Prezident konkret işarə verdi (VİDEO)
5-05-2015, 00:54
Bakı Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına ev sahibliyi edib. Paytaxtda yeni istifadəyə verilmiş Bakı Konqres Mərkəzində baş tutan açılış sessiyasında prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao iştirak edib.
66 dövlətin maliyyəçilərinin toplantısında prezident İlham Əliyev Azərbaycan iqtisadi vəziyyəti barədə danışıb. Dövlət başçısı həmişəki kimi beynəlxalq tədbirin tribunasından Azərbaycanın əsas problemi - Dağlıq Qarabağ münaqişəsinin həllindəki vəziyyət barədə də toplantı iştirakçılarını məlumatlandırıb.
21-ci əsrdə işğala görə bir dövlətin cəzalandırılmaması təəccüb doğurur. Prezident İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısındakı çıxışında diqqəti Azərbaycanın əsas problemi olan Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaiqşəsinin həlli bağlı mövcud duruma yönəldib:
“Bir milyon soydaşımız qaçqın və məcburi köçkündür, etnik təmizləmədən əziyyət çəkmişik. Ermənistan qoşunları Azərbaycanda etnik təmizləmə siyasəti həyata keçirib. 20 ildən artıqdır, sülh danışıqları nəticə vermir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərdir, masa üzərindədir, əməl olunmur. Bu da göstərir ki, beynəlxalq hüquq müəyyən maraqlar, müəyyən ölkələrin təsiri nəticəsində tətbiq edilir”.
Prezident bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Daha sonra dövlət başçısı ölkədə həyata keçirilən iqtisadi islahatlardan söz açıb, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşməsilə dünyanın enerji xəritəsini dəyişdirdiyini vurğulayıb.
Prezident bəyan edib ki, enerji təhlükəsizliyi bu gün təbii qaz sərvətləri ilə bağlıdır: “Cənub Qaz Dəhlizi”nin inşası başa çatdıqdan sonra 100 il Avropanın, qonşularımızın enerji təchizatçısı olacağıq".
Yerli iqtisadiyyatın neft və qazdan asılılığının azaldılmasına çalışıldığını deyən prezident Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edəcəyini qeyd edib.
Azərbaycanda bütün azadlıqlar təmin edilib. Sərbəst toplaşma azadlığı təmin edilib, əhalinin 75 faizi internet istifadəçisidir. Prezident Asiya İnkişaf Bankının dəstəyilə Azərbaycanın daha böyük inkişafa imza atacağından əminliyini bildirib.
Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao isə Bankın maliyyə qabiliyyətinin 2017-ci ilədək 50 faizə qaldırılacağını deyib. Əlavə edib ki, bankın strategiyasına yeni innovasiyalardan istifadə, investisiya bankının yaradılması, yeni qlobal təşəbbüslərin dəstəklənməsi, həmçinin yoxsulluqdan əziyyət çəkən ölkələrə maliyyə yardımının göstərilməsi də daxildir.
Tədbirin sonunda Azərbaycanın tarixini, mədəniyyətini, malik olduğumuz zəngin dəyərləri özündə ək etdirən kompozisiya təqdim olunub.