Nazarbayev Lukaşenko arasında süd mübahisəsi: - “Bizə süd tozu itələyir...”
18-09-2015, 11:31
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Belarus prezidenti Aleksandr Lukaşenkonu onun ölkəsinə təbii süd əvəzinə süd tozundan hazırlanmış maye “itələməkdə” ittiham edib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Rusiya-Qazaxıstan regionlararası iqtisadi forumunda söhbət gedib. Forumda Rusiya və Qazaxıstan prezidentləri də iştirak edirdi.
Nazarbayev deyib ki, Avrasiya İttifaqına daxil olan ölkələr arasında ərzaq məhsullarının tərkibinə və xammalın keyfiyyətinə dair yeni standartlar, dəqiq texniki reqlamentlər tətbiq edilməlidir. Belə standartların olmaması nəticəsində bəziləri bazarda haqsız rəqabət imkanları əldə edir. “Elementar olaraq təbii və tozdan hazırlanmış süd arasında dəqiq sərhəd müəyyən edilməyib. Biz dostumuz Aleksandr Qriqoryeviçlə mübahisə edirik, o, bura süd tozu itələyir, süd tozu qarışdılıb satılır. Bu, heç də təbii süd deyil”-Nazarbayev bildirib.
Qazaxıstan prezidentinin sözlərinə Rusiya prezidenti Vladimir Putin də dəstək verib: “Bu, əslində süd deyil, süd içkisidir”.
“Bəli, süd içkisidir, Qərbdə onu məhz belə hesab edirlər. Ancaq onu burada bizim istehsal etdiyimiz təbii südün qiymətinə satırlar. Yəqin o (Lukaşenko) burada olsaydı mənimlə möhkəm mübahisə edərdi, ancaq vəziyyət doğrudan da belədir”-Nazarbayev sözlərinə davam edib.
“Bizim süd istehsalçıları sual edir ki, bu necə ola bilər? Bizim südün keyfiyyəti ilə bu süd tamam ayrı şeylərdir. Bizdə isə sərhəd yoxdur, bunda özümüz günahkarıq. Təbii süd istehsalçıları ilə bərpa olunmuş süd istehsalçıları arasında ədalətli rəqabət olmalıdır”-Qazaxıstan prezidenti deyib.
Qeyd edək ki, süd tozundan hazırlanmış süd üstündə Belarusla Rusiya arasında 2009-cu ildə ciddi iqtisadi qarşıdurma yaranıb. İki ölkə arasında “süd müharibəsi” zamanı Rusiya Belarusdan süd və süd məhsullarının idxalına qadağa qoyub, əvəzində Lukaşenko Rusiyadan ölkəyə süd və süd məhsullarının idxalını dayandırıb. Həmçinin genişmiqyaslı antirusiya kampaniyası başladıb. Ancaq sonda Belarus Rusiyanın tələbləri ilə razılaşaraq bu ölkəyə təbii süd və “süd içkisi” idxalını ayırıb.