Rəsmi İrəvan 10 noyabr anlaşmasını pozmaqda davam edir - NƏ ETMƏLİ?

27-07-2021, 11:49           
Rəsmi İrəvan 10 noyabr anlaşmasını pozmaqda davam edir - NƏ ETMƏLİ?
Ermənistan üçtərəfli anlaşmanı kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmaqda davam edir. Son günlər atəşkəsin davamlı olaraq pozulması rəsmi İrəvanın ötənlərdən kifayət qədər dərs çıxartmadığını bir daha təsdiqləyir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib. İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Qeyd edək ki, iyulun 25-də də radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

İyulun 23-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində isə qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində yaralanan 3 erməni hərbçidən biri ağır vəziyyətdədir.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən həftə AzTV-yə müsahibəsində deyib ki, ermənilər hələ də müharibədən nəticə çıxarmayıblar. Dövlətimizin başçısı Ermənistana növbəti xəbərdarlığını kəskin şəkildə ifadə edib.

Məlumata görə, Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə atəşkəsin mütəmadi olaraq pozulması və xüsusən gecələr gərginlik yaranması səbəbindən Zod (Söyüdlü) qızıl mədəninin Ermənistan ərazisində qalan hissəsində işləyən fəhlələr bu gün təcili olaraq təxliyə edilib. Hafta.az xəbər verir ki, erməni mediası bu haqda sözügedən mədənin istismarını həyata keçirən Rusiyanın “GeoProMining Gold” şirkətinin mətbuat xidmətinə istinadla məlumat yayıb. “Sərhəddə ciddi gərginlik yaşandığını, mütəmadi nizamsız atəşlər açıldığını və işçilərin sərhəddəki döyüş mövqelərinə yaxın ərazidə çalışdıqlarını nəzərə alan şirkət rəhbərliyi fəhlələri təxliyə etməyə qərar verdiyini bildirib. İşçilərdən heç biri xəsarət almayıb. Təxminən 150 fəhlə təxliyə edilib” - xəbərdə belə deyilir. Ermənistanın həmsərhəd bölgədə yaşayan əhalisi arasında da ajiotaj yaşanır. Ancaq heyrət doğuran budur ki, heç olmasa erməni xalqı sərhəd boyunca təxribatlara əl atan hakimiyyətə, onun silahlı qüvvələrinə bu təhlükəli oyunlara son qoymaq çağırışı etmirlər.

Heç şübhəsiz, Azərbaycan qarşısına qoyduğu hədəflərə çatacaq, buna şübhəmiz yoxdur. Məlumata görə, Kəlbəcər ərazisindəki Xudavəng alban kilsəsində məskunlaşmış erməni keşişləri oranı tərk edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Xudavəngdəki keşişlərdən biri Nerses Arutyunyan bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq üç aydır ki, erməni keşişlərinə Xudavəng monastırına daxil olmağı qadağan edir. “Onlar həmişə hansısa səbəb tapırlar, gah pandemiyanı, gah yolun dağılmasını əsas gətirirlər. İndi isə onlar, sadəcə olaraq, deyirlər ki, ”yox, vəssalam"", - keşiş bildirib. O deyib ki, monastrda cəmi 6 keşiş xidmət edirdi. Baxmayaraq ki, onlar məişət problemləri ilə üzləşirdilər, monastırı tərk etmək istəmirdilər. “Lakin may ayından bəri bizim monastıra daxil olmaq imkanımız yoxdur. Hazırda monastırdakı keşişlər Qandzasar (Ağdərədə yerləşir,-red.) kilsəsindədir. Rusiya tərəfi erməni keşişlərinin monastra qayıtması üçün danışıqlar aparır”, - o deyib. Təxribatların davamı gəldikcə, Azərbaycan həm sərhəd bölgəsi boyunca sərt tədbirlərini davam etdirəcək, həm də Qarabağdakı qanunsuz birləşmələrin neytrallaşdırılması istiqamətində hərəkətə keçəcək, bu, şübhə doğurmur.

İrəvanın təxribatçı davranışları ölkə xaricində də diqqətlə izlənilir. Türkiyənin “TRT Haber” telekanalı təhlükəsizlik qaynaqlarına istinadən Ermənistanın “qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri döndüyünü” bildirir. “Təhlükəsizlik qaynaqları sərhəddə baş verən son atışmaları Ermənistanın qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri dönməsinin göstəricisi kimi qiymətləndirir”, - məlumatda bildirilir. “Bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə Ermənistan bu təxribatlara əl atır”, - mənbələr deyib.

“Ermənistan kənar ölkələrdən, öz diasporundan mədət ummaq adətindən əl çəkməlidir”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, biz Qarabağ zəfərindən sonra təklif edilən “altılıq” platformasını dəstəkləyirik: “6 ölkənin- Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın müştərək bir platforma çərçivəsində problemlərin öz aralarında həll etmələrini ən doğru yol olduğu qənaətindəyik. Azərbaycanla Ermənistan arasında problemlərin çözülməsinin yolu da hər iki ölkənin müharibədən sonra bu sülh ortamının davam etdirilməsindən keçir. Problemləri danışaraq, görüşərək müzakirə etmək lazımdır. Ermənistana tövsiyəmiz budur. Ermənistanın başqa ölkələrə güvənərək, öz diasporunun gücünə arxalanaraq Azərbaycana qarşı təxribatlar törətməsinin erməni xalqına da faydası olmadığını artıq anlaması lazımdır. Bundan sonrakı mərhələdə Ermənistanın təmkinli davranması onların özü üçün də faydalıdır”.

Ancaq bu gün hər birimizi düşündürən məsələ var: Azərbaycanın dözümlü yanaşması hara qədər davam edəcək? Özünü “küçə uşağı” kimi aparan düşmənin özbaşınalıqlarına, cinayətlərinə qarşı susqunluğumuzu, soyuqqanlılığımızı saxlamalıyıqmı? Antiterror əməliyyatları keçirmək üçün fürsətimiz yaranıbmı, yoxsa ermənilər bizi bu cür təxribata çəkməyə çalışır? İstənilən halda düşmənin son davranışlarının cavabı verilməlidir, bu məsələdə bütün ictimaiyyətin yekdil rəyi var, dövlətimiz də qətiyyətlidir.

Deputat Ceyhun Məmmədovun fikrincə, görünən odur ki, Ermənistan 44 günlük müharibədə baş verənlərdən düzgün nəticə çıxarmayıb: “Ermənistan bu əməllərlə Azərbaycanı təxribata çəkməyə, müharibənin bitmədiyi görüntüsü yaratmağa, status məsələsini gündəmdə saxlamağa, beynəlxalq təşkilatların, bir sıra xarici dövlətlərin haqsız mövqeyinə dəstəyini almağa çalışır. Ancaq Ermənistan anlamır ki, bununla heç nəyə nail ola bilməyəcək. Bu minvalla iqtisadiyyatı və ordusu daha da uçurumun dibinə yuvarlanacaq. Ermənistan bu təxribatların qarşılığını alır və hər zaman alacaq. Bu gərginliyin ağrı-acısını Ermənistan daha çox çəkəcək, heç nəyə nail ola bilməyəcək”. Millət vəkili hesab edir ki, Azərbaycan soyuqqanlılığını qorumalı, hadisələrə təmkinlə yanaşmağa çalışmalı, paralel olaraq da zəruri tədbirləri həyata keçirməlidır: “Çünki müharibənin bitməsini, bölgəyə sülhün gəlməsini Azərbaycan daha çox istəyir. Ermənistan isə məsuliyyət və reallıq hisslərini itirib, həmişəki kimi, alət rolunu oynayır”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan siyasi-hərbi rəhbərliyi, deyəsən, həqiqətən də başını itirib: “Son hadisələr bunu deməyə əsas verir. Ermənistanın ötənilki məğlubiyyətinin səbəb və nəticələrindən dərs çıxarmaması Azərbaycana yaxın vaxtlarda məhz öz gücü hesabına antiterror əməliyyatlarını başlamaqdan başqa bir yol qoymur. Ermənilər və onlara gah açıq, gah da gizli havadarlıq edən rus-fransız cütlüyü, bəzi hallarda da amerikalılar unutmamalıdırlar ki, bizim də səbrimizin həddi var. Biz öz əsgər və zabitlərimizin erməni alçaqları tərəfindən xaincəsinə avtomat və ya pulemyotlardan, snayper tüfənglərindən atəş açılaraq, ya yaralanmasına, ya da şəhid olmasına uzun müddətə dözmək niyyətimiz yoxdur. Bunun yaxın vaxtlarda Ermənistan üçün 2020-ci ilin sentyabrında baş vermiş faciələrdən də daha sarsıdıcı olacağını onlar unutmamalıdırlar”. Polkovnik Cəfərov düşmənə xəbərdarlıq etdi: “Yaxın günlərdə Ermənistana neçə-neçə erməni hərbçilərinin tabutları gedəndə Nikol Paşinyan və başının başıpozuq dəstəsi ayılacaq. Ancaq onda gec olacaq. Bu gün erməniləri bu və ya digər formada şirnikləndirən havadarları da onlara kömək edə bilməyəcəklər. Mənasız və heç nəyi dəyişməyən bəyanatları da onların həyatlarını itirəcək gənc əsgər və zabitlərini geri qaytarmayacaq. Ermənistan, sadəcə, başını hər mənada itirib. Ordusunda baş alıb gedən özbaşınalıqlar, Nikol Paşinyandan narazı ordu komandanlığı baş verənlərdən maksimum öz maraqları naminə yararlanmağa çalışır. Yaxın günlərdə də bu yaramazlıqlar daha qaba və daha kobud şəkildə davam edəcək. Bunu Azərbaycan siyasi-hərbi rəhbərliyi də bilir və çox sərt addımlar atılacaq. Ötən həftə Beyləqandan olan şəhid gizirimiz Fərman Yaqublunu xaincəsinə snayper atəşindən qətlə yetirdikdən sonra düşmənin bir neçə əsgəri cəhənnəmə vasil oldu, daha bir neçəsi yaralandı. İndi bunlar guya həm o itkilərinin, həm də onsuz da batmaqda olan nüfuzlarını guya bərpa edəcəklər xülyalarına görə bu cür təxribatları davam etdirmək istəyirlər. Əbəs yerə yenə öz əsgər və zabitlərini qırdıracaqlar. Ümumilikdə, yaxın bir neçə günə erməni hərbçilərinin itkilərinin sayı onlarla olacaq. Bunu hamımız görəcəyik”.

Azərbaycanın Qarabağla, həmçinin demarkasiya və delimitasiya məsələləri ilə bağlı geridönməz siyasətini bu günlərdə davamlı şəkildə müşahidə etməkdəyik.

Kəlbəcər rayonunun ardınca, artıq Laçın rayonunun yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi başa çatıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla, 15 arıçılıq təsərrüfatının Laçın yaylaqlarına köçürülməsi təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından bildiriblər ki, artıq Laçın rayonundan olan fermerlərə məxsus 15 arıçılıq təsərrüfatının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması həyata keçirilib. Azərbaycanın böyük qayıdışı min bir dərdin dərmanının istehsalçısı olan arı ailələrindən başlayır. İnşallah, infrastruktur layihələri gerçəkləşəndən sonra azad Qarabağın hər bucağı insan nəfəsi ilə isinəcək, ermənilər nə qədər gec deyil, ayılmalıdırlar. Əks təqdirdə, dəmir yumruq hazırdır...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.