin XDİK-nın silahını gəzdirib.

Avakimyanın sualı:
Hansı rayonda partiyaya daxil olmusan?

Cavab: Orduda.

Danielyanın sualı:

1936-cı ilə qədər qardaşın silah gəzdirib. İndi o haradadır və onu niyə işdən çıxarıblar?

Avakimyan:

Söyləyin görək partiyaya namizədlik biletini necə təhvil vermisən. Yəqin ki, onu partkom və ya raykomun üstünə atmısan.
Həsənov:

Hansı orqan sübut edə bilər ki, qardaşınız bandit olmayıb?

Abbasov:

Mən bunu sübut edə bilmərəm. XDİK-dən soruşun, cavab versinlər.

Budaqyan:

Namizədlik biletini neçə dəfə itirmisiniz?

Abbasov:

İki dəfə.

Avakimyan:

Hesab edirəm ki, heç kimin raykomun məktubuna şübhə ilə yanaşmasına və onu böhtan
adlandırmasına haqqı yoxdur. Qoy o, sübut etsin ki, bu da böhtandır.

Budaqyan:

Abbasov iki dəfə biletini itirib. Bu özü şübhə doğurur. Qəribədir ki, raykom ona nəyə görə hər dəfə yeni vəsiqə verib. Rayon partiya komitəsinin məktubuna şübhə ilə baxmaq doğru deyil. Abbasovun bu qərarın doğru olmadığına dair ağıllı, tutarlı dəlilləri yoxdur. Təklif edirəm ki, partiya sıralarından xaric edilsin.

Manqasaryan: Mənə elə gəlir ki, Abbasov özünü namizəd kimi doğrultmayıb.

Avakimyan: Söyləyin, sənin Sadıqovla şəxsi əlaqən var?

Cavab: Bəli, var.

Avakimyan: Onda söyləyin, nəyə görə əlaqə saxlamısınız və bu əlaqədə məqsəd nə olmuşdur?

Danielyan: Abbasov deyir ki, bizə göndərilən məktuba inanmır, o doğru deyil. Söyləyir ki, onda doğru sənədlər var. Buyursun, o doğru sənədləri göstərsin.

Novixin: Hesab edirəm ki, Quliyevin (Partiya iclasının keçirildiyi dövrdə BDU-nun rektoru olmuş Quliyev Hüseyn İsrafil oğlu nəzərdə tutulur- B.Ə.) bugünkü partiya yığıncağında olmaması pisdir, doğru deyil. Abbasov nəyi isə gizlədir. Məsələn, mən Quliyevin otağına gələndə Abbasovu orada gördüm. O deyirdi: “Qoy Novixin çıxsın, onda danışarıq”. Bax, buna görə mən fikirləşirəm ki, Quliyev burada olsaydı o, Abbasov haqqında danışa bilərdi.

Bağırov Q: Abbasovun sosial mənşəyi haqqında təqdim edilən sənədlər və faktlar doğrudur. Onlar uzun müddət burada olmasına baxmayaraq Abbasov bir dəfə də olsun gedib bunun yalan olmasını sübut etməyə cəhd etməyib. Ona görə də partiyadan xaric edilsin.
Sadıqov Qara:

Mən 1937-ci ilin yayında partiya təşkilatının qərarı ilə Abbasov haqqında olan materialları yoxlamaq üçün Laçına göndərilmişdim. Yoxlama zamanı partiya üzvü Vəliyev mənimlə söhbətində Abbasovun atasının kulak olduğunu söylədi. Digər yoldaş dedi ki, Qaçay Qayıbov Abbasovun atasının muzduru olub. Onun atasının 60 baş iri mal-qarası, 200 metrlik at saxlanılan tövləsi və s. olub*. Laçın rayon partiya komitəsi ilə birgə müəyyən etdik ki, Xasayın qardaşı Qambay Abbasov 1934-cü ildə bandit olub.
Mənə məlum olduğuna görə Abbasov dörd dəfə biletini itirib. Qoy Abbasov özü desin ki, neçə dəfə biletini itirib? Xasay partiya təşkilatından gerçək əmək haqqını gizlədib və üzvlük haqqını doğru ödəməyib. Təklif edirəm ki, sosial mənşəyini gizlətdiyinə görə partiya sıralarından xaric edilsin.

Qərar: Partiya üzvlüyünə namizəd biletini iki dəfə itirdiyinə, sosial mənşəyini gizlətdiyinə, Laçın rayon partiya komitəsinə böhtan atdığına, qardaşının bandit olduğunu gizlətdiyinə, üzvlük haqqını düzgün vermədiyinə görə partiya sıralarından xaric edilsin. İclasın sədri, partiya təşkilatının katibi
Aleksandrov bildirir ki, partiya təşkilatı Abbasova vaxt verə bilərdi ki, o özünü gələcəkdə partiya üzvü kimi göstərsin, səhvlərini aradan qaldırsın. Amma o buna layiq deyil. Ona görə partiya sıralarından xaric edilsin.

İclasın sədri Aleksandrov, katib Plaksina”.

Bu qərarla razılaşmayan X.Abbasov 22 dekabr 1937-ci ildə AK(b)P MK-nin katibi M.C.Bağırova məktub yazıb.

*Qeyd:

Sovet hakimiyyəti çalışırdı ki, adamların şəxsi təsərrüfatı olmasın və onların
hamısı acından ölməmək, sağ qalmaq üçün sovet hakimiyyətinə möhtac olsunlar.
Əmlakı olmayanların, yoxsulların bərabərliyi olsun. Ac, yalavac qalaraq sağ qalmaq
üçün hökumətə minnətdar olub ona tabe olsun…

(Davamı var)

Təqdim etdi:

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.